Türkiyədə ermənilərə “Qərbi Ermənistan Respublikası”nın pasportu paylanıldı

ABRAMYAN BİR QRUP “PARLAMENTARİ” İLƏ QARDAŞ ÖLKƏYƏ SƏFƏR EDİB…

Türkiyə ərazisinin bir hissəsinə və Naxçıvana iddialı olan virtual “Qərbi Ermənistan Respublikası”nın qondarma “prezidenti” Armenak Abramyan bir qrup “parlamentari” ilə Türkiyənin şərq və cənub-şərq bölgələrinə səfər edib.

Bu barədə Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Serdar Ünsal açıqlama verib.

Onun sözlərinə görə, bu ərazilərdə yaşayan etnik ermənilərə virtual “dövlət”in “pasportları” təntənəli şəkildə təqdim edilib.

Abramyan Türkiyədə separatizm təbliğatına başlayıb

“Hər gün türkcə yayımlanan “Qərbi Ermənistan” (Western Armenia) telekanalı Türkiyə ərazisinin bir hissəsini “erməni torpaqları” adlandırmağa kifayət etmir, üstəlik, Şərqi və Cənub-Şərqi Anadolunu gəzib, “pasport”, “bayraq” paylayırlar. Bu əsl qalmaqaldır! Buna niyə göz yumulur?”, – deyə Serdar Ünsal etiraz nümayiş etdirib.

Ünsal bildirib ki, qondarma erməni “dövləti”nin nümayəndələrinin Türkiyənin şərq və cənub-şərq bölgələrinə səfəri ilə bağlı reportaj “Qərbi Ermənistan” telekanalında yayımlanıb. Məlum olub ki, Armenak Abrahamyan və digərləri Dersimdə çoxsaylı erməni əsilli Türkiyə vətəndaşları ilə görüşüb, həmçinin Harput və Sur şəhərlərində olublar.

“Qərbi Ermənistan”ın məlumatına görə, Armenak Abramyan və qondarma “erməni dövləti”nin digər nümayəndələri yerli erməni təşkilatı “Dersim Hay Platforması”nın ofisində öz “soydaşları” ilə görüşüblər.

“Hakimiyyəti buna diqqət yetirməyə çağırıram! Naməlum səbəbdən Türkiyədəki erməni separatçılarının qarşısını almaq üçün heç bir tədbir görülmür”, — deyən Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavininin sözlərinə görə, “Qərbi Ermənistan” telekanalı gündəlik olaraq Türkiyənin Anadolunun şərq və cənub-şərq bölgələrini, həmçinin İğdır, Van, Rizə, Trabzon və Bitlis şəhərlərini “Qərbi Ermənistan torpaqları” kimi təqdim edir.

“Fransaya dəstək olmaq cəsarətini qazanaraq, hələ də Türkiyədə qondarma “Qərbi Ermənistan dövləti”nin bayraqlarını qaldırırlar”, – deyə Serdar Ünsal bəyan edir:

“Bu, əsl qalmaqaldır və kimsə separatçı telekanalın verilişlərini və Abrahamyanın başçılıq etdiyi təkəbbürlü fırıldaqçıların səfərlərini dayandırmalıdır. Ermənilər hələ də türk torpaqlarının bir hissəsinə iddialıdırlar. Düşünürəm ki, Türkiyə və Azərbaycanın simmetrik cavabı “Qərbi Azərbaycan İrəvan Respublikası” telekanalının yaradılması və Ermənistanın indiki ərazisinin, o cümlədən də özlərinə paytaxt seçdikləri İrəvanın əslində, türk torpağı və Qərbi Azərbaycanın bir hissəsi olduğunu, mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılması olardı. Ermənilər ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində azərbaycanlılara olduğu kimi, müasir Ermənistan ərazisində yaşayan türklərə qarşı da qırğınlar törədiblər, sağ qalanlar isə öz yurdlarından didərgin salınıb. Bu gün qondarma “soyqırım” bəhanəsi ilə Türkiyə torpaqlarını təzminat tələb edir və açıq separatçılıq təbliğatı aparırlar”.

Oxucularımızın nəzərinə çatdırırıq ki, “Qərbi Ermənistan dövlətinin bərpası” ideyası ötən əsrin 90-cı illərinin əvvəllərində, Qarabağın işğalı zamanı Azərbaycana qarşı döyüşmüş xarici ölkələrdən gəlmiş erməni muzdluları tərəfindən ortaya atılıb. Onlar Azərbaycanın bəzi bölgələrində ikinci qondarma “erməni dövləti”nin – qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasından ruhlanaraq Türkiyə ərazilərinin bir hissəsini ələ keçirib, orada virtual “Qərbi Ermənistan dövləti” yaratmaq qərarına gəliblər. Bu ideyanın ilhamvericilərindən biri də 1942-ci ildə Tiflisdə anadan olmuş və 1992-ci ilin iyununda Ağdərə istiqamətində gedən döyüşlərdə həlak olan erməni səhra komandiri Leonid Azqaldiyan idi.

Qondarma erməni “dövləti”nin yaradılması istiqamətində ilk əməli addım 2004-cü ildə Ermənistan tərəfindən işğal olunmuş Şuşada atıldı, burada “Qərbi Ermənistan Milli Şurası” yaradıldı və xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında bəyannamə qəbul edildi.

2011-ci ilin fevralında mühacirətdə olan “Qərbi Ermənistan hökuməti”nin formalaşması başladı və Türkiyənin Ərzurum şəhəri mifik dövlətin “paytaxtı” elan edildi.

2017-ci ildə “parlament” Abrahamyanı “prezident” vəzifəsindən azad edib və yerinə Radik Xamoyanı seçib

2013-cü ildə “Qərbi Ermənistan”ın qurucuları daha da irəli gedərək elektron səsvermə yolu ilə “Qərbi Ermənistan Respublikasının parlamenti”ni seçiblər. Yenilənmiş məlumatlara görə, bu “seçkilər”də dünyanın müxtəlif ölkələrində yaşayan 60 minə yaxın erməni iştirak edib. 2014-cü ilin yanvarında qondarma “parlament” virtual erməni dövlətinin “prezidentini” seçib və 2018-ci ildə qondarma “dövlət” hətta BMT-yə qəbul üçün ərizə də göndərib ki, bu da, şübhəsiz, heç kimin ağlına da gəlməzdi.

Özünü “Qərbi Ermənistan Respublikasının prezidenti” adlandıran Armenak Tyerri-Abramian birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalında iştirak edən və Ermənistan ordusunun şəxsi heyətini hazırlayanlardan biri olub.

Erməni mənbələrinin məlumatına görə, o, qatı millətçi gəncləri “qədim erməni döyüşçülərinin döyüş ruhunda” tərbiyə edib, yaxın dostları Leonid Azqaldyan və Vladimir Balayanla həmişə öndə olub. 1994-cü ildə barışıq əldə edildikdən sonra Armenak Fransaya gedib və orada Qarabağ Müharibəsi Veteranları Könüllüləri İttifaqını yaradıb.

Lakin sonradan virtual erməni dövlətinin “hökuməti”nin sıralarında parçalanma yaranıb. 2017-ci ildə “parlament” Abrahamyanı “prezident” vəzifəsindən azad edib və yerinə müəyyən Radik Xamoyan seçib. Thierry-Abramyan bu qərarı qəbul etmədi və özünü «Qərbi Ermənistan Respublikasının Prezidenti» adlandırmaqda davam edərək, hələ də yanında gəzdirdiyi mifik «dövlətin» möhürlərini və sənədlərini Xamoyana verməkdən imtina edir. İrəvandakı məlumatlı mənbələrin məlumatına görə, Xamoyan tərəfdarları Tyerri-Abramyanı “fırıldaqçı və saxtakar” adlandırırlar.

2019-cu ilin iyulunda Thierry-Abramian “Qərbi Ermənistan Respublikası”nın müstəqilliyinin tanınması üçün ABŞ-ın o zamankı prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinə müraciət edib, bu ilin aprelində isə Fransa prezidenti Emmanuel Makronu seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

“Qərbi Ermənistan”ın keşikçiləri Qarabağa ümidlərini itirdilər

Ötən ilin fevralında “Sabah” qəzetinə danışan ASIMED-in (Türkiyə əsassız Soyqırım İddialarına Qarşı Mübarizə Dərnəyinin) sədri Savaş Eyilməz qeyd edib ki, qondarma “Qərbi Ermənistan Respublikası” Fransa və bəzi başqa ölkələr tərəfindən fəal şəkildə dəstəklənən “dərin anti-Türkiyə layihəsidir”.

“2018-2020-ci illər arasında Birləşmiş Millətlər Təşkilatına üzvlük ərizəsi təqdim etməklə yanaşı, Türkiyənin şərq ərazilərinə — Qars, Ərdahan, Ərzurum, Diyarbəkir, eləcə də Azərbaycan ərazisinin bir hissəsinə qarşı iddia irəli sürüblər. Erməni separatçılarının fikrincə, bu ərazilər sakinlərdən azad edilməli və orada ermənilər məskunlaşdırılmalıdır. İndi onların mərkəzi Parisdədir və biz Fransanın türk və islamofob siyasətini yaxşı bilirik. Biz bilirik ki, digər Avropa ölkələrindən dəstək alan bu 60 min ermənidən Fransa öz maraqları üçün istifadə edir. Rusiya da onlara rəğbət bəsləyir. Nəticədə görürük ki, kənardan dəstək hiss edərək ermənilərin iddiaları günü-gündən genişlənir. Üstəlik, onlar internet, sosial şəbəkələr və mediadan yararlanmaqla getdikcə daha çox tanınır. Televiziyalarında Ərzurumdan, Qarsdan xəbərlər verirlər, amma bu bölgəni Türkiyə kimi deyil, Qərbi Ermənistan kimi təmsil edirlər”.

Eyilməz əlavə edib ki, Ermənistanın əvvəlki separatçı təşəbbüsləri kimi bu layihə də uğur qazanmayacaq.

“Onlar nəinki bizi soyqırım faktını tanımağa və onlara təzminat ödəməyə məcbur etmək istəyirlər, həm də Türkiyənin suveren ərazisinin bir hissəsini iddia edirlər”, — Eyilməz davam edib:

“Təbii ki, onlar heç bir təzminat və ya ərazi almayacaqlar, bu təşəbbüs sadəcə, gülüncdür! Bununla belə, burnumuzun dibində olan bu cür açıq-saçıq, həyasız separatizm təbliğatına göz yuma bilmərik. Əgər biz təsirli əks tədbirlər görməsək, onlar daha da cəsarətli, güclü və çoxalacaq”.

ASİMED sədri hesab edir ki, Türkiyə qeyri-hökumət təşkilatları türkofob fəaliyyət göstərən erməni strukturlarının fəaliyyətini yaxından izləməli və operativ reaksiya verməlidir.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: