Qazi qələmindən “Qalibiyyətin səkkiz anı” kitabının təqdimatı keçirildi

“Azərbaycan Atatürk Mərkəzi”ndə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 104-cü il dönümü münasibətilə Vətən Müharibəsi iştirakçısı, 3-cü dərəcəli müharibə əlili, qazi Həşim Mədətovun “Qalibiyyətin səkkiz anı” adlı kitabının təqdimat mərasimini keçirdi.


Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlandı. Tədbirin aparıcısı-moderatoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji məsələlər üzrə müşaviri, şairə, AYB-nin və AJB-nin üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin redaktoru Nəsibə İsrafilqızı tədbiri açıq elan edərək qonaqları sırası ilə təqdim etdi.


Sonra söz kitabın müəllifi qazi Həşim Mədətova verildi. Qazi kitab haqqında geniş məlumat verdi.

Daha sonra isə söz kitabın məsləhətçisi, AVMVİB-nin fəxri üzvü, rəssam-modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti Fəxriyyə xanım Xələfovaya verildi.


Fəxriyyə Xələfova gələn qonaqları və tədbirdə iştirak edən qaziləri bayram münasibətilə təbrik edərək, qazimiz və kitabı haqqında xoş təəsüratlarını bölüşdü.


Azərbaycan Sahibkar Qadınlar təşkilatının sədri Zenfira xanım Ağayeva da çıxış edərək kitab haqqında öz fikirlərini bölüşdü. Xatırladaq ki, Zenfira xanımın kitabın ərsəyə gəlməsində maddi dəstəyi olub.


AVMVİB sədrinin təşkilati məsələlər üzrə müavini Vahid Abdurəhmanov da çıxış edərək, hamını bayram münasibətiylə təbrik etdi və qazi H. Mədətova gələcək yaradıcılığında uğurlar arzuladı, kitabın işıq üzü görməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.


AVMVİB sədrinin müavini Salman Musayev, Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov, Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev, Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev, qazi Həşim Mədətovun atası Teyyub Mədətov, orta məktəb müəllimi, hörmətli ziyalımız Sədi Heydərov, xeyriyyəçi iş xanımı Zərnigar Kərimova, 44günlük.org saytının rəhbəri Kamran Orucov, Səbiqə Davudqızı və digərləri kitab haqqında çıxış edərək ürək sözlərini bildirdilər.


Tədbirin rəsmi hissəsindən sonra bu ilin “Şuşa ili” elan olunması ilə əlaqədar tədbirin təşkilatçısı Nəsibə xanım İsrafilqızı tərəfindən hazırlanan, Şuşamızın atributu olan “Xarı Bülbül” mükafatları və Fəxri fərmanlar qonaqlara təqdim olundu.


«Cabbar Qaryağdıoğlu» adına musiqi məktəbinin kollektivi, başda Elgiz Əliyev olmaqla xanəndə Mirəli Fəqan oğlu Sarızadə, Nihad Qəbilov, Mələk Məmmədova, İsmayıl Hacıyev, Eltun və Vaqif Mehdizadənin ifasında müxtəlif mahnılar ifa olundu.


Tədbir musiqiçilərin “Qarabağ Şikəstəsi” ifası ilə başa çatdı.

Vətən aşiqləriyik
(Qazi nəğməsi)


Qartal kimi göylərdə ağ dumana büründük,
Torpağı qucaqlayıb, dizin-dizin süründük,
Öpüb bayrağımızı, anda sadiq qalan biz,
Yurdunu yağılardan 44 günə alan biz,
Vətən aşiqləriyik!


Ayağım olmasa da, ürəyimlə gedirəm,
Gözlərim görməsə də, diləyimlə gedirəm,
Yenə gəlsə yağılar, yenə də gedərəm mən,
Şəhid olum Vətənçün, təki sağ olsun Vətən,
Vətən aşiqləriyik!


Koroğlu dəlisiyəm, Babəyimin ərəni,
Kaş görəydiz Şuşada yaranan mənzərəni,
Qalanı geri alıb, igidlər zəfər çaldı,
Adları bu cahanda “Şuşa fatehi” qaldı,
Vətən aşiqləriyik!


Nəsibə İsrafilqızı

Bu xəbəri paylaşın: