
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri qazilərlə bağlı yazdı...
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğulları, qazilərimizin və digər hərbi qulluqçularımızın göstərdikləri igidlik nümunələri heç vaxt unudulmayacaq. Çünki onlar xalqımızın gözlədiyi Qələbə gününü reallığa çevirmək üçün öz layiqli töhfələrini veriblər. Əsgər də, şəhid də yaralananda ölmür, unudulanda ölür.
Bu gün döyüşdən qayıdanlarla iş aparılmır demək insafsızlıq olardı. Amma aparılan işlərin sistemsizliyi və pərakəndəliyi, konkret sosial proqramların olmaması, qanunvericilik bazalarının veteranların iştirakı olmadan Nazirlər Kabineti tərəfindən qəbul edilməsi mövcud problemləri daha da ağırlaşdırıb. Bu gün döyüşdən qayıdan 30 minlik gənc veteran artıq bizim birliyimizə üzv olublar. İmkanlarımız daxilində onların cəmiyyətə adaptasiyasında iştirak etməyə çalışmışıq. Lakin bu bizim könüllülərin imkanlarını aşan bir problemdir. Dövlət proqramı işlənsə bunca qazilərimiz intihar etməzdilər. Faktiki olaraq araşdırmışıq ki, bu gənclərin əsas iki problemi var. Birincisi, psixoloji dəstək, ikincisi isə, işsizlikdir. Bu problemi həllinə köhnə döyüşçülərin cəlb edilməməsi, hətta müharibə bir yana, əsgərlikdə olmamaları bu problemin həllini çətinləşdirir.
Amma bu günlərdə Prezident İlham Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyinat ilə əlaqədar qəbul edərkən müharibə veteranları və döyüşçülər barədə bir daha öz göstəriş və tapşırıqlarını məmurlara, aidiyyatlı qurumlara çatdırdı. Özü də əsil Ali Baş Komandan qətiyyətiylə və hər kəsə aid olan tapşırıqlar verdi. Xatırladım ki, cənab prezidentin birmənalı mövqeyi həmişə eyni olub.
Ali Baş Komandan deyib: «Hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun».
Təkcə Ali Baş Komandanın bu sözləri bir fəaliyyət proqramı kimi hər kəsə kifayət edər. Təki iş görməyə və problemləri çözməyə meyilləri olsun.
Ali Baş Komandanımız cənab İlham Əliyevin qazilər haqqında dediyi sözlərin hər birisi, bir fəaliyyət proqramı qədər dəqiq və uzaqgörənliklə deyilib: «Biz bu Qələbəni onlara — şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik».
Prezident İlham Əliyev daha sonra deyib: «Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir».
Buradan bir daha gənc qazilərimizə üz tuturam. Döyüşçü də hamı kimi yaşamaq, öz arzularına qovuşmaq istəyir. Bu, təkcə döyüşçünün deyil, hər kəsin haqqıdır. Ancaq unutmaq olmaz ki, qarşıda hələ də düşmən var, döyüşçünün müqəddəs vəzifəsi Vətənin müdafiəsidir. Müharibə insan psixologiyasında izsiz ötüşmür, itkisiz olmur. Vətəni Vətən, toplumu millət eləyən şəhidlərimiz və döyüşçülərimizdir. Sizlər də Vətən yolunda yürüdüyünüz üçün bu yurdun ən şərəfli insanlarısınız. Bu adı qorumaq hər birimizin borcudur. Bu gün daxildəki və ölkədən xaricdə bu müqəddəsliyi hədəfə alanlar qarşısında hər birimiz daha mətin dayanmalıyıq.
Hər bir döyüşçünün dost bildiyi Milli Məclisin sədr müavini Adil Əliyev bu günlərdə etdiyi məlum xəbərdarlıqla hər biriniz tanışsınız. Daxildə ölkəmizə qarşı, Komandanımıza qarşı çıxan bu gizli qüvvələrə qarşı ölkə rəhbərinin ətrafında daha sıx birləşməliyik. Çünki qazanılmış Zəfər və onun məqsədli şəkildə tam və qəti qələbəyə doru irəliləməsi kimlərinsə yuxusunu qaçırıb. Həssas qurum olan bu təbəqəyə qarşı neqativ halların 99 faizi elə bu kolon mənsublarının çirkin və məkrli əməlləridir. Bizlərin incik salınması, sosial narazılıq və s. onların istəkləriylə baş verir. Birgə və Müzəffər Ali Baş Komandanımızın komandanlığı ilə öz istəklərimizə nail olacağıq. Bizim döyüşçü kimi missiyamız Dövlətimizi və dövlətçiliyimizi təhlükələrdən qorumaqdır.
Yaşasın Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!
