- XAQANİ ƏDƏBOĞLU, AVMVİB Mətbuat Xidmətinin rəhbəri
II YAZI
(I YAZI — https://fedai.az/?p=72244)
…Ya xaçınızı gizləyin, ya da şalvarınızı yuxarı çəkin (Rus kəşfiyyatçılarının aforizmi).
Sıldırım qayalardan dırmanıb Şuşa qalasını erməni adlı mənfur düşməndən azad edən, Şanlı Ordumuzun, Qəhrəman Əsgərini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin qapıları arxasında saxlayanlar bu yazıları diqqətlə oxuyun. Sizlər biz qazilərin problemini heç zaman əsgər ruhu daşımadığınız üçün həll edə bilməzsiniz. Bunu 30 ildir ki, görməkdəyik…
Sıralarımızda döyüşdükləri kimi fəaliyyətləri olan, günahı daim öz əsgərlərimizin üzərinə yıxmağa çalışan adını döyüşçü qoymuş bir «banda» var. Öncə bildirim ki, döyüşçü, döyüşçü haqqında olmayan böhtan danışırsa, onun ruhu satlıq bazar malıdıdır. Belələri veteranlar arasında əllərindən «mışka qəhrəmanlığından» başqa bir iş gəlməyən «keşiş Qaponlar»dır. Bu «divan strateqləri» iki ağac arasında yolunu azıb, günahı illərcə döyüşçü adını yaşadan birliklərə dil uzatmaqda görərlər, onların səngər həyatları, döyüş xidmətləri isə müharibənin «reklam fasilələridir». Adətən veteranın, müharibə əlilinin saxta olmasından, nədənsə adətən fərarilər danışarlar. Bunu özünü döyüşçü sayan deyirsə və o tanıdığı saxta əlilin, yaxud da veteranın adını çəkmirsə, o döyüşçü yox, elə birinci saxtakardır, şərəfsizin ən böyüyüdür. Sonrakı yazımda bu problemə toxunacağam.
Azərbaycanda orduya, veterana qarşı bir diskriminasiya siyasəti yürüdülməkdədir. Birinci Qarabağ müharibəsində bunu gördük və acı nəticələrinə də qatlanmalı olduq. Bu işə girişənlər Azərbaycan əsgərinin düşmənə nifrətini gördükləri halda, nədənsə özlərini rəğbət tərəfdə deyil, nifrətin hədəfinin çevrəsinə atmağa can atmaqdadırlar. Yəqin ki, gizli bir səbəb var. Rusiyanın yaratdığı qondarma-terrorçu «Artsax Müdafiə ordusu» 44 gün ərzində 12750 leş və 11 min nəfər yaralı verdiyini geniş araşdırma yazısında vermişdik. Yəni, düşmən ordusunun 60%-i məhv edən Qəhrəman Azərbaycan ordusunun qəhrəman əsgərləri hər gün 289,77 nəfər erməni gəbərdiblər. Bu bir həqiqətdir və dünya bu faktın qarşısında heyrət içindədir. Himnimizdə adı keçən «ƏSGƏR» özünü sübut etdi, amma nədənsə bu, bəzilərinin heç ürəyincə olmadı. Biriləri hərbçilərin əmək haqqını, biriləri müharibə əlillərinin əlilliyini, biriləri ehtiyatda olan hərbçilərin pensiyalarını təftişə başladılar. 30 il harada ölmüşdünüz ki, elə 44 günlük Vətən savaşının səhərisi bu işlərə girişdiniz? Zəfərə «muştuluqmu» verirdiniz?
Başqa bir qrup isə əlilliyin yeni meyarlarını tələm-tələsik, məxfi bir «sənəd» kimi ortaya çıxardı. Bununla bağlı parlament üzvlərinə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından müraciətlər etdik. Reallığı izah etdik. Faiz hesabatı «İnsan orqanizminin funksiyalarının sabit pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi» adlı əlavələrdə qeyd edilənlərin müharibə aparan bir ölkə üçün yararsız və məqsədli bir qərar olduğunu bildirdik. 30 illik müharibə aparan bir ölkənin «meyarnaməsində» «müharibə, kontuziya, hərbi xidmət və s.» sözlər tapılmırsa, bolluca vərəm (əsasən narkomanların sonu), şizofreniya, QİÇS və s. kimi xəstəliklərə yetərincə yer verilən bu qərardan çəkinmələrini xahiş etdik. Məsələ ilə bağlı hətta AVMVİB sədri Füzuli Rzaquliyevin başçılığı ilə AVMVİB sədrinin I müavini Kamil Şirinov (rəhmətlə anırıq) və AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov bu ideyanın qızğın tərəfdarı olan Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyevlə görüşmüşdülər. Lakin bir faydası olmadı.
Çünki bu işə girişən «kəramətlilər», yalnız belə xəstəlikləri yaxşı tanıyırmışlar. Müharibədə olanları var ki, müharibənin vurduğu travmaları tanıya və duya bilsinlər? Müharibə əlilləri haqqında ayrıca bir qanun işləməyi təklif etdik. Amma parlament təklif olunan bu layihədə 2 nöqtə, 1 vergül dəyişərək qəbul etdilər.

Bu gün isə, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı (Pravda.az) deyir: «Həssas məqamdır, müharibədən, böyük qələbədən sonra qazilərə, şəhid ailələrinə son dərəcə qayğı ilə yanaşmaq lazımdır: “Əlbəttə, problemlər çoxdur, hamısını birdən-birə həll etmək mümkün deyil, bir qədər çətindir. Amma bu məsələ birdəfəlik sistemə salınmalıdır ki, narazılıq olmasın. Bütün bunlar ölkənin ümumi ab-havasına da təsir göstərir».
Milli Məclisin deputatı Aqil Abbas (Pravda.az) deyir: «Dövlət qazilərin problemləri ilə bağlı xüsusi komissiya yaratmalıdır. Bu məsələ təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən asılı deyil. Müdafiə Nazirliyi də var, tibb idarələri də, Səhiyyə Nazirliyi də. Biri onun üstünə göndərir, o biri bunun üstünə… Mübahisələr çoxdur. Necə ki, veteranlar üçün Nazirlər Kabineti tərəfindən xüsusi göstəriş verildi, komissiya yaradıldı. İndi də komissiya yaradılmalı, bu işlə məşğul olunmalıdır. İki ildir müharibə qurtarıb, hələ bununla bağlı qərar verilməyib. Bu məsələni bir adamın üstünə atmaqla düzələn iş deyil. Amma hər bir halda, gələn adamın qarşısına çıxarlar. Qazi gəlibsə, onların qarşısına çıxılmalıdır. Müavinlər qaziləri qəbul etməli, söhbət aparmalıdır. Belə olsa, onlar da qapını qırmazlar”.
Milli Məclisin deputatı Nigar Arpadarai (Modern.az) deyir: “Vətən müharibəsi iştirakçılarının, qazilərimizin əlilliyinin təyin olunması hələ də problem olaraq qalır…
Qazilər heç bir yerə getməməli, səyyar sistem olmalıdır ki, əlillik üçün təqdim olunmalı olan sənədləri onların evlərinə gətirsinlər. Bu mexanizmi yaratmaq lazımdır. Xəstəliklərin siyahısına gəldikdə isə buna yenidən baxılmalıdır, siyahı genişləndirilməlidir. Bəzi qazilərimiz psixoloji gərginlik keçirir, psixoloji problemləri olan qazilərimiz qeydə alınmalı, onlara ixtisaslı hərbi psixoloqlar tərəfindən yardım göstərilməli, lazım gəldikdə isə hətta psixoloji vəziyyətinə görə əlillik təyin olunmalıdır. Bəli, bu asan deyil, amma bu məsələdə məmurlar daha müdrik və çevik olmalıdırlar. Bunu etmək üçün artıq kifayət qədər təcrübə və məlumat bazamız var. Milli Məclisdə bu məsələləri dəfələrlə müzakirə etmişik, mən və deputat həmkarlarım bu istiqamətdə təkliflər irəli sürürük. Bir müddət öncə Milli Məclisdə çıxışım hələ də aktuallığını itirməyib. Həyat və sağlamlığı bahasına bizə möhtəşəm qələbəni qazandıran şəxslər daim diqqət və qayğı mərkəzində olmalıdır. Bunu cənab Prezident, bunu Xalq tələb edir”.
Deputat Fəzail Ağamalı proseslərə belə münasibət (Cebhe.info) bildirib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə mənim aramda kifayət qədər problemlər yaşanıb. Vaxtilə fikirlərimi demişəm. Təəssüf edirəm ki, mənim dediklərim artıq konkret həyatda bir-bir öz əksini tapmaqdadır”.
F. Ağamalı Savash.org-a müsahibəsində deyib: «Dünən baş verənlər ciddi siqnal idi. Qazilərimizi bu həddə gətirməyə ehtiyac yoxdur. Onlara digər insanlardan üstün münasibət, diqqət göstərmək lazımdır. Onlar şəhidliyin bir addımlığından geri dönmüş insanlardır. Ölkə başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində çox böyük işlər görürlər. Digər məmurlar bundan ibrət götürməlidirlər. Qaziləri qəbul etmək, onları dinləmək lazımdır. Əgər qazinin tələb etdiyi sosial imtiyaza haqqı çatmırsa, bu ona izah edilməlidir. Bir daha qeyd edirəm ki, qaziləri o vəziyyətə çatdırmaq olmaz. Nazirliyə gəliblərsə, qapını üzlərinə açmaq lazımdır. Onlar müharibədən çıxıblar, kontyuza alıblar, psixoloji durumları yerində deyil. Ağrı-acı keçirirlər. Onları qapının ağzında saxlamaq olmaz. Bizim barmağımıza tikan batanda canımızı qoymağa yer tapa bilmirik. Bu adamlar isə bədənlərində qəlpə gəzdirirlər, odun-alovun içərisindən çıxıblar»…
Biz bunu görüb parlamentə müraciət ünvanladıq. Bu qərarın məqsədli olduğunu dedik. Müharibə əlillərinə əlillik təyinatını mülki əlillik təyinatından ayrılmasını əsaslandırdıq. Amma bu gün danışan deputatlar susmağa üstünlük verdilər. Bildirdik ki, müharibə zamanı və dinc dövrdə alınmış xəsarətlər arasında çoxlu və ciddi fərqlər var. Ölkənin əksər hərbi cərrahları hərbi travmaların müalicəsində təcrübə toplayıblar. Amma, nə bu hərbi səhra hospitallarında işləmiş hərbi həkimlərin, nə də müharibə görmüş 1 nəfərin rəyinə belə, bu adamlar ehtiyac duymadılar. Çünki bu yeni «sosial hüquqşünas-biznesmenlər» özlərini hər kəsdən ağıllı, hətta savadlı və s. bilirlər.
Əksərən heç əsgəri xidmətdə olmayan şəxslərin yazdığı məqsədli qanunlar, öz məntiqi nəticələrini göstərməkdədir. ƏƏSMN haradansa «fil həkimləri» yığıb gətirib. Soruşun, attestasiya edin, bu həkimlər, nə hərbi travmanın, nə də travma sonrakı sindromun nə olduğunu bilmirlər. Ona görə də bunların adını müharibə əlilləri «fil həkimi» və «xalaqızılar» qoyublar.
Adicə güllə yarası ilə yaralanmış hər bir əsgər müəyyən dərəcədə kontuziya alır və buna meyillilik yaranır. Bununla bağlı tibbi ekspertizadan fizikanın, kimyanın, məhkəmə ekspertizasının və məhkəmə tibbi ilə bağlı digər elmlərin ən son nailiyyətlərindən istifadə etməklə tədqiqat metodlarının daim təkmilləşdirilməsi tələb olunur. Güllənin hansı məsafədən atılması, kalibri belə, bu məsələdə önəmli bir faktordur. Güllə yaralarınması zamanı mərminin (güllənin) böyük kinetik enerjisi həlledici əhəmiyyət kəsb edir. Bu enerji güllənin kütləsi və sürətinin kvadratı ilə düz mütənasibdir və Е = mV2 düsturu ilə müəyyən edilir. Güllə yarasının xarakteri həm də bədənin təsirlənmiş hissəsinin anatomik xüsusiyyətlərindən və ilk növbədə toxumaların (yumşaq toxumalar, qığırdaqlar, sümüklər) sıxlığından asılıdır. Yəni güllənin bədənin toxumaları ilə təmasda olduğu an, güllənin qabağında yayılan (toxumalarda səs sürəti ilə — 1465 m/s) zərbə dalğası əmələ gəlir. Bundan əlavə, yaralanan mərminin kinetik enerjisinin toxumalara ötürülməsi nəticəsində kavitasiya effektinə görə ən çox zərər verən və güllə yarasının əmələ gəlməsində üçüncü amili təşkil edən uzunmüddətli dəyişiklər meydana çıxır.
Mərminin hədəfə təsiri birbaşa onun ilkin sürətindən asılıdır. Aşağı sürətli mərmilər (qırıntı, qəlpə, aşağı sürətli tapança güllələri və s.) — 400 m / s-ə qədər. Yüksək sürətli (avtomatlar, pulemyotlar, karabinlər) — 760 m / s-dən çox olan zərərverici təsir, mərminin toxumalarda yerləşmə bucağının artması ilə artır və güllə aşdıqda və tələffüz etdikdə maksimuma çatır. Məsələn, AKM-dən çıxan 7,62 × 39 mm çaplı güllə uçuş zamanı böyük sabitliyə malikdir və kinetik enerjisinin təxminən 20%-ni toxumalara buraxır. AK74-dən atılan 5,45×39 mm-lik kiçik çaplı güllə daha az sürətə malikdir, lakin 7,62×39 mm-lik güllədən daha uzun və yüngül olduğuna görə sabit uçuşla uçur və sonra daxil olduğu toxumaya daha çox zərər verir və toxumalara kinetik enerjinin 60% -ni buraxır. M16 tipli tüfənglər üçün 5,56×45 mm ölçülü NATO gülləsi də eyni tipə aiddir. Vyetnam müharibəsində bu tip patrondan ilk dəfə istifadə edən amerikalılar olub. Orqanlarda verdiyi dağıntıya görə bu güllələr qadağan edilsə də Vətən müharibəsində əksər yaralanmalar bu güllələrdən olub. Bu yaralanmanı avtoqəza yaralanması ilə eyni tutan bu komandanın kontuziyanı da «müalicə etmələri» ortadadır. Yüzlərlə kontuziyadan əziyyət çəkən müharibə əlilinin əlilliyini «fil həkimləri» çıxdaş ediblər. ABŞ kimi hegemon bir dövlətin hərbi təcrübəsindən bir faktı xatırlatmaq yerinə düşər.
ABŞ-da hərbi həkimlər partlayışdan yaranan dalğalara təkrar məruz qalma ilə kumulyativ təsirin olmasını sübut etmişlər ki, bu da uzun müddət ərzində neyrodegenerasiyaya, beyin, boğaz, qırtlaq, nəfəs borusu və gözlərin zədələnməsinə səbəb olur. Statistikaya görə, təlimlər zamanı orta hesabla piyada əsgərlər gündə 5 dəfəyə qədər, artilleriya və minaatan ekipajları isə gündə 30-300 dəfə belə partlayıcı təsirlərə məruz qalırlar. Bu səbəbdən, hərbçilərin partlayışların təsirinə məruz qalma hallarının hamısını qeyd etmək lazımdır. Bu məqsədlə, məsələn, Blackbox Biometrics (ABŞ) təsir anlarını və onların parametrlərini (artıq təzyiq, onun qradiyenti, həddindən artıq yüklənmə müddəti və s.) qeyd edən xüsusi fərdi sensorlar təklif edir. Gələcəkdə bütün bu məlumatlara əsasən mərkəzləşdirilmiş uçot aparılır və belə təlimlərin iştirakçılarına tibbi yardımlar göstərilir.
Bizdə isə vəziyyət acı təəssüf doğurur. Uzun müddət hərbi hospitalda, yaralı hərbçilərin müalicəsi ilə məşğul olmuş həkim Mirzə Qaraşov «Yeniavaz» saytına (4 dekabr 2020-ci il) verdiyi açıqlamada deyib: «Bir hemeopat kimi qeyd edim ki, hərbi döyüşlərdə yaralananlara kəskin dövrdən sonra həm daxili orqan, həm baş beyin və nevroloji bərpa üçün hemeopatik preparatlardan da istifadə etmək olar. Amma bu dərmanlar sığorta tərəfindən təmin olunmadığı üçün tətbiq olunmur. Lakin təcrübəmə əsasən deyə bilərəm ki, yaralı əsgərləri hemeopatiya ilə kifayət qədər tez və effektiv müalicə və bərpa etmək mümkündür». Real vəziyyət budursa, nazir Sahil Babayevin tapdığı «fil həkimləri» bu kontuziyaları necə «müalicə edib» sağaltmalarını niyə açıqlamırlar?
Bu işlə məşğul olanların əksəriyyətinin müharibədən ya xəbərləri yoxdur, ya da konkret olaraq bu kimlərinsə sifarişidir. Posttravmatik sindrom (PTS), Səngər xəstəlikləri ilə bağlı davamlı araşdırmalar aparıb təqdim etdik. Müharibəni yalnız televizorlarda görmüş bu komissiya üzvlərini heç olmasa postmüharibə dövrü ön xəttdə 10 günlük postlara qoymaq lazım idi. O zaman qəbul etdikləri bu qanunu bir kənara tullayıb hərbi əlillərin təyinatıyla bağlı tam ayrı yeni qanun tələb edərdilər.
2019-cu ildə elmi jurnallardan və internet resurslarından istifadə etməklə səngər xəstəliyi haqqında bir yazı yazdım. Yüzlərlə veteran zəng edib bildirdilər ki, illərdir, həkimlərə müraciət edirik. Nəhayət bu yazıdan sonra öz xəstəliyimizi tapdıq.
Bir sıra xəstəliklər var ki, onlar «Səngər xəstəlikləri» qrupuna daxildir. I Dünya Müharibəsi illərində, dəqiqi 1915-ci ildə Volın yaxınlığında 1 milyon adam “səngər xəstəlikləri”nə yoluxdu. Ona görə bu xəstəlik “Volın lixoradkası” adını alıb. Bartonella bakteriyası daha çox lixoradka, ayaq ağrıları, ekzantema,əzələ ağrıları, bədəndə səpkilər və sümük ağrılarına səbəb olur. Bu xəstəlik kişiləri ömürlərinin çiçəklənən vaxtında tapır. Sadə dildə desək, bu xəstəlik qan-damar sistemlərinin soyuqlaması prosesidir (endapterit). Bu xəstəliyi yanan ağaca da bənzədirlər. Öncə kiçik kapliyarlardan başlanan xəstəlik genişlənir və yayılır.Əsas səbəb döyüşlər zamanı daha çox soyuqda qalmaq və siqaret çəkmək göstərilir. Torpaqla təmas, nəmişlik də xəstəliyin yaranma səbəblərindəndir.
“Səngər xəstəlikləri”nin əlamətləri aşağıdakılardır:
“Xəstəliyin əlamətləri arterial qanın ayaqlara çatmaması, ayaqların tez yorulması ilə özünü biruzə verir. Xroniki hal aldıqda isə axsaqlıq başlayır.
Nəbzdə fasilələr, baldırlarda tüklərin tökülməsi, dəridə quruluq, dırnaqlarda dəyişiklik, əzələlərin atrofiyası “səngər xəstəliyinin” əlamətlərindəndir.
Daxili orqanlardan ilk özünü biruzə verən böyrək çatışmazlığıdır. Anti-sanitar vəziyyət və siqaret çəkmək də bu xəstəliklərin yaranmasında mühüm rol oynayır. Limfaderit, limfositoz (qan azlığı), ishal kimi xəstəliklər səngərdə ən çox rast gəlinən xəstəliklərdir. İshallardan sonra xüsusilə xəstəlik keçirmiş şəxsin bədənində ləkələr yaranmağa başlayır. Bizim orduda buna dəqiq diaqnoz qoyulmur. Hərəsi bir müalicə üsulu tətbiq edir. Əslində isə bunun yaranma səbəbi səngər xəstəliyidir. Dünyada bu praktika var. Bu xəstəlik zamanı əsasən spazmatik həblərdən (“No-şpa”, “Papaverin”, “Andokolit” və s.) istifadə olunmalıdır. Qan dövranının tənzimlənməsi üçün B, C, E qrupu vitaminlərindən və bu vitaminlər bol olan yemək rasionundan istifadə olunmalıdır. Məhz 1915-ci ildə 1 milyon adam bu əlamətlərə xas xəstəliyə yoluxandan sonra araşdırmalar nəticəsində bəlli oldu ki, bunun mənbəyi səngər, torpaqla təmasdır. Dünyanın 1915-ci ildə başa düşdüyü bu adi həqiqəti 2022-ci ildə bu adamlara başa sala bilmiriksə, deməli problemin həllini başqa yerlərdə axtarmaq lazımdır. Belələrinin artıq varlığı bu ölkəyə zərər verməkdədir. Yəni ən azı «Dəmir Yumruğa» ehtiyac var…
Bir daha xatırladım ki, biz 87 minlik üzvü olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) əlillik meyarları üzərində işləyənlərə, deputatlar və MM rəhbərliyinə müraciətlər etdik, görüşlər keçirdik, lakin bir nəfər də olsun müharibə iştirakçısı bu proseslərə cəlb edilmədi və nəticədə yararsız və düşmənin istəyinə uyğun bir şəkildə ölkənin müdafiə qüdrətini hədəfə alan bir qanunla üzləşdik. Bu gün düşmən dəyirmanına elliklə su daşıyanların əməllərindən bizə daxil olan şikayətlərdə elə onların bölgüsü üzrə bir köhnə, bir yeni döyüşçünün ləğv edilmiş və verilməyən diqnozlarını təqdim edirəm:
Birinci Qarabağ döyüşçüsü təqdim etdiyi ilkin sənəddə onun aldığı travmalar belə göstərilib:
1/ Более 10 осколочных ранений;
2/ Контужен мина-артиллерийскими взрывами, поврежден слуховые нервы левого ухо;
3/ Осколочное ранения и перелом левой ноги;
4/ Перелом кисти правой руки;
5/ Перелом трёх рёбер с левой и правой стороны;
6/ Взрывом поврежден печень 2 степени тяжести;
7/ Травмирован позвоночник в ПОЯСНИЧНОЙ области;
8/ Перенёс 6 операций под наркозом;
9/ Удалён жёлчный пузырь печени;
10/ Удалён 18 см поврежденный осколками часть тонкой…
İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir. Halaldı «xalaqızı»na, kişini «müalicə» eləyib.
44 günlük Vətən müharibəsində yaralanmış Fərhad Elman oğlu Əvəzzadəyə 2 il «karusel əməliyyatından» sonra eyni cavab verilib:
İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir.
0530003AAJFH 10.04.2022
Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvü mənşəli (Qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalopatiya). Şəxsiyyət pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş, uzun müddətli postravmatik stres pozuntusu Mülayim dərəcədə ifadə olunmuş, orta dərəcəli depressiv epizod Barotravma (16.10.2020) Sol tərəfli xr koxliar nevrit. Sol tərəfli neyrosensor ağır eşitmə piçıltı nitqinin sol qulaqda 5.5 metr Sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə Sağ gözün hipermetropiyası Hm 2.0 D nəticəsində görmə itiliyinin 0.3-ə qədər azalması k/i 1.0 Sol gözün görmə itiliyi 1.0 olmaqla Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ əlin üst səhtinin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapıqları.
Nazirlər Kabineti-Milli Məclisin Əmək və sosial siyasət komitəsi-ƏƏSMN-nin birgə qəbul etdikləri meyarlarda ən yaxşı işlənən bölmə «Sidik-cinsiyyət sisteminin xəstəlikləri»dir. Meyarlara Əlavədə baxa bilərsiniz.
Ölkəmizin Azərbaycan dilli Rusiya mətbuatının isə konkret olaraq işləri Rusiya informasiyalarına məkan zəbt etməkdən ibarətdir. Ölkənin heç bir problemi haqqında müstəqil araşdırma aparacaq halları yoxdur. Adicə saytların adlarının haradan gəldiyinə diqqət yetirin və müqayisə aparın. Məhz bu «Əli Həsənov — Simonyan» jurnalistikasının ortaya çıxardığı zorən ekspertlər və daha nələr və kimlər əslində bu meydanı boş qoymamağa hesablanıb. Bu gün bu «ÇeTe»-nin əsas məqsədi daha mütəşəkkil və daha vətənpərvər döyüşçüləri «təzə»- «köhnə», «birinci-ikinci» , «əlil-veteran» və s. kimi bölgülərlə parçalamaqdan ibarətdir…
Ardı var


