44 günlük Vətən savaşının 45-ci günü…

  • XAQANİ ƏDƏBOĞLU, AVMVİB Mətbuat Xidmətinin rəhbəri

III YAZI

(I YAZI — https://fedai.az/?p=72244, II YAZI — https://fedai.az/?p=72667)

Döyüşçü qənaəti: Bizə deyirlər ki, bu ölkədə artıq sizin kimilər yaşamırlar…


Aidiyyatlı qurumlar, xüsusən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Səhiyyə nazirliyi, TƏBİB, Müdafiə nazirliyi və bir də 5-ci kolonla bağlılığı bilinən bütün İcra Hakimiyyəti başçıları müharibədən geri dönmüş şəxslərin cəmiyyətə adaptasiyası, onlara psixoloji reablitasiya proqramları işləməkdənsə, onların məşğulluq problemlərini həll etməkdənsə iyrəncəsinə və murdarcasına «sən yenisən», «sən köhnəsən» deyə bölücülüyə qalxmışlar. «Sən veteransan», «sən əlilsən», «sən şəhid ailəsisən» deyə bu sosial kateqoriyanı parçalamağa çalışırlar.


Zəkəriyya Rəhimov adlı veteranımızın bir deyimini bir daha təkrarlamaq yerinə düşər. Biz 3 qardaşıq. Birimiz şəhid, birimiz müharibə əlili və birimiz də müharibə veteranıyıq. Eyni bayrağı, eyni hədəfə sancmaq uğrunda bir yola çıxdıq. Döyüşün gedişində birimiz şəhid oldu. O hədəfə çatmadan sıralarımızı tərk etdi. İkinci qardaşımız da döyüşlərdə ağır yaralandı. Döyüşçü qardaşları onu döyüş meydanından çıxarıb yola saldılar. Qalanlar isə hədəfimiz olan məntəqəyə hər birimizin sevdiyi 3 rəngli bayrağımızı daşıdılar və sancdılar. Bu gün ən çətin duruma salınan kəsim o bayrağı o hədəfə sancanlardır. Müdafiə nazirliyi minlərlə döyüşçünü 1 il 8 aydır ki, araşdırır. Araşdırır ki, görsün döyüşdə olublarmı? Döyüşən hərbi hissə vardı, orada ən yüksək rütbəlini biləniniz varmı? Yəqin siyahını müharibədə «yoxa çıxmış» Nəcməddin Sadikov verəcək…

Hələ də adicə halal statuslarını ala bilmirlər. Sizcə bu təsadüfdürmü?


ƏƏSMN etdiyi bütün pisliklərdən yazanda bəlkə də ona bu əməllərdə şərik olan TƏBİB, Səhiyyə nazirliyi və MN «inciyir» ki, bəs onların adları niyə çəkilmir? Axı hamısı eyni işi görməkdədirlər. 90 min gənc veteranın içində Gənclər və İdman nazirliyinə yarayan bir adam tapılmadı ki, gedib xaricdən «rəqqasə» gətirib vəzifə verirlər. Prezidentin 2 ay vaxt verdiyi fərman artıq 5 aydır icra olunmur. Sahil Babayevin sığorta pullarının gecikdirməsində, ortaya atdığı «portal-portal» oyununda marağı nədir? Bəs bu nazirliyin əmək haqqı alanlarına nəyə görə məvacib verilir? Niyə əlil gedib özünü portala saldırmalıdır, siyahı, arxiv əlinizin altında, gündə bir «model»ə bənzər işçi götürürsünüz və ölkə rəhbərini «pensiyadan qənaət nağılı ilə» aldadırsınız. Səlim Müslümovdan əxz edilmiş bu yalanı hələ o vaxtlar yazdım ki, dünyada pensiya yeganə ödəniş növüdür ki, ondan qənaət mümkün deyil. Dövlətə canı yanan bu psevdopatriotlar, qoy katibələrinin, gərəksiz köməkçilərinin, müşavirlərinin, xidməti avtomobillərinin və s. sayını azaltmaqla qənaət etsinlər. Kəsilən təqaüdlər, ən azı məhkəmə yolu ilə qəpiyinədək geri alınacağı şəksizdir.


Hələ Nazirlər Kabinetinin illərcə bu sosial təbəqəyə aid qanunları qayçılayan müavinləri, Milli Məclisin Əmək və sosial siyasət komitəsi və onlara informasiya dəstəyi verən ölkənin «Azərbaycan dilli Rusiya mətbuatı» da unudulmamalıdır. Çünki hamısı eyni bir yerin sifarişiylə qazilərin varlığına kölgə salmağı öz vəzifə borcları bilirlər. Hər biri bir «molodes» uğrunda canlarını ortaya qoyublar.

Düşmənin səngərdə qalan qisasını arxa cəbhədə alan bir «ÇeTe» var. Artıq bunu danmağın özü bir xəyanətdir. Bu adamlar, həm Nazirlər Kabinetinin, həm həkimlərin, həm Müdafiə Nazirliyinin, həm Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, həm HTEK-in, həm Maliyyə nazirliyinin, həm 5-ci kolona bağlılığı bilinən icra başçılarının və s. arasındadırlar. Fəaliyyətləri kordinə edilmiş şəkildə yürüdülür.


Bir ölkənin qazisi intihar edirsə, sadalanan qurum rəhbərlərinin səssiscə istefa verməyi haqq etdikləri ortadadır. Bunlar bu sahədə heç bir iş görmək iqtidarı nədir, halətində deyillər. İki ayağı kəsilmiş qazinin ayağını xətkeşlə santimetrləyən bu zavallılar, nə millətin, nə savaşın nə olduğunu bilməzlər. Fakt ortadadır ki, bu döyüşlərdə bir nəfər də olsun imkanlı şəxsin övladı müharibəyə qatılmadı. Fəxarətlə deyirik ki, bizdə fərari olmadı. Bəs müharibə gedən bir ölkədən «isti ölkələrə uçub gedən köçəri adamcıqların» sizcə adı nədir? Bu gün həmişə döyüşçülərə qarşı səmimi olmayan kəsim ağız büzür ki, bu qazilərin nə qədər problemi varmış? Amma bu «may gülüləri» yaxşı bilirlər ki, «imkanın var, pulunu ver canın sağ olsun, imkanın yoxdursa, canını ver Vətən sağ olsun» əxlaqlı bir məmləkətdə problemsizlər Vətənə arxa çevirdilər. Utancverici bir faktdır ki, alınmış sifarişlə «köhnə şəhid, yeni şəhid», «köhnə əlil, yeni əlil», «köhnə döyüşçü, yeni döyüşçü» və s. kimi iyrənc bir erməni üslublu bölcülük ortadadır. Bu işi görənlər də bəllidir. Bu sahədə təxribatları üzə çıxarmaq üçün kəşfiyyatçı olmaq vacib deyil. Ermənistan xüsusi xidmət orqanının başçısı Valeri Poqosyan, 90-cı illərdə əldə etdikləri üstünlüyün 60%-ni Azərbaycanın daxilindəki xainlərin hesabına qazandıqlarını etiraf etmişdi. Ukrayna örnəyini öyrənmək lazımdır.


Maraqlıdır ki, 2019-cu ildən bəri bu sosial təbəqəyə aid insanların təqaüdləri, nə indeksasiya edilir, nə də artımlar onlara şamil edilmir. Döyüşən ordunun əmək haqlarını qalib duyğusunu yaşamağa imkan vermədən azaldılmasının bu günədək bir yozumu, tutarlı arqumenti ortaya qoyulmayıb. Bu adamlar kimdən kimin qisasını alırlar?


İş o yerə çatıb ki, ömürlük müharibə əlilini «xalaqızı» baxışına çağırıb 29 illik əlilliyini ləğv edirlər. Bu adamlar anlamaq belə istəmirlər ki, dünya hüquq sistemində heç bir qanunun geriyə qüvvəsi yoxdur. Maraqlıdır ki, qalib orduya qarşı edilən bütün neqativləri adı çəkilən orqanlar Müzəffər Ali Baş Komandanın adından etdiklərini deyərək, özlərinə haqq qazandırırlar. Məgər Komandan öz əsgərlərini cəzalandırmaqmı istəyir? Bu gülməli bir arqumentdir və dərhal yoxlanmalıdır.

Zaman-zaman Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) olaraq, belə faktlar təqdim etmişik və yenə təqdim etməyə hazırıq. Lüzum olmadığı halda Nazirlər Kabineti tərəfindən 1999-2019-cu illərdə bu sosial təbəqəyə aid qanunlara edilmiş dəyişikliklər təftiş edilməlidir. Tək bircə faktı deyirəm. Müharibə şəraitində yaşayan ölkədə «Şəhid adının əbədiləşdirilməsi haqqında» ümummilli lider H. Əliyevin imzaladığı Qanunun bütün müddəaları məlum şəxslər tərəfindən dəyişdirilib. İki dəfə Azərbaycanın Milli Qəhrəmanı olmayan qəhrəman şəhidlərin büstlərinin yığışdırılması barədə bütün rayonlara göstəriş verilib. Xüsusən də təmir olunan məktəblərdə qanunun geriyə qüvvəsi olmadığını bilə-bilə bunu həyata keçiriblər. 44 günlük Vətən müharibəsindən dərhal sonra Ali Baş Komandan cənab İ. Əliyev «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» yeni qanun imzalamalı oldu. Bununla da aparılan neqativ dəyişikliklərə öz etirazını bildirmiş oldu.


Amma bütün bunlara baxmayaraq, bu «ÇeTe» özlərini «dövlətsevər», «işğüzar», «islahatçı» və s. saxta obrazını «Azərbaycan dilli Rusiya mətbuatı» vasitəsiylə yaratmaqla daha da irəli getməyə başladılar. Ermənilərin «Dəmir yumruq» əməliyyatıyla miskincəsinə məğlubiyyəti bu adamları daha da radikallaşdırdı. Məhz «Azərbaycan sindromu» adlandırdığım sindromun nəticəsində intiharlar başladı. Çünki müharibədən sonra, döyüş zamanı alınmış xəsarətlər, psixoloji travmalar, əsasən travmasonrakı stres pozğunluğu (TSSP) adlanır. Bu döyüşlərdə bir insanın psixikasına güclü mənfi təsir göstərən bir və ya təkrarlanan bir çox hadisələr nəticəsində ortaya çıxan ağır bir zehni vəziyyətdir. Travmatik stres, təhlükəli bir vəziyyətdə lazımi şəkildə hərəkət edə bilmək anında yaranır, insanın düşdüyü köməksiz və çarəsizlik hissi ilə sıx bağlıdır. Bunu əsgərlikdə olmayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Tibbi-Sosial Ekspertiza Agentliyinin sədri haradan bilsin? Konkret olaraq, bu sahəyə Dövlət diqqət ayırmalıdır.


2018-2022-ci illər ərzində intihar edən döyüşçülərin təxmin olunan siyahısını hazırladım. Həyatın ən dar məqamından adlayıb keçən bu insanları kimdir öldürən?


Yuxarıda qeyd etdiyim kimi, bu ölümlər Travmatik streslə bağlıdır, təhlükəli bir vəziyyətdə lazımi şəkildə hərəkət edə bilmək anında yaranır, insanın düşdüyü köməksiz və çarəsizlik hissi ilə sıx bağlıdır.


Qəbələ rayon Seyidqışlaq kənd sakini, Birinci Qarabağ müharibəsi qazisi, əlilliklə bağlı cavab almadığına görə Qədirov Elman İlyaz oğlu kənd yaxınlığındakı çaylaqda özünü asaraq intihar etmişdir (08.02.2018).


Birinci Qarabağ müharibəsində xidmət etdiyi hərbi hissənin qəhrəman və bacarıqlı əsgərlərindən biri kimi tanınmış qazi Müğdət Nəsirov Həkim Ekspert Komissiyasına 8 dəfə sənəd göndərib mənfi cavab aldıqdan sonra Göyçay rayonunda intihar edib (22.04.2022).


Cəbrayıl rayon sakini, 27 yaşlı Vətən müharibəsi qazisi Əlisahib Malik oğlu Məmmədov yaşadığı evin həyətində özünü asıb (23.05.2022).


II Qarabağ Müharibəsinin qazisi Vüsal Musayev müalicə aldığı müəssisədə intihar edib (06.01.2021).


Daşkəsən rayonu, Pirverdilər kənd sakini, 1990-cı il təvəllüdlü, Vətən müharibəsi içtirakçısı Fərman Həsənov yaşadığı evdə özünü asıb (22.02.2021).


Birinci Qarabağ müharibəsi qazisi Rövşən Məmmədov «Azərsığorta»ya gedib və 25 ildir ala bilmədiyi sığorta pulunu tələb edib. Lakin ona rədd cavabı verildiyinə görə əsəbiləşən qazi özünü asaraq intihar edib (30.08.2021).


Sumqayıt şəhərində 34-cü məhəllədə 2002-ci il təvəllüdlü Vətən müharibəsi qazisi Adil Bayramov özünü asaraq intihar edib (01.06.2021).


Cəlilabadda Vətən müharibəsi iştirakçısı Bəhman Abbaslı intihar edib. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak etmişdi (04.07 2021).


Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib (22.11.2021).


Şirvan şəhər sakini 1988-ci il təvəllüdlü Vətən müharibəsi qazisi Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb. (28.06.2021).


1998-ci il təvəllüdlü Vətən müharibəsi iştirakçısı, leytenant Nəbizadə Rüfət Ağayar oğlu Bakının Novxanı kəndində intihar edib (6.05.2021).


İmişli rayonunun Ağcüyür kəndində 1995-ci il təvəllüdlü Qəhrəmanov İmdad Niyazi oğlu gecə saatlarında yaşayış məntəqəsinin yaxınlığındakı çöl sahəsində özünü asıb. O, müharibə zamanı hərbi sanitar olub. (10.04.2021).


Yardımlı rayonunun Urakəran kənd sakini 1994-cü il təvəllüdlü Vətən müharibəsi iştirakçısı Fərid Rafiq oğlu Quliyev evinin bir neçə metr yaxınlığındakı meşədə özünü asaraq canına qəsd edib (24.02.2021).


Daşkəsən rayonunun Pirverdilər kəndindən olan Vətən müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib (23.02.2021).


Sumqayıtdan olan, Daxil Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu Quba rayonunda ürəyinə tapança ilə atəş açaraq intihar edib (30.01.2021).


Abşeron rayonu, Sulutəpə qəsəbəsində yaşayan, müharibədən yenicə qayıtmış 24 yaşlı Yunis Mənsurov intihar edib (09.01.2021).

Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Vətən müharibəsinə qatılmış, və 24 günlük mühasirədən sağ qurtulan 2000-ci il təvəllüdlü Babakişiyev İsmət Namiq oğlu özünü asaraq intihar edib (04.04.2022).


Qusar rayonu, Əniq kənd sakini, Vətən müharibəsində aldığı yaradan müalicə olunan Qəhrəmanov Feyruz Qəhrəman oğlu özünü ağacdan asaraq, intihar edib (25.04.2022).


Beyləqan rayonunun Şərq kəndində yaşayan qazimiz Məmmədov Elxan Mehman oğlu yaşadığı evin həyətindəki mal tövləsində özünü iplə asıb (11.02.2022)…


Bu siyahıdan sonra «Başın sağ olsun, Vətən», deyəcəkdim, deyə bilmədim. Dilim gəlmədi. «Başın sağ olsun, Vətən, deyəcəkdim», amma bu Vətənin başını tapa bilmədim. Onu deyəsən Qarabağ Zəfərindən sonra kəsiblər. Çünki içəridə xaini sağ olduqca, Vətən, sağ olmaz…


Bu gün aidiyyatlı qurumlar və onların informasiya dəstəkçiləri cəhdlə köhnə döyüşçülərlə gənc döyüşçüləri üz-üzə qoymağa çalışırlar. Guya bizlər Vətən torpaqlarını düşmənə vermişik, guya bizlər düşmənə işləmişik. Mən kimsədən deyil, bu dəfə özümdən danışacağam.


Azərbaycan illərcə hazırlaşan məkrli bir düşmənə sərf edən bir şəkildə lokal müharibəni regional müharibəyə çevirib qloballaşdıran bir dəstənin girovuna çevrilmişdi. Bu məkrli düşmənin qarşısına onların qəlıəbəsini asanlaşdırmaq üçün əsgərlikdə olmayan səriştəsiz adamlarla çıxmışdıq. Bu gün də bu qaragüruhu tənqid edənlərə qarşı bu varlıqlılar elə hücumlar edirlər ki, sanki Qarabağı bunlar yox, bizlər bazara çıxarmışdıq. Tək bir sualın cavabında gizlənən məsələni bu günədək açmağa imkan verməyən bir zehniyyətdən bu suala cavab istəyirəm: «Müharibədə postunu qanunsuz tərk edən əsgərin cəzası ölümdür. Bəs daha ağır məqamda daha məsuliyyətli postunu qoyub qaçan komandanın cəzası nədir?»


Ermənilərdən əxz edilmiş bu qaragüruh həyasızlığı, bu sualın cavabını vermək əvəzinə hər kəsi hədəfə alır. Bu ölkədə Allahı (əstəğfürüllah) tənqid edə bilərsiniz, amma ölkəni 90-cı illərdə xaosa sürükləyənləri tənqid edə bilməzsiniz. Çünki onlar Özbəkistanın azadlığı uğrunda SSRİ-ni «dağıdırdılar», Sovet Ordusu bizə çatacaq silahları satıb qaçmaq üçün macal axtarmasını isə Sovet ordusunu Azərbaycandan çıxarmaq adıyla bizə yedirirlər.

Saparmurad Türkmənbaşı Türkmənistandan çıxan Sovet Ordusu zabitlətrinin toplardan 7 çaxmaq oğurlamalarını aşkar edib rus zabitlərini toplar təmir edilib yararlı hala gətirilənədək həbsdə saxlamışdı. Bizə lüləsi sıradan çıxarılmış tank və toplar, atəşə yararsız avtomat silahları verdiklərini xatırlayanlar hələ həyatdadırlar. Bütün SSRİ-nin cənub cinahının qorunması üçün nəzərdə tutulan silahların dağıdılmasında iştirak edənlər bu xalqın düşmənləri elan olunacağı günlər, mütləq gələcək. Azərbaycan əsgərini düşmən qarşısında silahsız qoyub, özlərini ölkədən ordu çıxarmaq adıyla bizə minnət edənlər, etdiyiniz əməlləri götür-qoy edin. SSRİ-də təkcə Azərbaycan miras olaraq silah ala bilməyən ölkə olub. Sizcə niyə?..


Azərbaycan insanı daxildəki bu qüvvələrin yarıtmaz fəaliyyətlərinə baxmayaraq silahsız və təminatsız olaraq Vətənin müdafiəsinə qalxmışdı. Rusiya, Fransa, ABŞ, İran kimi məkrli imperiyalara qarşı dirəniş vacib idi. Bu savaşa qatılmış əsgəri bu gün, «vor zakonundan» siyasətçisinədək erməniyə işləyən bir yığnaq ittiham etməkdədir. O günlər, o şərəfli tarixi yazanların içində mən də vardım. Öz əsgər tariximi təqdim etməyin zamanı gəldiyini düşünürəm.

Ömür boyu reklamdan qaçsam da, bunca illər sussam da mən adi Azərbaycan əsgəri olaraq özümdən yazacağam…

Ardı var

Bu xəbəri paylaşın: