POEZİYA ÇƏLƏNGİ: EHEYY, SƏS ELƏYİN…

ELBARİZ MƏMMƏDLİ

Görən, Xocalıda hava necədi?
Bitirmi yamacda ağ çiçəkləri?
Yəqin, gecələri fərqli gecədi,
Daha ruh oxşamır dağ çiçəkləri…

EHEYY, SƏS ELƏYİN…

Mən çox inanmıram siyasilərə,
Hər sözün dalında yüz yerə him var.
Görən bizimdirmi o dağ, o dərə,
Eheyy, səs eləyin, Laçında kim var?

Başımız qarışıb boş söhbətlərə,
Hərəni bir yalan sıxıb köksünə.
Neçə ki, ruhumuz güvənir şərə,
Dərd bizə yüklənir, sevinc əksinə.

Bir ovuc barıt tək yanıb sönürük,
Çıxır yaddaşlardan Vətən andı da.
Çoxumuz tamahla şirə dönürük,
Milləti talayıb əlimyandıda.

Orda ocaqların canında təlaş,
Düşüb labirintə bitməyən dava.
Yenə ortalıqda it oğlu rus baş,
Hara üz tutursa, qarışır hava.

Burda öz kefini yaşayır şəhər,
Dolu vitrinlərdə kasıb nəzəri.
Cılız körpələrin üzündə qəhər,
Aclığı andırır nə vaxtdan bəri.

Ekrandan, efirdən «qoğal» tökülür,
Bilmirik, Şuşanın halında nə var.
Hardasa, kiminsə qəddi bükülür,
O qarşı dağların dalında nə var?

Hələ yol gözləyir, gözü yol çəkən,
Əsir dərələri duman öldürür.
Yağı güllələri bağrını sökən,
Yaralı meşəni güman öldürür.

Görən, Xocalıda hava necədi?
Bitirmi yamacda ağ çiçəkləri?
Yəqin, gecələri fərqli gecədi,
Daha ruh oxşamır dağ çiçəkləri.

Bilinmir nə yönlü göydə buludlar,
Qara əllər gəzir, biz deyən haqda.
Eheyy, səs eləyin, Laçında kim var?
Əl tətikdə olsun, millət ayaqda.

ŞÜKR

May ayının son həftəsində kəndimizdə Şəhid Parkının açılışına dəvət olunmuşdum. Tədbirdə pedaqoji fəaliyyətlə məşğul olan sinif yoldaşlarımla görüşmək imkanım oldu. Sevindim. Xatirəli günlərimizə varıb, indi uzaqlarda qalan illərimizi xatırladıq. Sovet cocuğu olan bizlərlə indiki nəslin müqayisəsini apardıq. İndikilər xoşbəxtdirlər. Çünki onların Azərbaycan adlı müstəqil ölkəsi var. Deməli, bizim uşaqlıq illəri millətimiz və Vətənimiz üçün heç də sevincli günlər deyilmiş…

Yaxşı günlər idi, ötən o günlər,
Quş tək uçururdu röyamız bizi.
Bütün qayğılardan gendə tuturdu,
Atalı, analı dünyamız bizi.

Aradan qəm dolu illər ötsə də,
Duyğusu ürəkdə kiçilə bilməz,
Bizim uşaqlığın böyük sevgisi,
Dünyada heç nəylə ölçülə bilməz.

İndi həsrətini elə çəkirik,
Şıltaq ömrümüzün, şən ömrümüzün.
Könlümüz yük tutub xatirəsindən,
Sevgisi göylərə tən ömrümüzün.

Hardasa, bəlkə də izimiz qalıb,
Qalıb sinfimizin daş-divarında.
Uşaq sevdasıyla ad yazdığımız,
Qoca bir ağacın budaqlarında.

İndi doqqazların azalıb küyü,
Elə bil zamanın nəbzi dayanıb.
Düşmən həmlələri qəm gətirəli,
Burda uşaqlıq da özünü danıb.

Vətən nəğmələri dodağımızda,
Yadların şəninə şeir oxuyurduq.
Biz nə bilirdik ki, azadlıq nədi,
Başımız üstündə sirr, oxuyurduq.

Şükr, vaxt dəyişib, zaman dəyişib,
Şükr, bayrağımız göylərə təndi.
Dünən yad əllərdə olan ruhumuz,
İndi bizimkidi, indi Vətəndi.

AĞRI

Elə hey yazırıq, heç nə dəyişmir,
Qalır kağız üstə yazdıqlarımız.
Dəllal bazarına dönüb məmləkət,
Tərsinə işləyir yozduqlarımız.

Hara əl atırsa, talayır, çapır,
Bircə əməliylə min bədlik yapır,
Dinəndə milləti it kimi qapır,
Adını bəşərdən pozduqlarımız.

Düşmən tələsində bu, yazıq Vətən,
Duyğusunda zülmət, ümidində çən,
Bizi bağrımızdan paralayıb, tən,
Hər gün ünvanına qızdıqlarımız.

Bilmədik qədrini hürr olanların,
Aldanıb felinə sirr olanların,
Atdı zindanlara pir olanları,
Şəklini divardan asdıqlarımız.

Bəlkə də bu zillət Tanrı işidi,
Susub lal olmaq da qul vərdişidi,
Qədri bilinməyən beş-üç kişidi,
Hər gün quyusunu qazdıqlarımız.

Ömürdü, mənasız vururuq başa,
Elə bil dönübdü bağrımız daşa,
Haşa, yaxşıların adından, haşa,
Yalanmış eşqində azdıqlarımız.

Bu xəbəri paylaşın: