Olmayan Mətbuatın gününə SÖZARDI…

XAQANİ Ədəboğlu

Azərbaycanda jurnalistikanın bircə problemi var: O da yazmaq problemidir. Əli Həsənovun dövründə «Azərbaycan jurnalistikasını cəlladını sevən məşuqəyə» bənzətsəm də bu gün adına «nəsə» dediyimiz mirasa ad da tapmıram. Konkret dəfələrlə demişəm ki, jurnalistikanı təmizləmək və inkişaf etdirmək istəyən oğlan, vəsiqə eşqinə düşməz, bu sənəti sertifikatlaşdırar. Azərbaycan jurnalistikasında çox az redaktor yazmağı bacarır. Ona ev də versəniz, pul da versəniz xeyri yoxdu. Jurnalistika məhsulu təkcə oradan-buradan çırpışdırılan xəbərlərdən ibarət deyil. Təqdim edilən məhsulda analitik, tarixi yazılar, müsahibələr, köşələrlə yanaşı, oçerk və reportajlar və s. janrlarda yazılar olmalıdır.


Qarabağ savaşı dövründə informasiya savaşında Azərbaycan jurnalistikası çox cılız və miskin bir görkəm almışdı. Qələbəyə yaxın bir ölkənin mətbuatı demək olar ki, ortada yox idi. Bu yoxluğu yaradanları yığıb Şuşada məzələnmək kimə lazım idi? Onların ayıbını elə Bakının kiri-pası güclə örtürdü. O müqəddəsliyi anlamayanların Şuşada nə ölümü vardı? 22 iyulda keçirilən “Dərinləşən Media İslahatı” (?!) adlı konfransda özünü media kapitanı adlandıran şəxslər spirtli içki qəbul etdikdən sonra hərəkət və davranışlarına nəzarəti itiriblər. Tədbirin iştirakçılarından olan Ülviyyə Alovlu adlı nümayəndənin yazdığına görə, Eynulla Fətullayev, qafqazinfo.az saytının redaktoru Elbrus Ərud «şəhidləri də ağır söyüşlərlə söyüblər». Yazıda orada qazilərin olduğu da qeyd olunur. Mən olmayan bir sənətin tör-töküntüsünü bir kənara atıb, o qazilərdən soruşuram: «Niyə şəhidləri yanınızda söyən adamların heç olmasa xərəkdə gətirilməsini təmin etmədiniz?» Yoxsa bu qaziləri də, elə bu «jurnalistika pokazuxaları» kimi seçiblər? Belələrinin, nəinki söyüşləri, elə varlıqları, bu ölkədə yaşamaları insanlığa bir təhqirdir…


Amma öz aramızdır bu ishalatçılar (islahat yox), nədə olmasa yaxşıca adlar kəşf edirlər: TƏBİB, DOST, MEDİA, ASAN və s. Təbibdən başlayaq. Xəstədən tutmuş həkimədək hər kəsi boğaza yığan bir dövlət paralelidir. Atmacası isə belədir:

Təbib, sən əlləmə mənim yaramı,
Məni bu dərdlərə salanı gətir.
Qəbul etmə bir az əskik olursa,
Məndən bu ömrümü çalanı gətir…


Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi düşmən elan etdiyi xalqa DOST xidməti təklif edir. Növbəli və 5 manatlıq notariat təsdiqini 11 manata təsdiqləyən xidmətə ASAN, Əli Həsənovun mirasını hərflərlə islah etmək üçün isə MEDİA yaradıblar, onun mövcud siyahısı üzrə işləri davam etdirməkdəyik. Əflatunun vəsiqəsini yeniləyib, Əlinin siyahısını saxlamağın adı islahat ola bilməz. Onsuz da bu ölkədə torpağı kəndlidən, dəzgahı fəhlədən, piştaxtanı tacirdən, tikintini inşaatçıdan alıb məmurlaşdıran işbilməz bir zümrə var. Bunca naqisliklərin arasında «evini satıb söz yaradan Zərdabinin yolunda, sözünü satıb ev alanların» adını çəkməyin. Bu bəşəri bir ayıbdır…


Jurnalistikaya bundan artıq söz həsr eləməyə dəyməz. Fikirlərimi bir lətifə ilə tamamlamaq yerinə düşərdi. Azərbaycan məmurlarına yığıb islahatlar göstərişi vermək yığıncaqları yadıma bu lətifəni salır. Hər dəfə də bu uyğunluq acı bir təbəssüm doğurur…


Meşədə Qurd Dovşanı harada görsəydi, təpə-qapaz edib, o ki var döyərmiş. Bir gün Dovşan cəsarətlənib Şirə şikayətə gedir.


Şir Qurdu çağırıb danlayır: «Dovşan səndən şikayətçidir. Onu bir daha döyməyəcəksən».


Qurd deyir ki, mən artıq adətkardayam. Onu görəndə mütləq döyməliyəm. Çox söhbətdən sonra həftədə bir dəfə döyməyə razılaşırlar. Dovşanı çağırır və məsələdən agah edirlər. Dovşan sevinir ki, 7 gün döyülməkdənsə, 1 gün döyülmək yaxşıdır. Fərman imzalanır. Elə iclasdan çıxan kimi Qurd dovşanı yanına çağırıb deyir: «A Dovşan, bəri gəl. Onu yenə salır təpə-qapazın altına və deyir ki, dəftər tut yaz, bu olsun bu həftənin payı».


Sabah Dovşanı çağırıb o ki, var döyür və deyir: «Yaz bu da olsun gələn həftənin payı». Bu minvalla Dovşan hər gün döyülür və döyüldüyünü dəftərə yazır.

Bir gün Şir Dovşanla qarşılaşıb soruşur: «Vəziyyət yaxşıdırmı?»


Dovşan deyir: «Vallah, döyülmək elə həmin döyülməkdi, bir az yazı-pozu işim artıb»…

Azərbaycanın əsil jurnalistləri çox da ürəklərinə salmasınlar. Bizim gələcəkdə deməyə sözümüz var. Deyəcəyik ki, onlar bizim sahəni işğal etdilər.

Sadəcə bacarmadıq. Bütün işğalların əlbət ki, bir sonu mütləq vardır…


İndisə bu mediadan doğulan məmləkətimizin halına baxaq.


Qazandığımız halal zəfərimizi durmadan bizə haram etdilər. Döyüşən ordunun maaşlarına tələsik əl gəzdirdilər. Kommunal (qaz, su və s.) qiymətləri qaldırdılar. Döyüşdən gələnlərə əlillik dərəcələri bu günədək get-gələ saldılar, faktiki müharibə əlillərinin əlillik dərəcələrini kəsdilər, qazilərin müalicəsi və adaptasiyası diqqətdən kənarda saxladılar. Bu məmləkəti bu gün də qazi-qazi yandırırlar. Bizim olmayan neftdən qismətimizə düşən pay özümüzü yandırmağa yetir. Öndə media deyil, sosial şəbəkə və ictimai qınaq durdu. Çünki bizim mətbuat öz subyektini tanımayan bir yığnağa çevrilib.
Təkrarlamaqda fayda var» deyə Böyük Türk sərkərdəsi Çingiz xanın bir məşhur fikrini bir daha xatırladıram: «İçindəki düşmənə qalib gələ bilməyən xalq, ordusu nə qədər güclü olursa olsun, heç vaxt qələbə qazana bilməz».


Dayanıb 5 nəfərlə söhbət edirsən. Bu adamların ikisi Rusiya, ikisi İran agenti çıxır. O biri isə Avropanın beynini yuduğu bir kosmopolitdir. Adamı dəhşət bürüyür ki, niyə bu məmləkətin çörəyini yeyib, suyunu içənlərin bircəsi bizə işləmir və gələcək perespektivlərində belə bir istəkləri də yoxdur.

…Yadıma daha bir lətifə düşür. Bir ac canavar meşədə yem tapmadığından qəsəbəyə dadanır. Bazar kənarında, birinin süd qabını aşırıb südü içir, sonra bir çörəkçinin çörəyini oğurlayıb yeyir, bir toyuq satanın toyuğunu, mollanın eşşəyini yeyir və bir gün də qəssabın ət dükanından da bir budu oğurlayıb yeyir.

Canavarın gəlişindən duyuq düşən kəndin itləri canavarı qovmağa başlayarlar.


Qovhaqov başlar…


Elə ilk yorulub dayanan qəssabın iti olur. Çox yağlı yediyindən nəfəsi kəsilir və dayanır. Sonra südçünün, daha sonra isə çörəkçinin, mollanın və toyuq satanın iti qovhaqovdan vaz keçərlər. Ancaq canavar kənddən çıxıb yaxınlıqdakı meşəyə çatanadək dəmirçinin iti ondan əl çəkməz. Canavar qaça-qaça deyinər: «Bilirəm ki, südçünün südünü içmişəm, tamam. Çörəkçinin də çörəyini yemişəm, o da tamam. Mollanın eşşəyini də parçalamışam. Bu da məlum. Hələ qəssabın itini heç demirəm. Bütün bunlara baxmayaraq, onların itləri məndən əl çəkdilər. Bəs yaxşı, görəsən, mən bu dəmirçinin nəyini yemişəm ki, onun iti məndən əl çəkmir?»


Bəs görəsən bu məmləkəti sevənlər haradadırlar?


Məmurları anladıq. Onlar oğurladıqları pulların əsirinə çevriliblər. «Oğurladıqları» deyəndə inciyirlər. 2000 manatlıq maaşla yığdıqları «kəfən pulu» deyək. Bəs Putindən, Xameneyidən ötrü yaxasını cıran bu acından günorta duran kütbeyinlərə nə deyəsən? Bax o dəyərsiz mətbuatın doğduğu cəmiyyət budur. Hələ bu faciələrin başlanğıcıdır. Faşizmin ideoloqlarından olmuş Cozef Göbbelsin bir sözü var: “Medianı mənə verin və mən istənilən millətdən donuz sürüsü düzəldim”.


Bu gün məmləkətdə diriyə baxıb ölüyə, cavana baxıb qocaya, sağlama baxıb xəstəyə həsəd aparmaqdayıq. Bizlərə 5 dilli məmur tapırlar və baxırıq ki, bu adamın öz dilini bilməməsi cəhənnəm, heç mənsub olduğu kolonun da dilini düz-əməlli bilmir. Elələri var ki, vallahi adam dilini yadırğayıblar.

Səhərdən axşama, gecədən sübhədək haramla oynayanın adamlıqda nə iti azıb? Bu gün bütün sahələrdə «İşverənlər» (işə götürənlərin rəsmi kargüzarlıqdakı adı belədir. Pis anlamayın) guya işçiləri imtahanla işə götürürlər. Məsələn, qaynaqçını göndərirlər imtahana və ona Eynşteynin nisbilik nəzəriyyəsindən sual salırlar. Yazıq 25 illik stajı olan qaynaqçı ilişib Eynşteynə qalır, avara. Daha o «imtahan-imtahan» oyununu düzənləyən möhtəkrləri deyil, başlayır Eynşteyni söyməyə. Çünki Eynşteyni günahkar bilir. Ona görə də bəzi məmurların əməllərini görüncə, təklif edirəm ki, belələrini işə götürəndə imtahan-zad lazım deyil, sadəcə ağ kağız üzərində düz xətt çəkdirmək yetərlidir. Nə dediyimi anlayanlar anladı.


Vətənə, xalqa xor baxan bu adamlar içində elələri var ki, eləsinə adam deyib salam vermək qəbahətdir. Yaxşı, ay mollabaşlı, rusbaşlı xainlər sizə agent lazımdısa, gedib adam tapın da, bu pislikləri niyə mataha çevirirsiniz? Belələrini bəlkə də heç ana doğmayıb, sanki özgə nə isə ifraz edəndə bayıra atıblar. Ya da ki, bu xainlərin zatlarının palçığına bolluca peyin qatılıb. Yoxsa normal insan öz ölkəsinə bunca xəyanət yolu tuta bilərmi?

Unutmaq olmaz ki, Milli şüuru olmayan bu məxluqlar çox qorxunc və təhlükəlidirlər. Bu gün dəbdədir, ər-arvad dalaşanda da günahı 5-ci kolonda görürlər. Amma bu tip açıqlamaların da məqsədi bu xainləri daha etibarlı və yaxşı maskalamaqdır. Bunlar, nəinki, xarici dövlətlərə, hətta dünyada mövcud olan terrorçu təşkilatlara — İŞİD-dən tutmuş ASALA, FETÖ, PKK-ya qədər bütün terror təşkilatlarına casusluq içərisindədirlər. Bu nə vətəndaşlıqdı, bu nə insanlıqdı?..


Bunların hansı ilə uğraşasan. Politoloxluqda və xainlikdə Araz Əlizadənin zənən variantı Nəzakət Məmmədova adlı birisi peyda olub. Onun bisavadcasına və inadla söyülmək, ölkəmizdə işğalçını təbliğ etməklə gündəm olmaq istəyi ortadadır. Arazı anladıq, onun mayası korlanıb, bəs bu zənən xeylağının bir yiyəsi yoxdurmu? Rusiyanı, daha dəqiq İvanı sevirsən köç get Rusiyaya. Çünki bu məmləkət bizim üçün əcdad mirası, onlar üçün isə talanmağa, satmağa verilmiş bir məkandır. Belə şeyləri anlamazsınız. Mikayıl Müşfiq yazırdı:


Hər pambıq tarlası düşmənə mədfən;
Hər açılan qoza ona bir kəfən.


Xainin erkəyi dişisi olmaz. Biri çadraya bükülüb 87 yaşlı İranın «1000 yaşlı mollası» Xamneyi qağasının amerkansayağı Zəngəzur vəəzlərini təbliğ edir, birisi də soyunub Putin adlı raşistin Xocalı faciəsi fonundakı «sapoqlarını» əzizləyər. Çünki daxildə xainliyə bir imunitet var. Xainlik bir cür dəbə minib. Allah Şəhriyara rəhmət eləsin:


Qurd qurdnan dolaşır, itlər itinən,
Qurd şikarnan doyar, itlər kütinən,
Yanaşanın qoynu dolar bitinən!
Heç eldən özgəyə qardaş olarmı?
Fars, Çin, Urusdan da yoldaş olarmı?..


… Bu ölkədə «kimsə boş deyil», varlılar gecə-gündüz daha çox oğurlamaq üçün baş sındırırlar, kasıblar isə bu oğruların oğurladıqlarını hesabını çəkərlər və pulunu sayarlar. Hər kəs işindən məmnundur.

Elə olmasaydı, oğrunun yerinə yeni bir oğru təyin ediləndə xalq səs-küy salardı? Xalq bəzən yanlış olaraq zülmün bitməsini gözləyər. Zülmün bitməsini gözləmək yox, onu bitirmək lazımdır. Çoxumuz zülmün öləcəyini gözləməkdəyik. Heç ölümdə də səmimi deyilik. Ölən zalimi elə ibarələrlə anırıq ki. molla da bu adamın o dünyaya apardıqlarının hesablarını çəkər. Amma heç bu dünyada qoyub getdiyi pisliklərdən danışan olmaz. O dünyanın hesabını, onsuz da «canı çıxa-çıxa» bizsiz verəcəklər. O hesabı çəkən çəkəcək. Bu dünyada qoyub getdikləri pisliklər isə bizi zaman-zaman təqib edəcək. Çünki diriyə bağışlamadığımız hər şeyi, həmin adamın ölüsünə bağışlayacağıq. Bu bizim yanlış mentalitetimizdir. Elə bu səbəbdən də zülmdən yeni zülüm törəyər. Biz zülmün də, zalimin də, yalanın da, həqiqətin də hüdudlarını itirmişik. Çünki hamının bildiyi şey, cinayət sayılmaz, zülüm sayılmaz, oğurluq sayılmaz. Sanki bunlar, ələ keçmiş bir dana oğrusu kimi and içiblər: «Arığından tövbə, kökündən şorba». Kişi and içib deyə təskinlik taparıq, amma nəyə and içdiyinin fərqinə varmarıq. Bu məntiqlə biz baş verən bütün neqativləri bilir və hətta iştirak edirik. Səsimiz çıxmırsa, deməli bu durum bizə sərf edir. Amma unudulmamalıdır ki, korrupsiyanın başlanğıcı ləzzət, ortası dəhşət və sonu isə fəlakətdir. Biz hansı mərhələdəyik? Bu mənim kəşfim deyil. Aqillərin sözüdür. Mən isə vur-tut sizlərdən biriyəm…


Beləcə torpağı kəndlinin, qoyunu çobanın, dəzgahı fəhlənin, jurnalistikanı əsil jurnalistlərin və s. əlindən alındığı yerdə indi də Şuşanı şuşalının, Ağdamı ağdamlının, Zəngilanı zəngilanlının, Kəlbəcəri kəlbəcərlinin və s. əlindən almaq planı ortadadır. Bir tanış jurnalist tez-tez Kəlbəcərə gedə bilməməsindən mənə şikayətlər edir. Bir gün dedim ki, çarəsini tapmışam. Özü də 5-10 manata başa gələr. «Lap 100 manat olsun» deyə, müsahibim, getmək yolunu soruşdu. Dedim ki, gedirsən, qəssabdan bir yekə qoyun dərisi alırsan və geyinib qoşulursan bir oliqarxın sürülərinə, sənə yaxşı yol…


Çünki ölkədə vətəndaşın Kəlbəcərə getməsi üçün 200 baş qoyunu, 10-dan yuxarı iri buynuzlu mal-qarası və nə qədərsə arı pətəyi olmalıdır. Buna uyğun gələn adamları həm Laçına, həm də Kəlbəcərə buraxırlar. Nə etmək olar? Bizi yaxşı tanıyırlar.

Əvvəlcə qoyun olduq, 5-3 dələduzun fitnələrinə uyub gözəlimiz Qarabağı əldən verdik. İndi isə qoyun olsaydıq, gedib xaraba Qarabağımızı görərdik, deyə qoyuna həsəd çəkməkdəyik. Əbəs yerə ölkəni təzadlar ölkəsi adlandırmırlar…


Bu günlərdə mərmərlərlə döşənmiş keçiddə aclıqdan əsnəyən bir dilənçi gördüm. Qəpik üçün əl açan adamın vücudu, geyimi və ən azı donuq baxışları onu buraya ehtiyac adlı bir düşmənin əsir alıb gətirdiyindən xəbər verirdi. «Məni kəfənsiz dəfn edin və kəfənimdən yetim cocuqlara köynək tikin» — deyən zehniyyətlə bir dünyada yaşayan vətəndaş kimi xəcalət çəkdim. Bakıda dilənən bu dilənçinin ayağı altında və arxasındakı mərmərlərin alınma və vurulma qiymətlərini hesablasanız 1 kv. metrinin smeta dəyəri bəlkə də 300-500 manata başa gəlib. Bu cah-cəlalın üstündə dayanıb dilənən vətəndaşın ölkəsində çıxan nefti, qazı demək artıq şitlik olar. Qətər adlanan dövlətdə cəmi 73 ildi ki, neft tapılıb. Bu 73 ilin son 40 ilində bir bədəvi ərəb çıxdı və öz xalqını, öz ölkəsini dünyanın ən varlı ölkəsinə çevirdi. Bizdə isə 216 ildi ki, sənaye, 1000 ildi ki, kustar üsulla neft çıxarılmaqdadır. Üstəlik, qızıl, mis, dəmir, civə, Mendeleyevin bütün qeyri kimyəvi elementləri çıxarmaqdayıq.

Amma bu ölkədə hələ də o mağmun dilənçi dayanıb əsnəməkdədir…

Azərbaycan mediasının yaratdığı və yetişdirdiyi ən üzdə olan obraz isə onların gündəmini bəzəyən manşet xəbəri «Bayram Nurlu ilə bağlı olar». Həqiqətən də Mətbuat cəmiyyətin «aynasıymış», amma rica edirəm, bu «aynaya» çox baxmayın…

Bu xəbəri paylaşın: