İmişli rayonunda “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi» adlı konfrans keçirilib.
Bu gün İmişli rayonunda “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi» adlı konfrans keçirilib.
Konfrans Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunub. Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Zərdab, Beyləqan, Xocavənd və Füzuli rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab, Beyləqan, Xocavənd rayon şöbələri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Yəqin ki, diqqətinizdən yayınmadı ki, İmişli rayonunda keçirilən tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsini İmişli rayon İH Başçısı tədbirə buraxmayıb. «Dostumuz» heç olmasa qonşu rayonların başçılarından örnək götürmək əvəzinə, yenə öz ampulasında qalıb. Adama deməzlər ki, bəs bu İmişlinin İcra Hakimiyyəti başçısının ən xoşlamadığı şey, elə ictimai nəzarətdir. Hətta deyərdik ki, bu yoldaşın bu sözə qarşı allergiyası var. Belə tədbirləri İmişlidə keçirmək, elə başçı cənab Elçin Rzayevə sataşmaqdı.İnanmırsınızsa, özündən soruşun. Qazilərin problemini dediyinə görə, möhtərəm başçı 5 sutkalıq həbs etdirdiyi Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqovdan «küsüb». Tədbirə çağırmaq nədir, vallahi əlacı olsa rayondan sürgün elətdirər. Nəinki, Taleh Tapdıqovu, elə bütün müharibə veteranlarını rayondan çıxardıb qovar.
Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov bildirdi ki, İmişli Regional Asan Xidmət Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında məlumat verib.

Tədbirdə dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışılıb. Bildirilib ki, “Bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb və bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşiblər”.
Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam etdirilib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.
Fedai.az