44 günlük Vətən savaşının 45-ci günü…

  • XAQANİ ƏDƏBOĞLU, AVMVİB Mətbuat Xidmətinin rəhbəri

III YAZI

(I YAZI — https://fedai.az/?p=72244, II YAZI — https://fedai.az/?p=72431, III YAZI — https://fedai.az/?p=72929)

Bu Vətən üçün veriləcək 1-dən artıq canım olmadığı üçün üzgünəm…
(Nathan Hale (Natan Heyl) — Amerika Azadlıq Müharibəsi zamanı Kontinental Ordunun əsgəri)


Bizim nəslin gəncliyi olmadı. Biriləri də gəlib bizim arzularımızı oğurladı. Sonra Vətənimizə əl uzatdılar. Ana təhqirinə görə, adam öldürməyə hazır olanlar, öz analarını götürüb aradan çıxdılar və analarımızın Anası olan Vətən ortada kimsəsiz qaldı. Bizlərə deyən olmadı ki, ananızı qorumaq əvəzinə, anamızı doğan Ana Vətəni qorumaq vacibdi. Biriləri bizim sadəlövhlüyümüzdən həsir kimi istifadə elədilər. Acı həqiqətlərə deyil, şirin yalanlara uyduq. Bizim gəncliyimiz olmadı və bu günümüz də yoxdur…


Düşmən tərəfi illərdir ki, bizim dirənişimizi kiçiltmək üçün, elə içimizdəkilər sayaq Birinci Qarabağ müharibəsində öz itkilərini azaltmaqla məşğuldur. Azərbaycan tərəfi isə itkilərini artırmaqla «qəhrəman» obrazı yaratmağa çalışırlar. Xüsusən də rus ordusunda «rəqibin gülləsini bitirənədək canlı qüvvə itkisi» təlimi görmüş bəzi mənşəyi bilinməyən komandirlər («Пушечное мясо», həqiqi mənada «food for powder» — «barıt üçün yem», ingilis dilində «cannon fodder» — «barıt yemi») itki vermək yarışına girmişdilər. Haradasa bir məntəqəni azad etməklə deyil, bu cür komandirlər verdikləri itki ilə öyünürdülər. Rus hərbi mirası ilə xəyanəti birləşdirib cəbhəyə daşımışdılar. Bu sindrom xalqa da sirayət etmişdi. Döyüşmüsənsə, «niyə ölməmisən» kimi absurd bir arqument hələ də qalmaqdadır.


Düşmən tərəf 1991-1994-cü illərdəki itkiləri haqqında heç zaman düzgün statistika yaymayıb. Ermənistan tərəfində vuruşan Fransadan göndərilən 700 nəfərlik terrorçu legion (bu terror qrupunun bütün xərclərini o vaxtkı prezident Fransua Mitteranın arvadı Daniela Mitteran qarşılayırdı), Suriya-Xankəndi əlaqələri o vaxtlar Suriyadan yerli ermənilərdən ibarət dəstələr (Qarabağda döyüşlərdəki iştiraklarını özləri etiraf ediblər), Livan erməni terrorçuları, xüsusən Vekaa vadisindən gəlmiş terror qruplarının lideri ASALA-nın liderlərindən olan, həmçinin ASALA İnqilabi Hərəkat qanadının terrorbaşı Monte Melkonyanın Yaxın Şərqdən olan dəstəsi (Bu terror faktını ermənilər heykəlləşdiriblər), Livanda Dаşnakstsuyutun partiyası fəalı, terrorçu Jirayir Səfilyan, Cənubi Osetiyadan gəlmiş Mirza Abayevin başçılıq etdiyi osetin qruplaşması, 366-cı polkun tam heyəti, Pskov hücum desant polkunun səfərbərlik adıyla çağırılmış ehtiyyatda olan «partizanları», Ermənistanda dislokasiya edilmiş 7-ci ordunun hərbi birlikləri (Bu qruplaşmaya aid olan Dağ-piyada desant dəstəsi Başgüneypəyədə tam heyətlə məhv edilmişdi), Əskəranda yerləşən kazak polku üzvlərin sayı 850-900 nəfər olması deyilirdi və bildirək ki, bu toplumu haylar uydurma «armenoid» nağılı ilə aldada biliblər. Guya kazaklar «armenoid imişlər» və Ümumrusiya Kazaklar Birliyinin atamanı İvan Kononovun mətbuatda dərc edilmiş açıqlamasına görə, Qarabağ müharibəsində erməni ordusuna dəstək olmaq üçün 89 kazak iştirak edib (burada bir «0» əskik gəlir), onlardan 14 nəfəri döyüşlərdə ölüb (Bu say isə 200 nəfərdən artıqdır). Bu il mayın 28-də işğal olunmuş ərazilərdə olan rus kazaklarının rəhbəri bildirmişdi ki, “müharibə bitmədiyindən rus kazakları hələ də erməni ordusunun dəstəyi olacaq”. Bu muzdlu döyüşçülərin itkiləri erməni statistikasında əks olunmayıb.


Təcavüzə məruz qalan Azərbaycana qarşı ABŞ, 907-ci düzəlişi qəbul etmişdi. İran isə, Ermənistana, həm kəşfiyyat, lojistik dəstək verir, həm də ərzaq təminatını həyata keçirirdi və Türkiyə isə bizimlə qardaşlıq etmirdi. Üç antoqonist imperiya bu məsələdə uzlaşırdılar. Azərbaycan adlı bir ölkənin başı üzərində ölüm təhlükəsi vardı və daxildəki qüvvələrin gözləri hakimiyyət uğrunda mübarizədən qeyri heç nə görmürdü. Qara dəniz Xəzər arası zolağın türksüzləşdirilməsi və rus faşizminin İNOBİS planı işə salınmışdı. Bunu bilib kənarda duran və düşmənə köpəklik edənlərin bu günədək qiymətini verdikmi? Ölkənin 80%-ni qorumaq bizim missiyamız idi. Bunca xəyanətkarlara rəğmən, bacardıq.


İndi də müharibədən dönmüş qazilərə əlillik təyinatı verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Tibbi-Sosial Ekspertiza Agentliyinin sədri Anar Bayramov əsgərlikdə olmaması ilə bağlı deyir ki, oxuduğu universitetin hərbi kafedrası varmış. Hətta ona leytenant rütbəsi də veriblərmiş və doktoranturanı bitirdiyinə görə müharibəyə getməyə vaxtı olmayıb. Amma lazım gəlsə gedəcək. Bunların Lazımının nə vaxt gələcəyi heç bəlli olmaz. Mən təhsil aldığım 1026-cı qrupun oğlanları 1989-cu ildə ilk tələbə dəstəsi kimi Qarabağa yollanmışdı. Hərçənd bu ilkinliyə də sonralar göz dikənlər oldu. Özü də BDU-nun da hərbi kafedrası vardı və heç kimə bu kafedrada demirdilər ki, Vətən qorumağa getmə…

…Fransız yazar Andre Morua «18 yaşlı gəncə həyat haqqında məktub» adlı traktatında Ruan Unifersitetinin dialektik filosofu və professoru Alen haqqında yazır. Alen hesab edirdi ki, ölkəyə ağıllı və fəal sıravi vətəndaşlar lazımdır. Ona görə də müharibə başlayan kimi Alen professor kimi fəaliyyətini dayandırıb sadə vətəndaş kimi cəbhəyə yollanır. Birinci Dünya müharibəsinə yollanan professor sıravi əsgər kimi döyüşür və yaralanır. Onun professor olduğunu biləndə ona kapral rütbəsi vermək istəsələr də, Alen imtina edir və yenidən əsgərlərin yanına qayıdır… Bizdə isə müharibədə olmayıb döyüşçü haqqında, döyüş haqqında fikir yürüdənlərə «sən niyə müharibəyə getməmişdin?»- deyə soruşanda, maraqlı cavablar alırsan: Meydan «igidləri» — «məni öldürərdilər, digərləri-mən işləyirdim, mən oxuyurdum». Sən demə düşmən bizim başımızı sığallayacaqmış…


Bunları dinləyərək düşünürəm ki, bu ölkədə bizdən axmağı yoxmuş. Mən özümün simamda cəbhəyə gedən bir Azərbaycan əsgəri haqqında danışacağam. Bu günədək dinlədim, «tankın lüləsindən tutub yerə vuran qəhrəmanlardan» tutmuş, əsil döyüşçüləri ittiham etmək cürətində olan üzdəniraqları, yəni fərariləri dinlədim. Daim reklamdan uzaq durdum. Çünki mən öz vətəndaş borcumu yerinə yetirmək üçün getdiyimi bilirəm.


1991-ci ildə cəbhəyə, əsasən könüllülər gedirdi. Nə tələbələri, nə də jurnalistləri aparmırdılar. Mən həm əyani oxuyurdum və həm də «Gənclik» jurnalında işləyirdim. Bu baryerləri aşmaq üçün və vəziyyətin günbəgün kritikləşdiyini görüb əyani oxuduğum Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinə ərizə ilə müraciət edib qiyabiyə keçdim və işlədiyim «Gənclik» jurnalına da işdən azad olunmaq üçün ərizə yazıb (Böyük şairimiz və redaktorumuz Məmməd İsmayıl ərizənin üstünü yazmamışdı və Sabir Sarvanı (Allah rəhmət eləsin!) Ağdərəyə arxamca göndərmişdi) getdim. O dövrü xatırlayanlar «Gənclik» jurnalında işləməyin nə olduğunu yaxşı bilirdilər. İki qardaşım orduda idi. 3 azyaşlı övladını, Sovet Ticarəti texnikumunda işini buraxıb zabit kimi əfsanəvi Birinci batalyonun qurucularından olan Füzuli Rzaquliyev və kənddə yaradılmış özünümüdafiə batalyonuna isə böyük qardaşım Nizami yazılmışdı.


Səhəri Sovet ordusunun azərbaycanlı «silah maklerləri»ndən 180 manatlıq o vaxt kənddə ehtiyac duyulan 7,62 mm — lik patron, bir də pulsuz 1 yeşik F-1 əl qumbarası əldə edib Vətən qorumağa yollandım. Məni kimsə çağırmamışdı və Ağdamda rastlaşdığım ilk tanış mənə dedi ki, adamlar buradan qaçıb gedirlər, sən də işini buraxıb hara gəlmisən?


Qərarımı vermişdim. Bu qərar mənim çağrışımdı. Çünki aydın görürdüm ki, bu adamların çoxu bizim vətənpərvərliyimizdən öz şəxsi ambisiyaları, hakimiyyət ehtirasları üçün istifadə edir. Bunların əməlləri qarşısında qələm çox gücsüz görünürdü…


…1991-ci ilin oktyabrında postları, ehtimal olunan hücum istiqamətlərini və bütün 17-70 yaşlı insanları səfərbər etdik. Ehtiyat və müdafiə qüvvələrini müəyyən etdik. Eyni işlər bütün Ağdərə kəndlərində görülməkdəydi. Çünki yerli xalq kimsəsizliyi qəbul etmişdi. Düşməni ikiyə parçalayan və Ağdərə ilə Xankəndinin əlaqəsini kəsən bir mövqedə olsaq da bizə tanka qarşı 1 ədəd qrantamyot verilmədi. Müdafiə ilə yanaşı düşməni qorxu altında saxlamağa çalışırdıq. Burada hərbçi olmayan, amma bəzi hərbçilərdən çox üstün döyüş qabiliyyəti olan insanlar yetişmişdi. Amma Azərbaycan adlı bir məmləkət bizi görməzdən gəlir və hətta utanmadan Ağdərəyə «erməni torpağı» deməkdən də çəkinmirdilər.


1991-ci ilin dekabrından etibarən 7-ci orduya məxsus hərbi helikopterlər mütamadi olaraq Xankəndi istiqamətinə uçuşlar etməyə başladılar. Dəfələrlə məlumat versək də bu məsələyə kimsə diqqət vermirdi. O dövr Ermənistanın 1 dənə də hərbi helikopteri yox idi. 4 nəfərlə (Rizvan, Qafar və Altay) AKM avtomatı ilə dağa qalxaraq bu helikopterləri vurmağa yer müəyyənləşdirdik. Sovet helikopterinin pərləri ən zəif yeri sayıldığından bütün atəşi pərə yönəltmişdik. Hündürlük 600-800 metr olan hədəf seçdiyimiz yüklü Mİ-8 helikopterini 2 ədəd hücum helikopterləri müşaiyyət edirdi. Onlar atəşi görən kimi pulemyotları işə salırdılar. Artıq tam əli boş qayıtdığımız 10-cu gün yükün ağırlığından çox aşağı hündürlükdə uçan Mİ-8 helikopterinin pərinə bir sandıq boşaltdım. Helikopteri tüstü bürüdü və istiqaməti itirərək Xramort kəndinin üstündəki dağa düşdü.

Yüksəklikdən tüstünü gördük və axşam xəbərlərdə müdafiə dəstələrinin helikopter vurması xəbər verildi. Bizdən 1 nəfəri ratsiya ilə Ağdama qərargaha çağırdılar. Mən düşündüm ki, yəqin «sağ ol» deyəcəklər. Dadaş Rzayev isə bizi görən kimi qışqırırdı ki, niyə «bizim helikopterlərə» güllə atmısınız? Ona dedim ki, bizim helikopterlər sarı rəngdədi. Göydə atışma zamanı onlar iki-üç km-dən dönüb Ağdama qaçdılar. Vurulan rusların yük helikopteridir və 10 gündür ki, sizə bu barədə xəbər veririk. Əsas odur ki, D. Rzayev bizim batalyona patron verməməyi göstəriş verdi. Daha öncə də kıənddən bir səhra komandirini qovmuşdum. O da bizim müdafiə batalyonuna patron verməməyi tapşırmışdı. Bu mənim cəbhədəki ilk «mükafatım» oldu və D. Rzayevə, «unutma ki, biz partizanıq. Patronu da almaq yerini bilirik»- dedim. Bu mənim savaşda vurduğum helikopterə görə aldığım «mükafatım» oldu. Bir də uzun illərdir ki, bəzi məmurların da Rzayev kimi indi də «bizim», «bizimkilər» deyən bəzi məmurların kimləri düşündükləri mənə maraqlı görünməkdədir?..


Demək olar ki, gənc, yaşlı hər kəs dirənişə hazırlaşmaqdaydı. Bir dəfə dedilər ki, bir nəfər (rəhmətə getdiyi üçün adını çəkmirəm) 4 oğlunu postlara buraxmır. Nə qədər izah etsək də etiraz bildirirdi. Bu addımla razılaşsaydıq qurduğumuz sistem pozulacaqdı.


Hərkəhərkəlik yaranacaqdı. Hərbi mükəlləfiyyəti olmayan mülki adamların hərbi işə cəlb olunması ağrılı bir prosesdi. Məktəbə gəlib neçə şagird olduğunu və onlara evi daş — qalaq edəcəyimizi şəhid atası, «Kolanı Qisasçı təşkilatının» rəhbəri Vaqif Sarıkişiyevə məsləhətləşdim. Vətənpərvərliyi ilə hər kəsə nümunə olan Vaqif müəllim razılaşdı. 45-50 nəfərin dərədə yerləşən evə atdığı daşlardan gurultu qopurdu. Nəhayət ev sahibi bir tiyanı başına tutub yanımıza gəldi və razı olduğunu bildirdi. Sonralar köçkünlükdə artıq rəhmətə getmiş həmin adam dedi ki, biz səni başa düşmürdük. Sən bu günlərə düşəcəyimizi deyirdin…


Martın əvvələrində Altay Sarıkişiyevlə Sığnaqdan aşaraq Cənyataq kəndinin yuxarısında Popov deyilən yerdə ermənilərin səhra rejiminə keçdiyini, çadırlarda olduqlarını və 1 ədəd BRDM — in hərəkət etdiyini izlədik. Altay yolda dedi ki, bu xəbəri versək əhali panikaya düşəcək. Qayıdıb məsələni Vaqif müəllimə danışdıq. Kənddə cavanlar kimsəni çıxmağa, ev əşyalarını belə çıxarmağa imkan vermirdilər və söyüş qoymuşdular. Qərara gəldik ki, sadəcə hamıya elan edək ki, Xocalı soyqırımını gördük. Ona görə də kim nə istəyir və çıxara bilirsə, çıxarsınlar. Düzü hamı bizə təəccüb və təlaşla baxırdı.Nə məndən, nə də Altaydan belə bir işə razılıq gözləmirdilər.


Çünki 26 fevral 1992-ci il Xocalı soyqırımı Yuxarı Qarabağda yaşayan əhalinin hakimiyyətə olan son ümidini öldürmüşdü. Bu da bir rus hərbi-psixoloji taktikası idi. Xalqın döyüşkən ruhunu bu soyqırımla öldürdülər. Həmin gecə qəhrəman döyüşçü «Azərbaycan Bayrağı» ordenli (ölümündən sonra) Altay Sarıkişiyev bizim evdən azca yuxarı Topunun yeri adlanan təpəyə dəfələrlə çıxıb uzaqdan yanan Xocalıya baxıb aşağı düşür və qışqırırdı ki, bu murdarlar bizim qız — gəlinləri aparacaqlar. Mən buna dözmərəm. Özümü güllələyəcəyəm. O çox çılğın və dəli-dolu bir gənc idi. Sözün əsil mənasında nəsillərə örnək olası bir qəhrəman idi. Mən bu cür hadisələrin bir müharibə səhnəsi olduğunu və tarixdəki bütün müharibələrdə belə faktların minlərcə olduğunu sadalayıb onu sakitləşdirməyə çalışırdım. Sonda qismən də olsa mənimlə razılaşdı. Altay Sarıkişiyev də oxuduğu İnşaat Universitetində təhsilini qiyabiyə çevirib kəndin müdafiəsinə gəlmişdi. Şəhid oldu, məkanı cənnət olsun. Amma o gecədən bu günədək beynimi döyəcləyən bir sual var. Niyə imkanımız olduğu halda, o gecə, nə Əsgərana, nə də Xankəndiyə bircə top, Qrad mərmisi atılmadı? O gecə ən azı düşmənə artileriyadan ən ağır zərbə endirmək üçün məqam idi…


Bu soyqırımdan sonra xalq anladı ki, bu ölkədə bir sürü boşboğaz və iş bacarmayanlara bel bağlamaq olmaz. Ağdərəli qəhrəmanlar, xüsusən də Baş Güneypəyə, Ortapəyə və Xatınbəyli döyüşçüləri total erməni-rus birləşmələrinin iki cinahdan edilmiş hücumuna qarşı 12 mart 1992-ci ildə 17-18 saat bütün gücləriylə və Rusiyanın 7-ci (indiki 102-ci bazası) ordusunun iştirakıyla etdiyi hücumun qarşısını almış, bütün yüksəkliklərdən düşməni vurub çıxarmışdılar. Bu 17-18 saatlıq döyüşdə o vaxt 7 milyon sayı olan xalqdan, sizcə neçə nəfər köməyə gəldi? Bircə nəfər də gəlmədi və bu qəhrəman elat 1 nəfər də əsir vermədən mövqeləri tərk etmişdilər. Onu da qeyd edim ki, döyüşçülərin dediyinə görə Rusiyaya məxsus helikopterlə axşama doğru əlavə qüvvələr Qaramalıq deyilən yerə atılsa da, onlar da bu müqaviməti qıra bilməmişdilər. Rusiyanın iştirakı ilə bağlı Baş Güneypəyə döyüşçülərinin bir dərədə məhv etdikləri 31 nəfərlik dəstənin 28 nəfəri 7-ci ordunun dağ-piyada xüsusi təyinatlılarına aid olub. Faktı təsdiq edən sənədlər və silahlar şəxsən Dadaş Rzayevə təqdim edilmişdi. Üstəlik, o dövr üçün yalnız bu döyüşdən dərhal sonra İrəvanda 13 mart 1992-ci ildə müharibə əleyhinə mitinq keçirilmişdi. Onların danışığının stenoqramında öz itkilərini 11 zirehli texnika və 286 nəfər canlı qüvvə olaraq göstərmişdilər. Azərbaycan tərəfi isə bu döyüşdə 31 nəfər şəhid vermişdi.


Bu gün SSRİ-ni dağıtdıqlarını gözə soxan dəstə Azərbaycanda siyasi böhran yaratmaqla ardıcıl olaraq faciələrə yol açmaqdaydı. Bu gün də utanmadan haranısa qısa müddətdə almaqdan danışar, amma bais olduqları faciələrin, verdikləri torpaqların adını tutmazlar. Hətta Surət bir açıqlamasında 220 yaşayış məntəqəsi almaqdan danışıb, çünki bu zavallı hələ də bilmir ki, o dövrdə müharibə gedən ərazilərdə o sayda yaşayış məntəqəsi olmayıb. Amma bir döyüşçü çıxıb demir ki, ay uybala, mövcud duruma görə o boyda kənd azad etsəydin, o vaxtlar bayrağımız hesabla Qafanda, Gorusda asılmalıydı.


…Günlərlə gecələri yatmadan düşmənin hücum edəcəyi istiqamətləri izləyirdik. Lakin təsadüfi bir partlayışdan yaralandım. 12 mart 1992-ci ildə gecə Ağdamda qatarlarda təşkil olunmuş səhra hospitalında sənədləşmədə «peşə» qrafasına jurnalist yazıldığına görə az vaxtda ətrafıma SNN, BBC, TRT, RTR-«Vesti» və türkcə bilən bir alman jurnalisti toplaşdı. Bu faktı dəfələrlə yazmışam və bir də təkrar edirəm ki, orada olmayan tək Azərbaycan jurnalistləri idi. Gözüm onları axtarsa da onlar burada yox idilər.


12 mart 1992-ci ildə ağır yaralılar təyyarə ilə Ağdamdan (YAK-40) Bakıya Mərkəzi Hospitala gətirildik. Qanqrena verdiyinə görə əlimin bir hissəsi 20 mart günü kəsildi. Qanda zəhərləmə olduğu üçün təcrübəli hərbi həkim, Əfqanıstanda xidmət etmiş Sadir Qulamov gecə-gündüz baş çəkirdi. Daha sonra onu təcrübəli cərrah kimi yeni yaranmaqda olan Ağdam Səhra hospitalına ezam etdilər. Mənim qalmış son iki barmağımdan biri qaralmağa başladı. Qulamovu əvəz edən bacarıqlı terapevt Əliyevə dedim ki, bu barmağımda qaralma var. Hissiyat ölür. O da Qulamovu gözləməyi məsləhət bildi.

Günbəgün ağrılar şiddətlənirdi. Artıq dözülməz ağrılarla gəzişib sabahları diri gözlü açmaqdan bezmişdim. Bir siqaret yandırdım və hiss etdiyim zonanı siqaret basmaqla müəyyən eləyib tibb bacısı Svetadan sarğı otağını açmağı xahiş etdim. O xanım sarğını açdığımı görüb gecə 12-də otağı açdı. Soruşdum ki, Qulamov barmaqları kəsdiyi aləti spirti və yodu gətir. Nə edəcəyimi soruşdu. Dedim ki, qanqrena irəliləyir, bu barmağı kəsəcəyəm. Öncə razılaşmasa da barmağın yarıyacan qaraldığını görüb «kusaçka»ya bənzər aləti və lazım olanları masaya yığdı. Barmağımı kəsəndə onun rəngi ağardı və ürəyi qısıldı. Nişatr spirti iylədib su verdim. Sən demə ürək xəstəliyi (porox serdsa) varmış. Sonra əlimi sarıdı və 3 günlük yuxusuzluğuma son qoyuldu.

Bunu mənimlə birgə palatada olanlar mən yuxudan duranda bildilər. Asəf Əliyevə, Bəhmən Qurbanova danışdım, Bəhmən Qurbanov təzə gələn yaralılara zarafatla mənim cərrah olduğumu deyirdi. Bu da mənim müalicəm…

Hospitalda mənə baş çəkməyə gələn iş yoldaşlarımdan gözəl publisist, rəhmətlik Hüseyn Əfəndi zarafatla dedi ki, sən şəhid olsaydın, dünyanın ən yaxşı yazısını sənin haqqında yazacaqdım. Mövzumu korladın…Dedim ki, bunu vaxtında desəydim, o yazının yazılması üçün ölə bilərdim. Əlbəttə bu bir zarafat idi.


Hospitalda biizim 7-ci palatanı ən nümunəvi palataya çevirmişdik. Tibbi heyətin bir problemi olunca mütləq bizə müraciət edərdi. Yaram tam sağalmasa da S. Qulamovdan getmək istədiyimi dedim. Çətinliklə razılaşdı və sarıqlı əlimin qalan hissəsini necə gizəməyi artıq öyrənmişdim. Bir neçə gün sonra «Gənclik» jurnalına geri döndüm…


Ölkənin faktiki olaraq döyüşə yollanan ilk jurnalisti olduğum halda bəziləri bu ada iddia eləmələrini izlədim. Faktiki olaraq, nə jurnalist, nə də döyüşçü olmayıblar. Niyə getdiklərini heç özləri də bilmirlər…


Bir dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində biznesmen Füzuli Ələkbərovun vaxtında bir bankirdən Protezləşdirmə və Ortopedik Mərkəzdə aparılan təmir işlərində podratçı kimi işlədiyimiz işin pulunu ala bilmədiyimizə görə, yeni gəlmiş nazir Səlim Müslümova müraciət etdim. Sağ olsun, köhnədən tanıdığına görə qəbul etdi. Bilirdim ki, o obyekti bunlar öz aralarında haqq-hesab ediblər və çeklərin surətləri məndə vardı. Səlim Müslümova (Allah şəfasını versin) dedim ki, nazir olduğun bu nazirliyin bütün yardım siyahılarını tökdür, mənim adımı hansısa yardım, maşın və ya mənzil siyahısında tapsanız, mən özümü o soyunan arvad heykəlinin baldırından asaram. Biz təmirdə işlədiyimiz halal əmək haqqını istəyirik.


Sonra çətinliklə işlədiyimiz halal əmək haqqının bir qismini alsaq da 38 min manatı qaldı. Onu da verməyə söz vermişdi, lakin seçkidən sonra təkrarən nazir kimi təsdiqlənmədi və bu məsələni Sahil Babayevə də yazdıq və görüşdə də dedik. Lakin bu komandanın işi söz verməkdir, əməl bunların işi deyil, əsas odur ki, özləri bütün obyektləri haqq-hesab edərək bizim pulumuzu da vermədilər. Bunların cavab vermək qabiliyyətləri belə olmadığı üçün işçilərin haqlarını kredit götürərək ödəməkdəyəm.

Ümumiyyətlə, bu nazirlik, Azad Qadın deyilən «soyunan arvadın» arxasında «daldalanandan» bəri öz missiyasını itirib. Ölkə prezidentinə də yazdım. Xeyri olmadı. Bu da bir ölkənin döyüşərək əlil olmuş ilk jurnalistinə Azərbaycanın göstərdiyi sosial qayğı…


Hərdən öz-özümdən soruşuram ki, görəsən, ABŞ-da niyə heç kim prezidentə müraciət, şikayət ərizəsi ünvanlamır? Cavabı çox asandır. Çünki orada azərbaycanlı nazir və məmur yoxdur. Bunlardan bircəsini ora göndərsək, 1 ilə ABŞ çökər…


Bir jurnalist olaraq müharibə veteranlarına qarşı aparılan deqeradasiyanı illərdir görməkdəyəm. Öncə bunu məğlubiyyətin acısıyla bağlı olduğunu düşünsəm də, bu gün qalib əsgərlərin intihar səhnələri yanlış düşündüyümü deməkdədir. Bəzən içimizdə adını döyüşçü qoyub «qapı kilidini» əks tərəfə açan bir zümrə var. Döyüş xidmətləri olmayan bu zümrə mövcud sosial problemləri bir tərəfə atıb hansısa ictimai birliyin xatirə medalından danışırlar.


Dəfələrlə bu xatirə medalı ilə bağlı yazmışam və bir daha bildirirəm ki, düşmən döyüşçülərin tədbirlərdə medallarını görüncə hökumətə müraciət etdik və heç olmasa «Müharibə veteranı» döş nişanı buraxılmasını istədik. Bu gün belə bir addım atılıb və yenə ayrımçılıq edilir. Bəs biz kimin Vətənini qorumuşuq?


Bütün türlü-türlü ictimai təşkilatlara pul tapa bilənlər, bizim müraciət etdiyimiz bu işə görə pul tapa bilmədiklərini yazdılar. Biz müzakirə etsək də pulumuz olmadığından bir neçə ictimai birlik bizi qabaqladı. Bu məsələnin kökündə isə bir veteranımızla çayxanada etdiyim söhbət dururdu. O, deyirdi: «Öncə övladlarım soruşurdu ki, müharibədə olmusansa, niyə bir medalın yoxdur. Onlara təpinirdim. İndi bir — iki cüvəllağı nəvəm var. Onların suallarına protezimlə cavab versəm də, əl çəkmirlər. Niyə bir şey fikirləşmirsiniz?» Fikirləşdik. Bu da medalın tarixçəsi.


Şükürlər olsun ki, biz bundan da yalnız vətənpərvərliyin yüksəlməsinə və birliyin fəaliyyətinin stimullaşmasında istifadə edə bildik. İndi öz probleminin həlli naminə öz döyüşçü yoldaşlarının haqqına girən, belələrinin ağlıca olmayan işlərə burunlarını soxanlar öz şəxsi işləri ilə məşğul olsalar yaxşıdır.

Bu ölkədə kimin kim olmasını hər kəs bilir. Sadəcə qeybət döyüşçü və kişi işi olmadığına görə başını buraxırıq. Bu günədək Sovet-Alman müharibəsindən qalma «Veteranlar haqqında» qanun lahiyəsi daxil bütün qərar və qanunlara öz təkliflərimizi vermişik. Nazirlər Kabinetinin mövcud qanun və qərarlara müdaxiləsinə etirazımızı təkcə AVMVİB bildirib. Şəhidlər Xiyabanında Hacıbala Abutalıbovun ağlıyla əkilmiş ağacların çıxarılması ilə bağlı illərdir müraciət etməkdəyik. Veteranlara müavinətin verilməsi və pensiyaya çıxanların müavinətlərinin kəsilməməsini də AVMVİB-nin müraciətləri hesabına bərpa etdik. Bunu kimsədən yardım ummadan bizlər etdik və etməkdəyik.

Yadıma Sabunçu rayonunda DİŞ-ə yazdığım ərizədə «Vətən müharibəsi əlili» sözünü oxuyan rəis soruşdu ki, hansı Vətən? Söz altda qalmayıb: «Sizin neçə Vətəniniz var» deyə suala sualla cavab verdim. Rəisə elə bil od qoydun. Az qala bir qərinə sonra xalqımız, bu müharibənin Ali Baş Komandanın sayəsində Vətən müharibəsi olduğunu leksikonuna daxil edə bildi. Yaratdığımız Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin adını qeydiyyata aldırmaq üçün də mücadilə etdik…


Son 44 günlük Vətən müharibəsi Azərbaycan əsgərinin şücaətini dünyaya bəyan etdi. Dünya heyrətlə izlədiyi bu qəhrəmanlıq səhnələrini bu arada görməzdən gəlməyə çalışırlar. Onlar bölücülük istəklərinin alınmamasını belə anlaya bilmirlər. Düşünməyin ki, «köhnə» və «yeni» dedikləriniz bir birilərinə yad adamlardır. Əksəriyyəti elə müharibə veteranlarının öz övladları, bacısı, qardaşı övladlarıdır. Nümunə olaraq AVMVİB sədri Füzuli Rzaquliyev və oğlu zabit İlkin Rzaquliyevi göstərə bilərəm. Yüzlərlə AVMVİB üzvünün övladları döyüşdülər və şəhidlər verdik. Bu gün sıralarımızda 27 min gənc döyüşçü var. Onların böyük əksəriyyəti ilə telefon təmaslarım olub. Bir dəfə AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanova dedim ki, deyəsən tərxis olunanlara sənədlə birgə mənim də telefonumu verirlər. Mən də yekunda Vahid müəllimin «işığını yandırmağa» başladım. Amma bir faktı da deyim ki, AVMVİB üzvü olan heç bir döyüşçümüz intihar edənlərin sırasında deyillər. Öz imkanlarımız və imkansızlığımızla bu qəhrəmanlara dəstək olmağa çalışırıq…


Müharibənin ilk günlərində bilavasitə rəhbərlik etdiyim Fədai.az saytının xaricdə deyil, Azərbaycanda niyə bloklanmasının səbəbini Ramin Quluzadə daha yaxşı bilər. Daha öncələr ermənilərin şikayətlərinə məruz qalan Azərbaycan uğrunda ölümə getməyə hazır olanların saytına «Microsofta hücum etmək» kimi gülməli bir iddia ilə cavab verilib və dəfələrlə yayımı məhdudlaşdırılan bir sayt hostinqini məcburən Rusiyaya dəyişəndən, nə hücuma, nə də məhdudiyyətə məruz qalmayıb. Sizcə niyə?


Biz gecəli, gündüzlü işimizi gördük. Ön cəbhədəki əsgərlərimizlə olduq, könüllü olaraq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) «Orduya Dəstək» kampaniyasına qoşulduq və bu gün də o yoldayıq. Qazanılmış Zəfərə uzanan kirli əllərin kəsilməsinə çalışmaqdayıq. Bacaracağıq, bacaracağıq, bacaracağıq!


Bu gün siz istəsəniz də, istəməsəniz də bu Vətən bizlərin boyuna biçilmiş kəfən kimidir. Əvvəlimizdə, sonumuzda ona bağlıdır. Bilsəniz bu yolda nələrdən keçmişik? Ən üzdə olanını deyirəm: «Hərdən olmayan barmağımı qaşımaq üçün heç bilirsiniz, nələrdən keçərdim?» Bunu döyüşçülər anlaya bilər. Əsgəri xidmətdə olmayan və doğma dilimizdə danışa bilməyənlər məni anlamazlar…


Orhan Şaik Gökyay nə gözəl demiş:

Bu Vətən, toprağın qara bağrında,
Sıra dağlar kimi duranlarındır.
Bir tarix boyunca, onun uğrunda,
Özünü tarixə verənlərindir…


Anladınızmı, bu Vətən, kimindir?!
Bu məmləkətin gülünü dərənlərin deyil, sərhədində «sıra dağlar» kimi duranların və tarixləşənlərindir. Bunu bu gün görməyənlər ola bilər, amma hər bir döyüşçü yazılmaqda olan Vətən tarixinin şanlı səhifələridir. Bizlər fani, Vətən və Dövlət qalıcıdır, daim olsun! Bayrağımız uca, sərhədləri toxunulmaz və canlarımız bu yurda fəda olsun!..

Unutmayın ki, bir müdrikin söylədiyi kimi, müharibənin proloqu olmur!

Bu xəbəri paylaşın: