Ədliyyə sistemində dövlətin qanunu yox, rəislərinin “qaydaları”nı rəhbər tutan kimlərdir?

Görəsən Abşeron icra və probasiya şöbəsi niyə Azərbaycan Respublikasının qanunları ilə idarə olunmur. Maraqlıdır ki, Abşeron icra və probasiya şöbəsi məhz Azərbaycan Respublikasının inzibati ərazisində yerləşiir. Görünən budur ki, nə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, nə də Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının direktivləri Abşeronda yerləşən icra məmurlarının kabinetlərinə nüfuz edə bilməmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) könüllü əsaslarla işləyən əməkdaşı, Veteran.az saytının redaktoru, Şuşa şəhərindən məcburi köçkün, Qarabağ qazisi və Vətən müharibəsi veteranının oğlu Nurlan Məmmədov artıq 1 ildən çoxdur ki, haqsızlığın, ədalətsizliyin və hüquqsuzluğun qurbanına çevrilmişdir. Nurlan Məmmədov Yeni Azərbaycan Partiyasının (YAP) fəal üzvlərindəndir. Ali təhsil müəssisəsində müəllim işləyir. Hər zaman tələbələrinə hüquqi dövlətin vətəndaşı kimi dövlətin, Azərbaycançılıq ideyalarının təməl prinsiplərindən danışan müəllimin özü indi məmur özbaşınalığının, nepotizmin və bürokratyanın tüğyan etdiyi bir qrup vəzifə səlahiyyətlərindən sui-istifadə edən dövlət içində hörümçək toru qurmuş qansoran qansızların şikarı olmaqdan qurtulmaq üçün fəryad edir. Nəinki ağır onkoloji xəstəlikdən əzab çəkən anasının və özünün müalicə xərclərini, hətta kommunal ödənişləri belə həyata keçirməyə imkanları olmayan bu ailənin başına gətirilənlərlə tanış olduqca insanı vahimə bürüyür. Əgər Qarabağ qazisinə, dövlətçiliyin və qanunun aliliyinin prinnsiplərinə hörmət etməyi öyrədən ziyalı müəllimin başına bu oyunu açırlarsa, indi görün sıravi vətəndaşlara, səsini çıxarıb öz hüquqlarını bilməyən məzlumlara necə qan uddururlar.

Məsələnin maraq doğuracaq məqamı isə vətəndaşın Abşeron icra və probasiya şöbəsindən yuxarı instansiyyalara etdiyi şikayətlərin cavabsız qalmasıdır. Vətəndaş yuxarı instansiyaya tabe qurumdan şikayət göndərir. Yuxarı instansiya isə vətəndaşın şikayətini şikayətçi olduğu quruma göndərib şikayətin baxılmasını xahiş edir. Doğrudan da ürəkbulandırıcı bir kontrast və təzad yaranır. Halbuki “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda açıq şəkildə ifadə olnumuşdur ki, vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır (Maddə 7.13). Maddənin tələbi o qədər aydın izah edilmişdir ki, sözügedən maddəyə Konstitusiya Məhkəməsinin əlavə şərh verməsinə ehtiyac da qalmır. Amma görünür Abşeron icra və probasiya şöbəsinin rəhbərliyi və şöbənin icra məmuru Eltac İskəndərov öz işlərini dövlətin qanunu ilə yox, xüsusi «qaydalar» ilə icra edirlər.

İndi isə gəlin işin mahiyyətinə nəzər salaq və qanunu «qaydalara» çevirən «ustal»ların pəstahalarını üzə çıxaraq.

Şuşa rayon məhkəməsinin 2(077)-22/2021 saylı, 13.01.2022-ci il tarixli qərardadı ilə vətəndaş Nurlan Məmmədovun apellyasiya ərizəsi nəzərə alınmış və ərizə baxılması üçün Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şuşa rayon məhkəməsi eyni zamanda Abşeron icra və probasiya şöbəsinə icranın dayandırılması ilə bağlı məlumat yollamışdır.

Bütün bunlara baxmayaraq vətəndaş hər ehtimala qarşı poçt vasitəsilə də icranın dayandırılması üçün Abşeron icra və probasiya şöbəsinə ərizə ilə müraciət etmişdir. Şikayətçi bildirir ki, bu addımı Abşeron icra və probasiya şöbəsi ona qarşı qərəzli mövqe nümayiş etdirdiyi üçün atmışdır. Biz şikayətçidən nə üçün dövləti təmsil edən, xüsusilə ədaləti təcəssüm etdirən bir qurumun vətəndaşla nə kimi şəxsi qərəzliyi olmasını soruşduq. Şikayətçi bildirdi ki, ürək xəstəsi olduğuna, himayəsində də onkoloji xəstə olan anasının olmasına, özünün II qrup əlil xəstəliyinə, «Kapital Bank» ASC qarşısında birgə nikah dövründə imzaladığı kredit öhdəliyinin olmasına və əmək haqqının 1/4 miqdarında aliment ödədiyicisi olduğuna baxmayaraq Eltac İskəndərov qeyd olunan diqqətəlayiq halları nəzərə almayaraq onun əmək haqqından bütün çıxılmalardan sonra yerdə qalan məbləğin 50% miqdarında ipoteka ödənişi üçün məcburi tutulma aparmışdır. Həmin bu tutulmadan sonra yerdə qalan məbləği də (əgər qalırsa) «Kapital Bank» ASC akseptsiz qaydada tutur. Beləliklə vətəndaşın əmək haqqı kartı ən yaxşı halda sıfırı, əksər hallarda isə mənfini ifadə edir.

Belə olduğu halda Azərbaycan müəllimi işə getmək üçün yol pulunu hardan əldə etməlidir?!

Halbuki N.Məmmədov ipoteka ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda birmənalı olaraq qeyd edilmişdir ki, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək dayandırılmalıdır (Maddə 19.1.6). Lakin göründüyü kimi bu qanunlar Abşeron icra və probasiya şöbəsinə aid deyil.

P.S. Abşeron icra və probasiya şöbəsinin diqqətinə israrla çatdırırıq ki, vətəndaş N.Məmmədov sizin «qaydalarla» «oynamayacaq». Buna nə onun nə də ailəsinin maddi imkanları yoxdur. Mövzu diqqətimizdədir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) çoxsaylı veteranları Qarabağ qazisinin oğlunun haqlı və qanuni tələbinin arxasında sona qədər dayanacaqdır. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Milli Məclisinə kollektiv müraciət ünvanlayacaqdır.

Ümid edirik ki, mövzuya qayıtmağa lüzum qalmayacaq. Çünki haqlı olanı qova-qova «namərd etmək» sifarişini kimlər verir? Bir ziyalını bu kökə salan icra və probasiya şöbəsi gör sadə vətəndaşların başına nələr gətirir?

Elnur Səlim

Bu xəbəri paylaşın: