Füzuli Rzaquliyev AVMVİB üzvlərini təbrik etdi

Qarşıdan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) yaranmasının 28 illiyi gəlir!

Bu məqsədlə görüləcək tədbirlər barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin fikirlərini öyrəndik.

Füzuli Rzaquliyev dedi ki, məlum olduğu kimi, avqustun 26-da Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təsis olunması günüdür. Düz 28 il öncə atəşkəsdən sonra döyüşçülərin ordudan tərxis olunması prosesi birliyimizin yaranma zərurətini meydana gətirdi. Ulu öndər Heydər Əliyevin yürütdüyü daxili sosial siyasətə dəstək olmaq üçün AVMVİB çox işlər gördü. Ən başlıcası bu gün hər kəsə tanış olan döyüşçülərin cəmiyyətə adaptasiya olmasına öz töhfəsini verib. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərdən sonra da tərxis olunmuş 30 min gənc döyüşçü bu gün AVMVİB-nin sıralarına könüllü şəkildə üzv olublar. Bu şəxslərin cəmiyyətə adaptasiya olunması üçün öz imkanlarımız daxilində işlər görmüş və görməkdəyik.

Sədr F. Rzaquliyev qeyd etdi ki, öz fəaliyyətini «İctimai birliklər haqqında», «Veteranlar haqqında» Respublika Qanununa uyğun şəkildə quraraq, öz üzvlərinin və müraciət edən şəhid ailələrinin problemlərinin həllində AVMVİB daim öndədir. Hələ də ölkə rəhbərinin göstəriş və tapşırıqlarını, adını çəkdiyim Qanunları qulaqardına vuran bəzi məmurlar müharibə iştirakçıları ilə dil tapa bilmirlər. Hətta bəzən kimlərdənsə sifariş alanlar kimi hərəkətlərə yol verirlər. Buradan gənc döyüşçülərə üz tutub deyirəm ki, düşmən qabağında dik duruşunuza bu intiharlarla kölgə salırsınız. Bunu etməyin. Mübarizə döyüşçünün xarakterindədir. Haqsızlıq qarşısında intihar etmək döyüşçüyə yaraşmayan bir xüsusiyyətdir. AVMVİB-nin «hamımız bir nəfər üçün» devizimiz var. Problemi olan veterana imkanlarımız daxilində yardım etməyə yardımçı olmağa çalışırıq və bu şəxs bu gündən baxanda özünü tənha deyil, ən azı 87 min nəfər olduğunu mənən hiss etməlidir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) 28 ildir öz imkanları hesabına ayaqda durmağı bacarıb. Bəziləri elə bilirlər ki, AVMVİB-nin böyük imkanları var. Amma bir həqiqəti bir daha deyim ki, «Veteranlar haqqında» Qanuna uyğun olaraq bizim mənsub olduğumuz ictimai birliyi hökumət maliyyələşdirməlidir. Dəfələrlə müraciət etsək də, çox sayda ictimai birliklərə vəsait tapan Nazirlər Kabineti biz döyüşçülərin ictimai birliyinə, öz Vətənimiz uğrunda döyüşənləri birləşdirən birliklərə vəsait tapa bilmədi. Bu gün bu təşkilat sırf könüllülük əsasında fəaliyyət göstəririk. Eləcə də öz Nizanamə prinsiplərimizi həyata keçirmək üçün can atırıq. Görüşlər keçirir, gənclərimizdə vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunmuş tədbirləri, əsgərlərimizlə birgə olmağı öz istəklərimizlə həyata keçiririk.

Hər bir veteran ilk gündən özünü Ali Baş Komandan cənab İlham Əliyevin əsgəri sayıb. Bunu 44 günlük Vətən müharibəsi günlərində bir daha sübut etdik və bu gün hər bir veteran belə Müzəffər Komandanı olmasıyla fəxr edir. Bu illər ərzində, həm Prezidentimiz İlham Əliyevin, həm də I Vitse Prezident Mehriban Əliyevanın müharibə iştirakçılarına və şəhid ailələrinə qarşı diqqət və qayğı görmüşük.

Qarşıdan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) 28 illiyi gəlir. Hər birinizi bu Böyük gün münasibətiylə təbrik edirəm. Bizimlə başlanan bu yolun sonu Zəfərlə sonuclandı. Birincidə bizlər, İkincidə övladlarımız vuruşdu. Bu tarixi yaradanlar müharibə veteranlarıdır, o tarixi öz qanlarıyla yazanlar qazi və şəhidlərimizdi. O müqəddəs Bayrağı öz layiq olduğu yerə sancanlar da Sizsiniz. Bu günü görmədən sıralarımızı tərk edən müharibə veteranlarımızı rəhmətlə anıram. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onları həmişə anmalıyıq. Bu gün bizim günümüzdür. Vətənin harayına səs verənlərin, sinəsini düşmən gülləsinə sipər edən veteranların günüdür!

Gününüz mübarək!

Bu xəbəri paylaşın: