Yasamal rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının və Yasamal rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 26 iyul 2022-ci il tarixdə, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının akt zalında 26 iyul-Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş tanınmış idmançılarla gənclərin görüşü keçirildi. Görüşdən öncə iştirakçılar tərəfindən Yasamal Rayon Şəhidləri Abidə Kompleksi ziyarət edildi, daha sonra Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyuldu.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başladı. Gənclər və İdman Nazirliyinin yaranmasına həsr olunmuş video çarx nümayiş etdirildikdən sonra Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbir iştirakçılarını salamladı, daha sonra “Gənclər və İdman Nazirliyinin yaranması zərurəti və perspektivlər” mövzusunda məruzə etdi. İlham Səfərov çıxışında bildirdi ki, 1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradıldı.
Bununlada dağınıq halda olan respublika gəncləri bir mərkəzdə birləşərək qısa müddət ərzində respublikanın ictimai-siyasi, sosial həyatında aktiv rol oynamağa ölkənin aparıcı qüvvəsinə çevrilməyə başladı. Gənclər dövlət idarəetməsində rəhbər vəzifələrə təyinatlar aldı. Gənclər arasında aparılan düzgün ideoloji iş sayəsində vətənpərvər, dövlətini sevən gənclik formalaşdı. Məhz bu gənclər Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında birləşərək 2020-ci ildə misli görünməmiş qəhrəmanlıq və rəşadət nümayiş etdirərək 44 gün ərzində torpaqlarımızı düşməndən azad etdi, 30 ilədək davam edən Vətən həsrətinə son qoydu. Azərbaycan gənci öz sözünü idman arenalarında da layiqincə deyir. İdmançılarımızın Olimpiya Oyunlarında, Dünya və Avropa Çempionatlarında, müxtəlif mötəbər beynəlxalq turnirlərdə əldə etdiyi medallar buna bariz nümunədir.
Daha sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev “Ümummilli lider Heydər Əliyevin idman siyasəti” mövzusunda çıxış etdi. Çıxışlardan sonra idmançılar da öz növbəsində söz alaraq, Gənclər və İdman Nazirliyinin yaranması günü münasibəti ilə gəncləri təbrik etdi, keçdikləri əzmkar həyat yolundan danışaraq parlaq qələbələrə gedən yolun ağır lakin şərəfli bir yol olduğunu qeyd etdilər. Onlar möhtəşəm qələbələrini xalqımıza həsr etdiklərini bildirərək, ölkəmizin idman ölkəsi olmasından qürur duyduqlarını bildirdilər.
Görüşdə “Əməkdar məşqçi”, kikboksinq üzrə 26 qat dünya Çempionu Eduard Məmmədov, boks üzrə 2004-cü il Afina Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və 2 qat Avropa çempionu, “Əməkdar idman ustası” Ağası Məmmədov, “Şöhrət” ordenli, Taekvando üzrə I Avropa Oyunlarının qalibi Ayxan Tağızadə, boks üzrə dünya çempionu, İslam Həmrəylik Oyunlarının qızıl mükafatçısı Cavid Çələbiyev, “Əməkdar İdman Ustası”, ağırlıq qaldırma üzrə 4 qat Dünya, 7 qat Avropa çempionu, dünya rekordçusu Vüqar Namazov, kikboksinq üzrə peşəkar K-1 kəmərinin sahibi, 2 qat dünya çempionu, uşu sanda üzrə 9 qat dünya çempionu, 3 qat dünya kubokunun sahibi, 3 qat Avropa çempionu, Əməkdar İdman Ustası, Prezident mükafatçısı Emil Hacıyev, boks üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Əli İsmayılov, MMA üzrə 3 qat dünya, 2 qat Avropa çempionu, İdman Ustası Elçin Hüseynov, karate şotokan üzrə 2 qat Dünya və 3 qat Avropa çempionu beynəlxalq turnirlərin qalibi idman ustası,1ci Vətən müharibəsi Qazisi Həsən Quliyev və karate şotokan üzrə Dünya və Avropa çempionu beynəlxalq turnirlərin qalibi idman ustası Tərlan Cavadov və digər tanınmış idmançılar iştirak etdi.

Tədbirin sonunda “26 iyul-Gənclər və İdman Nazirliyinin yaranması münasibətilə və peşəkar idmanda əldə etdiyi yüksək nailiyyətlərə görə” bir qrup idmançı Fəxri Fərmanla təltif edildi.
Tədbir iştirakçıların xatirə fotoçəkilişi ilə başa çatdı.






