Mənim «narkotik, silah və insan alverçiliyi» ilə dolanmaqlığım…
Bu gün nədəndirsə (bəlkə də onçundu ki, son 10 gündə bir 200 min işarəlik yazı yazmışam, heç rəsmən iş yeri olan jurnalistlər bu qədər və belə aktiv və produktiv yazmırlar, dostlar oxuyub çatdırmır, amma mən elə hey yazıram) ard-arda soruşurlar ki, facebookda yazırsan ha, pul alırsan?
Deyirəm yox. Soruşurlar bəs nəylə dolanırsan? Ölmüşəm gülməkdən.
Deyirəm bəs bilmirsiniz? Deyirlər, yox! Deyirəm, ay dost, bəs sən bilmirsən, ölkədə narkoticarətin, silah, insan alverinin BARONu mənəm? Baxa-baxa qalırlar. Az qalır deyim ki, Bakıdakı gecə barları da mənimdir…
Allah insafınızı kəsməsin: milyon dəfə yazmışam e burda: 23 ildi bu hökümət mənə maaş, bu müxalifət aldığı qrantdan pay vermir. Sadəcə… tələbə yoldaşım demişkən, mən «maladets»ə yazıram!
Heç bir mükafatın yetmədi mənə,
Bircə «sağ ol»un da bəsimdi, Vətən.
Bəsimdi hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, Vətən!
(Məmməd Araz)
… day kim soruşsa, bu statusu atacam ona və dəqiq olanı budur:
Bu xalq… məni yaşadır — 23 ildir! Moskvaya gedəndə bilet alır, Moskvadan gedəndə bilet alır, Lənkərana gedəndə yola salır, Lənkərandan gələndə yola salır, hər ay evin kirayə haqqına əl tutur, yolda görəndə siqaret alır, hətta statusumda oxuyanda ki, çörək ala bilməmişəm, gətirib yarısını kirayə qaldığım binanın girişində «oxrana»ya verib gedir…
Üzümü görmədən!
Mən də «darmayed»lik, parazitlik eləmirəm, əvəzində heç kimin yazmadığını yazıram. Tutulsam da… yenə xalq saxlayar məni! Əminəm! Bir dəfə tutdular, gördüm! Dana bilmərəm! 1 il 3 ay 20 gündə çöllə əlaqəm olmadı, bircə nəfərin ziyarətindən başqa. Vəkil də tutuldu, apellyasiya şikayəti də verildi, siqaret də oldu! Belə…
Yoxsa ki, banklarda pullarım dövr eləmir, şəhərdə obyektlərim işləmir! Necə deyərlər:
Yaşa, Yaşa, Azərbaycan, durduqca bədəndə can!
P.S. 4 nəfərə bu gün belə demişəm, Allah axırını xeyrə calasın.

Aydın Can