Varlığı insanlığa təhqir olan Solovyovun qələti və qələtdən betər üzürü

Xatırlayırsınızsa, iyunun 24-də Rusiya Federasiyanın xarici işlər naziri Serqey Lavrov Azərbaycana işgüzar səfərə gəlmişdi. O həmkarı Ceyhun Bayramovla görüş zamanı, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılması və sülhün təmin olunması istiqamətində addımların atılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti, bütün kommunikasiyaların açılması, gələcək sülh sazişinin imzalanması məsələləri ətrafında geniş müzakirələr aparmışdı.

Görüşün sonunda xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdı. Tərəflərin bu Sazişə əsasən, təhlükəsizlik və sabitliyi qoruyub saxlamalı, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət bəsləməlidir. Həmçinin mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmətlə yanaşmaq məsələləri əksini tapmışdı.


Fedai.az olaraq bu informasiyaya bir «P.S. Görək Simonyan və onun propaqanda bandası bu sazişə neçə saat əməl edəcəklər?» sözardı əlavə etmişdik.


Aradan cəmi 96 saat keçməmiş ermənipərəst jurnalist, Rusiya təbliğat maşınının və Marqarita Simonyanın əlaltısı Vladimir Solovyov növbəti dəfə öz iyrənc xislətini nümayiş etdirdi.

Qəlbində heç zaman gizlədə bilmədiyi erməni sevgisinin təsiri ilə bu üzdəniraq “jurnalist” Azərbaycana qarşı növbəti açıq təxribata əl atdı. O, öz canlı efirinə Qarabağdakı separatçıların “XİN rəhbəri” olmaq iddiasındakı David Babayanı dəvət edib.


Özü də çirkin kampaniyaların istehsalçısı olan təbliğat maşınının ən fəal çarxlarından biri olan V. Solovyov özünəxas riyakarlıqla sözügedən separatçını hansısa bir dövlətin rəsmi nümayəndəsi kimi qələmə verib.


Qələtini başa düşən rusiyalı zorən jurnalist Vladimir Solovyov Azərbaycan tərəfindən üzr istəyib. Bu dəfə Solovyov erməni separatçı David Babayanı “dqr” naziri kimi təqdim etdiyi üçün bu addımı atıb.


“Mən böyük siyasi səhv etmişəm. Buna görə üzr istəyirəm. Yalnız bir tərəfə söz haqqı vermişəm. Azərbaycan tərəfinə də tribuna verməyə hazıram” — o bildirib.

Solovyov bu sözlərlə, nəinki jurnalistikadan xəbərsiz olduğunu büruzə verib həm də həyasızcasına bu etiraf arxasında separatçılarla iş birliyində və erməni yalına hürdüyünü gizləməyə çalışıb. Yəni bu üzür deyil Solovyovun növbəti qələtidir…

Bu xəbəri paylaşın: