Rusiyadan Azərbaycanın rusdilli saytlarına xəbərdarlıq: “Xəbəri silin, yoxsa…”

Azərbaycan Dövlət Miqrasiya Xidməti “Sputnik Azərbaycan” saytının baş redaktoru və onun işçisi olan həyat yoldaşının iş icazəsinin müddətini uzatmayıb. Bu, Rusiyanın dövlət qurumundan Azərbaycanda bir veb-saytdan bir xəbəri silməyi, əks təqdirdə onu öz ölkəsində bloklayacağı ilə hədələməsi barədə xəbərlərin yayıldığı bir vaxta təsadüf edir.

Bundan qabaq da Azərbaycandakı bəzi rusdilli media qurumları BBC News Azərbaycancaya bildirmişdilər ki, onların da saytlarına Rusiya ərazisindən giriş məhdudlaşdırılıb.  Hətta sayt redaktorlarından biri BBC News Azərbaycancaya bildirib ki, hələ Ukrayna müharibəsindən xeyli əvvəl “Roskomnadzor”dan xəbərdarlıq məktubları alırmışlar və buna görə də “hansısa xoşa gəlməyən yazını dəyişdirməyə məcbur olurmuşlar”.

Rusiya Ukraynaya hərbi müdaxiləsindən sonra bəzi xarici mətbu orqanlara girişi məhdudlaşdırıb.

Azərbaycandakı bəzi rusdilli saytlara giriş məhdudlaşdırılandan sonra Rusiyada mənzillənən Sputnikin Azərbaycanın əleyhinə təbliğat aparması iddiası səslənərək Azərbaycan xidmətinin (“Sputnik Azərbaycan”) də bağlanması tələbləri eşidilməyə başlamışdı.

“Sputnik Azərbaycan” saytının baş redaktoru və həyat yoldaşının iş icazəsinin müddətini uzadılmaması və nəticədə onların Azərbaycanda müvəqqəti yaşamaq icazələrinin də ləğv edilməsinin bu məsələlərlə əlaqəsinin olub-olmadığı bəlli deyil.

Dövlət Miqrasiya Xidməti iş icazəsi müddətinin uzadılmaması səbəbinin şəxsi məlumat olduğunu əsas gətirərək BBC News Azərbaycancaya ətraflı açıqlama verməyib.

BBC  “Sputnik Azərbaycan”la əlaqə saxlaya billməyib.

Bəzi azərbaycanlı təhlilçilər Rusiyanın bəzi Azərbaycan media qurumlarına girişi məhdudlaşdırılmasını və ya onlara xəbərdarlıq göndərməsini «söz və fikir azadlığına müdaxilə cəhdi» kimi qiymətləndirirlər.

BBC News Azərbaycanca Rusiyanın Azərbaycandakı səfirliyindən məsələ ilə bağlı şərh ala bilməyib.

“Roskomnadzor”dan göstəriş: «müharibə» və «işğal» yazmaq olmaz

BBC News Azərbaycanca “Roskomnadzor”un saytında Azərbaycanın iki veb-saytına girişə məhdudiyyətlə bağlı məlumat tapıb: minval.az və oxu.az-la bağlı qərarda bu saytlara girişin Baş Prokurorluğun “informasiyanın qorunması” tələbi əsasında məhdudlaşdırıldığı göstərilib.

BBC, həmçinin bu qurum adından “1 news”a göndərilən məktubla tanış olub.

Rusiyanın Ukraynaya fevralın 24-də hərbi müdaxiləsindən sonra Roskomnadzor bəyan edib ki, bütün media orqanları bunu “müharibə”, “işğal” yox, “hərbi əməliyyat” adlandırsınlar və Ukrayna hadisələrini işıqlandırarkən yalnız Rusiyanın rəsmi mənbələrindən istifadə etsinlər.

Daha sonra Rusiyanın Baş Prokurorluq Ukraynadakı hadisələrlə bağlı xəbərlərində «Rusiya Ordusu haqqında yalan məlumatlar» yaydıqlarını bildirərək, bir çox KİV-in internet saytlarının bloklanmasını tələb edib.

Martın 5-də Prezident Vladimir Putin Rusiya ordusu haqqında “qəsdən yalan xəbər yayan” şəxslərə 15 ilə qədər həbs cəzası nəzərdə tutan yeni qanun imzalayıb.

Bir sıra Rusiya mediası xəbər yayan zaman ciddi məhdudiyyətlərlə üzləşməkdənsə, fəaliyyətini dayandırmağı seçib. Kreml, həmçinin bir çox xarici xəbər agentliklərə girişi də bloklayıb.

“Söz və ifadə azadlığına, plüralizmə sayğısızlıq”

Hələ mart ayında bəzi Azərbaycan veb-saytlarının Rusiya ərazisində bloklandığı məlum olanda Azərbaycan Mətbuat Şurası bəyanat yayaraq bu addımı Rusiyada “söz və ifadə azadlığına, plüralizmə sayğısızlıq” saymışdı: “Bu, beynəlxalq miqyasda qəbul edilmiş prinsip və normalara, bəşəri dəyərlərə etinasız yanaşmadır. Bu, eyni zamanda Rusiya cəmiyyətinin obyektiv məlumat almaq, alternativ fikirlə tanış olaraq düzgün nəticəyə gəlmək hüququnun məhdudlaşdırılmasıdır”.

Azərbaycanın Media İnkişaf Agentliyi BBC-yə açıqlamasında başqa bir ölkənin qurumunun Azərbaycan saytına xəbərdarlıq göndərməsini “yolverilməz” sayıb.

Ancaq təkcə Azərbaycan veb saytları giriş məhdudiyyəti ilə üzləşməyib, Azərbaycan da Rusiyanın Ria Novosti agentliyinin saytına girişi məhdudlaşdırıb.

Rəsmi Bakı bunu agentliyin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazini «Dağlıq Qarabağ Respublikası», Artak Beqlaryanı isə «dövlət naziri» kimi təqdim etməsi ilə izah edib.

Həmin vaxt  Azərbaycan Xarici İşlər Nazirliyi də RİA Novosti-dəki yazını pisləyən açıqlama yaymış və bildirmişdi ki, Azərbaycanın “ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir”.

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi BBC-yə təsdiqləyib ki, RİA Novosti Azərbaycan ərazisində rəsmi olaraq məhdudlaşdırılıb.

İyunun 10-da Azərbaycan mediasında yayılan xəbərlərə görə, RİA Novosti Azərbaycan ərazisində bloklanmasına səbəb olan müsahibəni artıq saytlarından yığışdırıb. BBC Azərbaycanca saytda axtarış edərkən müsahibənin mövcud olmadığı göstərilir. Lakin Google arxivdə müsahibəni tapmaq mümkündür.

BBC News Azərbaycanca bu məlumatı RİA Novosti ilə təsdiqləyə bilməyib, agentlik BBC-nin sorğusunu cavablandırmayıb.

“Absurd xəbərdarlıq”

Media məsələləri üzrə təhlilçi Mehman Əliyev “Roskomnadzor”un xəbərdarlığını “absurd” hesab edir:

“Ümumiyyətlə, müasir dövrdə belə bir addım atılması mənasızdır. Konkret Rusiya-Ukrayna müharibəsini götürsək, dünya mətbuatının böyük hissəsi bu məsələni Rusiyanın maraqlarına uyğun olmayan formada işıqlandırır. Siz bütün dünya mediasına blok qoya bilərsinizmi? Əslində, bu, Rusiyanın belə deyək də, təbliğat sahəsində fəaliyyət göstərən adamlarının qeyri-peşəkarlığını göstərir”.

Rusiyanın bu üsulla “haqsız olaraq apardığı müharibəyə” bəraət qazandırmağa çalışdığını deyən Mehman Əliyev  bunun effekt verməyəcəyini deyir: 

“Bu təbliğat, sadəcə ölkədə yalnız müəyyən bir kəsimə təsir edə bilər və o da müvəqqəti. Dünyada alternativlər kifayət qədərdir. Bizdə də hökumətimiz belə yollara əl atır. Məsələn, RİA Novostinin Azərbaycan ərazisində bloklanması.  Əslində, bu, doğru yol deyil. RİA Novosti dövlət agentliyidir. Əslində, dövlət səviyyəsində məsələ qaldırmaq,  yeri gəlsə, üzr istəyib, təkzib etməyi tələb etmək olardı. Bu, iki dövlət arasında həll olunmalıdır. Amma saytın qapadılması neqativ effekt verir və düzgün deyil”.

Mehman Əliyev onu da bildirir ki, siyasi mənada Azərbaycanın bu addımı atması “tərəflərin bərabər olduğu” deməkdir, amma onun firkincə, belə qarşılıqlı sayt bloklanması siyasi münasibətlərə ciddi təsir etməyəcək: “Çünki strateji münasibətlər, maraqlar var. Bu kimi şeylər taktiki gedişlərdir. Arxasında isə daha böyük məsələlər var və bu məsələlərin həlli üçün bu addımlar hansısa bir təzyiq formasıdır. Hər iki tərəf də buna əl atır. Bu isə onu göstərir ki, tərəflər üçün vəziyyət pis deyil”.

  “Azərbaycan mətbuatı nəyi doğru bilirsə…”

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Mirzəzadə BBC Azərbaycancaya deyib ki,  Azərbaycan mətbuatı «nəyi doğru bilirsə», onu da yazmaqda  azaddır:

“Azərbaycan mətbuatı kiminsə diqtəsini və ya təzyiqini qəbul etmək niyyətində deyil.  1news.az  dövlət mediası olmadığı üçün bu xəbərdarlıq birbaşa dövlətlərarası münasibətlərə təsir etməyəcək. Rusiya ilə münasibətlər normaldır, vaxtaşırı məsləhətləşmələr keçiririk. Bundan sonra da bir-birimizin daxili işlərinə qarışmadan ikitərəfli münasibətlərimiz davam edəcək”.

“RİA Novosti”nin Azərbaycan ərazisində bloklanmasını isə Aydın Mirzəzadə “Azərbaycanın özünün həm informasiya məkanını, həm də azad söz demək imkanlarını qoruyub-saxlayamaq” kimi izah edir.

Mənbə: BBC

Bu xəbəri paylaşın: