Rusiya nəşri yazır ki, Bakı ilə İrəvan arasında konstruktiv dialoq qurulub

Rusiya nəşri yazır ki, Bakı ilə İrəvan arasında Moskvanın vasitəçiliyi ilə nəqliyyat dəhlizi üzrə konstruktiv dialoq qurulub.

Rusiyanın tanınmış “ İzvestiya” nəşri maraqlı iddia ilə çıxış edib. Alp.az qəzetə istinadən xəbər verir ki, Ermənistan və Azərbaycan Rusiyanın köməyi ilə “Zəngəzur dəhlizi” avtomobil yolunu razılaşdırıblar.

“Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi üzrə avtomobil yolu ilə bağlı razılaşdırılmalı olan 6 kilometrlik kiçik bir hissə qalıb”.

Bu sözləri “İzvestiya” qəzetinə yüksək rütbəli məlumatlı mənbə deyib.

“Azərbaycan və Ermənistan hələ ötən ilin payızında Naxçıvana dəmir yolu dəhlizi barədə razılığa gəliblər. Baş nazir müavinlərinin iyunun 3-də keçirilən son iclasında 6 km-lik çatışmayan hissə istisna olmaqla, gələcək marşrutun istiqamətlərini razılaşdıra bildilər. Orada dağlar var və Rusiyanın ”Avtodor» şirkəti ora mütəxəssislər göndərir ki, məsələnin mühəndis həllini tapsınlar», — mənbə bildirib.

Nəşrə danışan mənbənin sözlərinə görə, marşrut Ermənistan tərəfdən Araz çayının paraleli ilə keçəcək. Qalan hissədə 1992-ci ilə qədər Naxçıvanı Ermənistan ərazisindən keçərək Azərbaycanın Zəngilan rayonu ilə birləşdirən köhnə sovet yollarından istifadə olunacaq. Mənbə izah edib ki, onlar gələcək dəhlizin demək olar ki, bütün xətti boyunca qorunub saxlanılıb, ancaq Naxçıvan və Ermənistanla sərhəddə bir hissə qalıb. O aydınlaşdırıb ki, Bakı bu ilin martında Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisindən Naxçıvana yolun çəkilməsi niyyəti ilə bağlı Tehranla memorandum imzaladıqdan sonra Ermənistan tərəfi danışıqlar prosesini sürətləndirib. “İzvestiya”nın mənbəsi əlavə edib ki, “bu variantın Ermənistan üzərindən avtomobillə əlaqə yaratmaqdan daha baha başa gəlməsinə baxmayaraq, Nikol Paşinyan prosesi uzatmaqda davam edərsə, İlham Əliyev buna hazır idi”. Rusiya nəşri yazır ki, Bakı ilə İrəvan arasında Moskvanın vasitəçiliyi ilə nəqliyyat dəhlizi üzrə konstruktiv dialoq qurulub.

“Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin regional kommunikasiyaların açılması üzrə işçi qrupu xüsusən də sərhəd və gömrük nəzarəti məsələlərində İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib”. Bunu isə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib. “Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətini konstruktiv hesab edirəm. Bu, şübhəsiz ki, çətin işdir, lakin qeyd etməliyəm ki, tərəflər bir çox sərhəd və gömrük nəzarəti, eləcə də Ermənistan və Azərbaycan ərazilərindən avtomobil və dəmir yolları ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçidi ilə bağlı mövqelərini yaxınlaşdıra biliblər”, — Qriqoryan bildirib. Onun sözlərinə görə, hazırda ekspert alt qrupları avtomobil və dəmir yolu infrastrukturunun bərpası və istifadəsi ilə bağlı məsələlərin işlənməsini davam etdirirlər. Bu açıqlama Rusiya nəşrinin xəbərini təsdiqləyir. Rusiya indilikdə ABŞ və Avropa Birliyinə rest çəkmək üçün Azərbaycanla Ermənistan arasında razılaşmanın olmasında maraqlıdır. İlkin olaraq bu, kommunikasiyaların açılması ola bilər. Rusiya bu razılaşmanı icra edə bilsə, regionda əsas skripka rolu oynadığını sübut etmiş olacaq.

Bu arada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinqdə bildirib ki, yaxın zamanlarda Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü mümkündür. “Belə bir görüşün yaxın vaxtlarda keçirilməsinin mümkünlüyünə dair məlumat var”- Qriqoryan iddia edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, hazırda Azərbaycanla 4 əsas məsələnin, o cümlədən kommunikasiyaların açılması, delimitasiya və demarkasiya işləri, humanitar məsələlər müzakirə edilir.

Bu xəbəri paylaşın: