«Azərbaycan məhkəmələrini dünya ədalətinə görk olaraq yaradıblar» desək yanılmarıq. Azərbaycan məhkəməsi faktiki olaraq mövcud olan insan haqqında «ölü», adam haqqında isə, ümumiyyətlə «sən adam deyilsən» qərarı çıxara bilən tək və analoqu olmayan bir qurumdur. Çünki dəfələrlə yazmışıq ki, dünyada ədalət, bizdə isə haqq və ədalət sistemi var. Yəni haqqını ver, ədalətini al.
Veteran.az saytının redaktorunun başına gələnləri canlı-canlı izləyib bir daha və bir daha buna əmin olduq. Məhkəmə qərarıyla əlil olan şəxs Nurlan Məmmədovun işlədiyi əmək haqqına və hətta cüzi əlillik müavinətinə əl qoyulur. Bu ağıl və ədalət quyusu heç olmasa bu şəxs üçün yemək cəhənnəm, işə getmək üçün yol pulu da saxlamır. Qarşı tərəflə «əməlli-başlı him-cimləşən» ədalət mühafizlərimizin ürəyi belə istəyir. Nə edə bilərik ki? Sən hakimdən çox bilmirsən ki?
Xatırladım ki, məhkəmə və bankın 5 uşaq atası, müharibə veteranı, polkovnik-leytenant Şahmurad Məmmədovun məhkəmədə ürəyi partlayıb, dünyasını dəyişməsini xəbər vermişdik. Onun da bütün pensiyasını borca yönəldilmişdi. Yenə eyni üslub, müharibə veteranının oğluna tətbiq edilir. Göz görə-görə bir insanın yaşamaq hüququna qəsd edilir. Öz hüququnu tələb edəndə isə onu yerinə yetirməkdən konkret boyun qaçıran məhkəmə icraçılarının əməlləri rəhmətlik Hüseyn Arifin deputatlığı ilə bağlı bir lətifəni yada salır. Hüseyn Arif Xutor adlanan ərazidə seçicilərlə görüşdə deyir ki, bu yöndəmsiz gecəqonduları sökdürəcəyəm. Seçici soruşur: «Bəs bizə evi kim verəcək?» Şair deyir: «O işə deputat yox, Baksovet baxır»…

Məsələ ilə bağlı müharibə veteranının oğlu Nurlan Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Quliyevə açıq müraciətini olduğu kimi diqqətinizə çatdırırıq:
AÇIQ MƏKTUB

Hörmətli Telman müəllim!
Şuşa rayon məhkəməsinin 2(077)-22/2021 saylı, 22.04.2021-ci il tarixdə (hakim Cəmilə Səfiyeva) çıxardığı qətnaməni ədalətsiz hesab edərək Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdim. Sizin sədrlik etdiyiniz məhkəmənin 17.06.2022-ci il tarixli qətnaməsi (iş № 2/(105)-1179/2022) ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
Düşünmək olar ki, məhkəmədə əleyhinə qərar verilən tərəfin, yəni məim narazı qalmağım təbiidir, amma bu, o qəbildən olan hal deyil. Çünki burada Sizin — yəni Telman Quliyevin qarşı tərəfə — yəni Allahverdiyeva Vəfa Elxan qızına tərəfkeşliyiniz açıq-aşkar duyulurdu. Məhkəmənin qərarına müdaxilə etmək hüququm olmasa da, hakimlər qərar verməkdə müstəqil olsalar da bu məsələdə ortada olan faktlar Sizin çıxardığınız qərar ilə o qədər ziddiyyət təşkil edir ki, istər-istəməz qərar işlə tanış olan hər kəsdə haqlı şübhə doğurur. Siz aşağıdakı diqqətəlayiq faktları və halları birmənalı olaraq nəzərə almadınız:
1) Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzili 4% güzəştli ipoteka şərtləri ilə imtiyazlı vətəndaş olaraq mən əldə etmişəm.
2) Qeyd olunan mənzilin Çıxarışı mənim adıma olmuşdur.
3) Mənim şəxsi vəsaitim olan 20.000 manat pul məbləği ilkin ödəniş kimi mənim tərəfimdən hesaba köçürülüb, ödəniş qəbzi mənim adımadır.
4) İddiaçı Allahverdiyeva Vəfa Elxan qızı məhkəmə zalında ona təqdim etdiyim 20.000 manatın mənim vəsitimin olması ilə bağlı apellyasiya ərizəmə əlavə ilə tanış olduqdan sonra o, məhkəmənin mənim xeyrimə qərar çıxara biləcəyi ehtimalından ehtiyat edib audiovizual qeydiyyat alltında mənə qarşı iddiasından imtina etdiyini, heç nə istəmədyini elan etmişdir. Xahiş edirəm audiovizual qeydiyyata təkrar baxıb bu məqamı nəzərdən qaçırmayasınız.
5) 2019-cu ilin aprel ayında mənzildən qovulduğuma baxmyaraq daha iki ayın aylıq ipoteka ödənişlərini (2019-cu ilin iyul ayına kimi) mən həyata keçirmişəm.
6) Qarşı tərəf mənim şəxsi əşyalarımla bərabər dövlət tərəfindən mənə verilən şəxsi sənədlərimi də özündə girov saxlayaraq mənə qaytarmaqdan imtina etmişdir.
7) Qarşı tərəfin həm özü, həm də qardaşı tərəfindən dəfələrlə ölümlə təhdid olunmuşam, müxtəlif məzmunlu hədə-qorxuya və şantaja məruz qalmışam, ürək xəstəsi olduğumdan fiziki, psixoloji və mənəvi zərər çəkmişəm.
8) Evdən qovulandan – mülkiyyət hüquqlarıma qəsb ediləndən sonra həm aliment, həm ananın işləmədiyi 3 il müddətində əmək haqqımın ¼ miqdarında bütün gəlirlərimdən aliment ödəyirəm.
9) Allahverdiyeva Vəfa Elxan qızı uşağın kimin yanında qalıb yaşaması ilə bağlı iddia irəli sürmüş, Yasamal rayon məhkəməsi bu iddianı təmin etmişdir.
10) Bunlar azmış kimi (ilkin və aylıq ödənişlərin mənim tərəfimdən aparılmasına baxmayaraq) birinci instansiya məhkəməsinin qətnaməsi ilə ipoteka ödənişlərində borclu çıxarılaraq daha 2500 manat vəsaitin mənim əmək haqqımdan məcburi tutularaq iddiaçıya verilməsi icra olunmuşdur.
11) Apellyasiya ərizəmin olmasına baxmayaraq birinci instansiya məhkəməsinin icraya yönləndirdiyi icra prosesi bu günə kimi dayandırılmamışdır. Bununla əlaqədar müvafiq qurumlara şikayət etsəm də nəticəsiz qalmışdır.
12) Mənim mənzildən tamamilə imtina etməyim tələb olunmuşdur. İddiaçı və və qardaşı dəfələrlə məni hədələmişdir ki, əgər evə tərəf yaxınlaşsam və ya daxil olmaq istəsəm, “övladını balkondan aşağı atmaq istədi”, “mənə zor tətbiq etdi”, “çantandan narkotik maddə çıxacaq” kimi ifadələrlə şərləyib tutduracağı ilə hədələmişdir. Qarşı tərəf özünü ürəkkeçmə xəstəliyinə vuraraq simulyasiya etməklə dəfələrlə məni təhdid etmiş və psixoloji terrora məruz qoymuşdur.
13) İddiaçı Allahverdiyeva Vəfa Elxan qızı və qardaşı Allahverdiyev Anar Elxan oğlunun Prezidentin Mühafizə Xidmətində yüksək vəzifə tutan Əli Mirzəyev adlı qohumlarının nüfuzu, əlaqələri və vəzifə səlahiyyətlərindən istifadə edərək məhkəmələrdə bütün proseslərə təsir edəcəklərini iddia etmələri, eyni zamanda bütün imkanlarından istifadə edərək məni işdən çıxaracaqlarını, bunun üçün zəruri dövlət və inzibati resurslara malik olduqlarını, doktorantura pilləsində təhsilimi bitirdiyim halda dissertasiyamın müdafiəsində mənə hər bir vəchlə ciddi əngəl yaradacaqlarına davam edəcəklərini bəyan etmişlər.
Yuxarıda sadalanan bütün müddəalar birgəyaşayışın mümkün olmadığına dair hüquqi əsaslar müəyyən etmişdir. Həmin kontekstdən çıxış edərək qarşı tərəfin qaldırdığı iddiaların hüquqi mahiyyəti, mənə qarşı sərgilədiyi mövqe birgəyaşayışın mümkünsüz olduğunu göstərən açıq dəlillər hesab olunmalı idi. Çünki bununla bağlı həm Yasamal rayon Məhkəməsinin qüvvədə olan qətnaməsi, həm də mənim müxtəlif aidiyyəti orqanlara ünvanladığım şikayət və müraciətlərim mövcuddur. Mən apellyasiya məhkəməsində, audiovizual qeydiyyat altında da qeyd olunan mənzildə birgəyaşayışın mümkün olmadığını bildirmiş və birgəyaşayışdan yuxarıdakı səbəblərə görə imtina etmişdim.
Hörmətli Telman müəllim!
Yuxarıda göstərilənlər, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzilin hündürmərtəbəli binada yerləşməsi, bir giriş-çıxış qapısının, bir mətbəxinin, bir sanitar qovşağının, bir əlüzyuyanının, qaz plitəsi üçün bir qaz xətti borusunun, digər sanitar-iaşə və kommunal qovşaqların 1 vahiddə mövcud olması o deməkdir ki, həmin mənzildə bir ailənin yaşaması nəzərə tutulmuşdur. Yəni bina inşa edilərkən, mənzil satılarkən inşaat işləri aparılarkən texniki-mühəndis işləri bir ailənin yaşaması və istismarı üçün hesablanaraq görülmüşdür. Biz isə artıq ailə deyilik. Yasamal rayon Məhkəməsinin (hakim Rəşad Cavadzadə) 2(004)-164/2020 saylı, 07.01.2020-ci il tarixli qətnaməsi ilə ailə münasibətlərinə xitam verilmişdir. Siz isə bunun ziddinə qərar qəbul etmişsiniz. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından hüquqi qüvvəsini almış qətnaməni əsassız hesab etmişsiniz. Sizin məqsədiniz nədir, cənab hakim? İddiaçı özü dili ilə etiraf edir ki, mənə qarşı heç bir pul iddiası yoxdur və heç nə tələb etmir. O zaman Siz nə üçün məndən tutulan 2500 manat məcburi tutulmanı qüvvədə saxlayırsınız? Siz nə səbəbə birgəyaşayış mümkün olmadığı halda məni məcbur o mənzildə yaşamağa təşviq edirsiniz? Sizin məqsədiniz odur ki, qətl hadisəsi baş versin? Qan düşsün? Niyə insanları cinayətə sövq edirsiniz?
Bir daha vurğulayıram, mən və vəkilim dəfələrlə audiovizual qeydiyyat altında elan etdik ki, birgəyaşayış mümkün deyil, mən hədə-qorxuya və ölümlə təhdidə məruz qalıram. Mənzilə köçürülməməyimlə bağlı etiraz sənədini də xeyli əvvəl məhkəmənin dəftərxanası vasitəsilə sizə təqdim etmişdim. Nə üçün nəzərə almadınız?
Hörmətli Telman müəllim!
Ola bilsin ki, Siz Konstitusiyanı yox, İslam dininin şəriət qaydalarını əldə rəhbər tutaraq hesab edirsiniz ki, biz ailəyik. Buna bir söz deyə bilmərəm. Konstitusiyamıza görə hər kəsin vicdan azadlığı var. Lakin diqqətinizə çatdırmağı özümə borc bilirəm ki, atamın və onun timsalında Azərbaycan Respublikasının azadlığı, Konstitusiya quruluşunun müdafiəsi, suverenliyi və ərazi bütövlüyü zamanı sağlamlığından və canından keçən minlərlə insan ümummilli liderimiz Heydər Əliyevin ətrafında sıx birləşərək bu dövləti dünyəvi olaraq qurmuşlar. Siz dövlətə, onun Konstitusiya quruluşuna müdaxilə etməyi bacarmayacaqsınız.
Sizin Allahverdiyeva Vəfa Elxan qızının məhkəmə zalına Qurani-Kərim keçirməsinə müdaxilə etməməyiniz, müqəddəs kitaba qüsul almadan toxunaraq çantasından çıxarmasına, and içdirməyə çalışmasına, daha sonra açıq kameralar qarşısında səsləndirdiyi “Bəs Prezident əlini Qurana basıb and içəndə yaxşıdır?” ifadəsinə məhəl qoymamağınız cənab Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanına qətiyyən uyğun gəlmirdi.
Hörmətli hakim!
Siz bu qətnamə ilə artıq bir yerdə yaşamaq istəməyən və ailə olmayan iki vətəndaşı təkcə bir ailənin yaşamasına və tələbatına uyğun mühəndis işləri görülmüş və dizayn edilmiş mənzilə köçürmək kimi uğurusz təcrübənin Azərbaycan hüquq tarixinə düşməsinə müəllifik etmiş oldunuz.
Hüquqi dövlətin mahiyyətinə uyğun gəlməyən qərarınız, Azərbaycan Respublikası Konstitusiyasının müddəalarını və qanunlarını şəxsi qaydaların və korporativ maraqların əsirinə çevirməyiniz hüquqpozmanın ən acı tərəfidir. Vətəndaşın hüquqlarının pozulması özlüyündə nə qədər iyrənc hal olsa da, bu hüquqpozmanı ədalət təmsilçisi həyata keçirdikdə daha murdar şəkil alır. Zənn edirəm ki, sanki bu qərarları hakim mantiyasında deyil, məişət şəraitində vermiş oldunuz. Sonda isə mənə tövsiyə etdiniz ki, ən yaxşı yol budur ki, bunu məhkəmədən kənar həll edim və gedib birlikdə yaşasam mənim üçün daha yaxşıdır.
Cənab hakim!
Ölkə cəngəllik qaydaları ilə idarə olunmur. Böyük Atatürk demişdir ki, ədalət mülkün təməlidir. Dövlət ədaləti hifz etməsə, heç bilirsiniz nə baş verər? İnsanlar öz bilidyi şəkildə ədaləti bərpa etməyə başlayar. Məşhur ingilis fiilosofu Tomas Hobbs “Leviafan” əsərində “insan insanın canavarıdır” deməklə ictimai münasibətlərin tənzimlənməsində hüququn aliliyini ön plana çəkmişdir. Siz isə bu qərarlarınızla Azərbaycanın qanunvericilik sistemini Tomas Hobbsun yaşadığı dövrdən də əvvələ atdınız. Ola bilsin ki, sizin oğlunuz, qızınız yaxud qohumlarınızın övladları xaricdə təhsil alır. Onlar şahidi olanda ki siz belə qətnamələrə müəllifik etmisiniz, barənizdə nə fikirləşəcəklər? Heç olmasa onların Azərbaycan hüquq sisteminə inamını öldürməyin.
Hörmətli Telman müəllim!
Mən Şuşa şəhərindən məcburi köçkünəm, atam Qarabağ müharibəsi qazisi olmuşdur. Özüm II qrup əliləm, ürək xəstəsiyəm. Ali məktəb müəllimiyəm. Yeni Azərbaycan Partiyasının fəal üzvüyəm. Deyim ki, Siz mənim Azərbaycanda hüquq bərabərliyinə olan inamımı sarsıtdınız, qanunun aliliyi prinsipinin yeri gələndə bir şəxsin maraqlarına qurban verilə bildiyini nümayiş etdirdiniz. Əgər hesab edirsinizsə ki, mən sizin bu qərarınızla razılşacağam, möhkəm yanılırsınız.
Mən inanıram ki, Azərbaycan Respublikasında qanunun aliliyi prinsipini ayaqlar altına atan hakimlər artıq çox az sayda qalıb. Sizi möhkəm əmin edirəm ki, tarix onları tezliklə layiq olduqları yerə sovurub atacaqdır. Sözsüz ki, sizin qətnamənizdən Ali Məhkəməyə şikayət verəcəyəm. Əgər qaydaların qanun olduğunu diktə edənlər hakimiyyətin geniş resurslarından faydalanaraq hüquqlarımı pozmağa davam etsələr mən Avropa Məhkəməsinə müraciət edəcəyəm. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq hüquq konvensiyalarında təsbit olunan insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsiplərini rəhbər tutaraq mülkiyyət hüquqlarmın pozulmasında müstəsna rol oynayan, altında sizin imzanız olan qətnaməni müxtəlif xarici dillərə tərcümə edəcəyəm. Şikayətimi hüquqların müdafiəsi üzrə ixtisaslşmış beynəxalq təsisatların media orqanlarına, digər nüfuzlu qəzet və jurnallara ünvanlayacağam.
Çox təəssüf edirəm ki, mən xarici dil biliklərimi, enerjimi və vaxtımı elmi işimlə bağlı araşdırmalara istifadə etməkdənsə, hüquqlarımın bərpası istiqamətində dünya təşkilatlarına şikayətlərə sərf edəcəyəm. Eyni zamanda bununla bağlı Azərbaycandakı xarici ölkələrin səfirlərini, beynəlxalq təşkilatların rəhbərlərini də məlumatlandıracağam. Halbuki hüquqlarımın öz ölkəmdə qorunması bir gənc olaraq məndə dərin təəssüf yerinə böyük fəxarət hissi formalaşdırardı.
Qeyd edim ki, Azərbaycanda 87.000-dən çox üzvü olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sizə ünvanladığı müraciətə, mənim diqqətəlayiq hal kimi nəzərə almağınız üçün işə əlavə etdiyim sübutlara münasibət bəsləməməyinizi, əvəzində iddiaçının Qurani-Kərim kitabına and içməsini əsas götürməyinizi və istəyim olmadan, iradəm əleyhinə məni mənzilə köçürməyinizi təəssüf və narahatlıq hissi ilə qınayıram və düşünürəm ki, mənim kimi az-çox öz hüquqlarını bilən ziyalı bir insana belə kazuslar yaşadırsınızsa, indi görün hüquqlarını bilməyən, zavallı, köməksiz vəziyyətdə olan digər vətəndaşlarımız əlinizdən nə zülmlər çəkir.
Həmçinin mənim aqibətəmi yaşamasınlar deyə vətəndaş cəmiyyətinə, jurnalistlərə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Quliyevin bundan sonrakı fəaliyyətini ictimai nəzarətdə saxlamağa çağırıram.
Eyni zamanda, hüquqlarımızı qorumağa mükəlləf olanların özlərinin bizim hüquqlarımızın pozmalarına barışmaz mövqe sərgiləməyə və qətiyyətlə sona qədər mübarizə aparmağa səsləyirəm.
Nurlan Məmmədov
24.06.2022
P.S. Bir daha bildirim ki, ölkədə kimsə kimin məktubunu oxumur. Oxumasa da yazdıq. Yazdıq ki, hər kəs bilsin…
Elnur Səlim
