Putin Ərdoğana dedi ki, biz buna hazırıq — Kreml. Ukrayna da Ərdoğanın təklifinə RAZILIQ VERİB

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə telefon danışığı zamanı ölkəsinin türk tərəfdaşları ilə razılaşma çərçivəsində Qara dənizdə yüklərin dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

«Vladimir Putin Rusiya tərəfinin türk tərəfdaşları ilə razılaşdırılmaqla yüklərin maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib. Bu, Ukrayna limanlarından taxıl ixracına da aiddir», — məlumatda deyilir.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub.

Rəsmi Kiyev Türkiyə Prezidenti Ərdoğanın ukraynalı və rusiyalı həmkarları Volodimir Zelenski və Vladimir Putini birgə konfransa dəvət etməsinə ilkin razılığını verib.

Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, Kiyev Putinin buna razılıq verəcəyi təqdirdə belə bir danışıqlar formatını nəzərdən keçirməyə hazırdır.

“Bu nə dərəcədə doğrudur, onu deyə bilmərəm – həmin razılaşmalar Türkiyə və Rusiya prezidentləri arasında olub. O ki qaldı Ukrayna Prezidenti Ofisinin mövqeyinə, əgər Rusiya Prezidenti buna razılıq versə, biz də buna baxacağıq”, – Nikiforov bildirib.

Yerli mətbuatın xülasəsindən

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: