1905-1906-cı illərdə erməni-müsəlman davası kimi tarixə düşmüş hadisələr zamanı nifaq dərinləşdi və hər yerdə atışma səsləri eşidilməyə, hər yanda qan izləri görünməyə başladı. Ölkənin dinc, silahsız türk-müsəlman əhalisi öldürülür və alçaldılırdı. Çar Rusiyası hakim dairələri isə bu haqsızlığa göz yumur və bir az da irəli gedərək hadisələri qızışdırır, erməniləri silahlandırırdılar. Belə ağır məqamda “Difai” (ərəbcə “müdafiə” mənasını verir) adlı milli-ideoloji təşkilat yaradılır. Bu təşkilatın fəal üzvlərindən biri də Mirzə Hüseyn bəy Münşizadə idi.
Mirzə Hüseyn bəy Qarabağda, Şuşada tanınmış münşizadələr soyuna mənsubdur. Bu soy nəzərəlibəylilərin qoludur. Nəzərəlibəyli tayfası isə Cavanşir elinin Hacılı camaatına bağlıdır. Onun ulu babası Mirzə Kərim bəy Nəzərəi bəy oğlu Hacılı-Cavanşir (1768-?) Xanlığın divanxanasında katib kimi xidmət etmişdi.
Babası Hacı Mirzə Məhəmməd bəy Mirzə Kərim bəy oğlu (1800-?) şair, xəttat, müəllim kimi Qarabağda tanınırdı.
Hacı Mirzə Məhəmməd bəyin Kərim bəy adlı oğlu vardı.
Atası Kərim bəy Hacı Mirzə Məhəmməd bəy oğlu (1827-?) həm şair, həm xəttat, həm də müəllim idi.
Mirzə Kərim bəyin Hüsеyn bəy, Məmiş bəy və Əli bəy adlı oğulları vardı.
Hüsеyn bəy Mirzə Kərim bəy oğlu 1863-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi.İbtidai təhsilini atasından almışdı. Bir çox şərq dillərini bilirdi.
Hüseyn bəy Münşizadə tacir idi. Şuşa şəhərində Rastabazarda dükanları vardı.
Hüseyn bəy Münşizadə müəllim idi. “Nəşri-Maarif” məktəbində dərs demişdi. Professor Zeynal Tağızadə öz xatərəsində yazır: “Məni Şuşada açılan Nəşri-Maarif məktəbinə babam apardı. Bu məktəb aşağı məscidin binasında idi. Hücrələrin arasını açıb iki böyük dərs otağı eləmişdilər, qalanları yenə də balaca, qaranlıq idi. Bir tərəfdə də uzaq yoldan gələn tələbələr yaşayırdılar. Məktəbin müdiri şeyx Hüseyn Heydərzadə (Əbdürrəhim bəy Haqverdiyevin Şeyx Şəban əsərindəki prototipi idi) savadlı idi. “Bəyani-həqq” adlı əsərini Cahangir xan Nurubəyov nəşr etdirmişdi. Uşaq çox olduğu üçün məscidin həyətində başında tüklü papaq olan birisi əlində köhnə bir vedrə tuturdu. Daxil olmaq istəyən uşaq bu vedrədən bir bükülü kağız çıxarardı. Yanda duran üç nəfərə uzadır, onlar da alıb kağızı açırdılar. Sənin qəbul olunub-olunmadığını deyirdilər. Məni babam irəli apardı. Gözümü yumub kağızı çıxardım. Oxudular – Mübarək, mübarək, qəbul olundu. Hacı bəyin baxtı var imiş, dedilər. Sevincək evə gəldik. Nənə zolaq-zolaq çitdən bir heybə tikdilər, içinə əlifba kitabı, dəftər və karandaş qoyuldu. Səhəri məni məktəbə yola saldılar. Yaxın olduğu üçün özüm tək getdim. Mirzə Bəşir Yusifzadə ana dili dərsi, Mirzə Hüseyn Münşizadə fars və şəriət, Mirzə Dadaş – coğrafiya, tarix, Xudadat Əzizbəyov hesab dərsini deyirdilər. Dərslərini yəqin ki, yuxarı siniflərdə də aparırdılar. Müəllimlərdən elə qorxurduq ki, küçədə uzaqdan görəndə qaçıb gizlənirdik. Ən əzazili Mirzə Hüseyn idi. Bir gün məscidin həyətində Kərbəlayı İbiş oğlu Emili gərməşoğ çubuğuyla o qədər döymüşdü ki, çoxumuz ağlamağa başladıq, yalvardıq… yenə əl çəkmədi.

Mən məhəllə məscidində Mirzə Molla Hüseynin yanında da bir az oxumuşdum. Uşaq döydüyü üçün qorxub getməmişdim. Xülasə, mollaxanadakı palaz, döşəkcə əvəzinə skamya, lövhə, tabaşir olsa da, döymək adəti qalmışdı. Bizə deyirdilər ki, siz çox xoşbəxtsiniz. Quzanlı Molla Mehdi şagirdin qulağını dartıb çıxardıb. Mirzə Aslan şagirdin başının tükünü yolur, sonra iki barmağı arasında üfürürdü. Falaqqa yox idi. Ancaq dəstə-dəstə bağlanmış zoğal çubuqları göz qabağında idi. Biri mənimdi, qalanından götür kefin nə qədər istəyir. Eliş onları bəsləyirdi. Vay o günə ki, şagird səhv oxumuş ola. Onun qələtini məcburən öz yoldaşlarına düzəltdirərdi. Səhv eləyinin əlinə çubuqla vurmalı idi. Axı, öz yoldaşıdır. On dəqiqədən sonra bir yerdə oynayacaq, amma əlac yoxdur, birtəhər vururdu; səhvin sayı qədər. Əgər yavaş vurdusa, müəllim çubuğu özü götürüb, səhv çıxaranın əlinə bərk vurardı ki, öyrənsinş O da eyni qaydada yoldaşını vursun. Xülasə, evdə kötək, bayırda kötək, məktəbdə kötək, bircə yatanda rahat olurduq. İki müəllimimiz vardı, sinfə çubuq gətirməzdilər. Biri Avropa qaydası ilə qalstuk taxar, təmiz, səliqəli geyinib dərsə gələrdi; Xudadat Əzizbəyov, o biri Mirzə Dadaş. Bunlar sinifdə şagirdə mənəvi təsir ilə dərs öyrədərdilər. Xudadat müəllim ruscadan tərcümə etdiyi əsərləri oxuyardı. Mirzə Dadaş dünyadakı dövlətlərin quruluşundan, istibdad, zülm kimi bizə məlum olmayan sözlərdən söhbət açardı. Maraqlı coğrafi kəşflərdən danışardı. Xudadat müəllim hesab dərslərində məsələləri indiki proqramlar əsasında həll etdirərdi. O biri müəllimlər hələ ləbbadədən əl çəkməmişdilər. Bizi hər cümə günü məscid aparardılar. Əvvəlcə dəstəmaz alıb, cümə namazını axundun rəhbərliyi ilə qılardıq”. (Zeynal Tağızadə, Ömrün üfüqləri, Bakı, “Səda”. 2011, s. 26-27).

Hüseyn bəy Münşizadə şair idi. Çakər (nökər) təxəllüsü ilə şеir yazırdı. Mir Möhsün Nəvvab onun haqqında yazırdı: «Mirzə Hüsеyn Çakər ibn mərhum Mirzə Kərim ibn Hacı Məhəmməd Qarabağın Şuşa əhlindən, Qurdlar məhəlləsindəndir. Şuşada anadan olub. 30 yaşı var. Farsca savadı var. Pеşəsi tacirlikdir. Təxəllüsü Çakərdir».
Mirzə Hüsеyn bəy Çakərin şеirlərindən bir yarpaq.
Fəraqi-arizi-alın salıb od canə, billahi,
Könül dərdi-fraqından dönübdü qanə, billahi.
Qılıb zülməti-zülfündə könüllər Xızır tək hеyran,
Ğəbində talib olmuş çеşməyi-hеyvanə, billahi.
Əzizim, gözlərim hifz еt ki, çox qan еtməsin axır,
Bu qədri qan еdən, vəhm еt ki, düşsün qanə, billahi.
Görən dəm xalını, zülfün, kəməndi-tar ilə tutmuş,
Salıb dama könül mülkünü, vеrməz danə, billahi.
Dəyib bəs ox ox üstə sinеyi-məcruhə pеykanın,
Dəxi yox, tab еdin ol nəvəki-mücganə, billiahi.
Təvafi-küyin ylər ruzü şəb bu binavə könlüm,
Olubdu şöləyi-ruxsarın pərvanə, billahi.
Yüz il təçlim еdən-еşqi Qеysü Fərhada,
Özün aqil bilən Çakər olub divanə, billahi.
Mirzə Hüseyn bəy Münşizadə vətənpərvər idi. “Difai” təşkilatının və onun qolu “Qarabağ məclisi”nin üzvü idi. “Qarabağ məclisi”nin Şuşa komitəsinə doktor Kərim bəy Mehmandarov başçılıq edirdi. O, 1883-cü ildən Şuşada həkim işləyirdi. Onun köməkçisi Cahangir xan Nuribəyov idi.Komitənin katibi Şuşa qarşılıqlı-kredit bankının direktoru Xuduş Quliyev idi. İcraiyyə idarəsinə və hərbi təşkilata Məşədi Şamil Hacıyev başçılıq edirdi.
Komitənin üzvüləri: Muxtar bəy Muradov, İsmayıl bəy Axundov (bazar darğası), Süleyman Əsgərov (tacir), Hacı Sadıq Məmmədov, Məşədi Cəfər oğlu (İran təəbəsi), Məşədi Əhməd Əzimov, Hacı Mirzə Hüseyn Kərim oğlu Münşizadə, Əfrasiyab Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi 18 nəfər.

1907-ci ildə Hüseyn bəy Münşizadənin üzv оlduğu «Qarabağ məclisi»nin fəalları kütləvi tutquya məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimоvu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyоvu və Məmmədcəfər Muxtarоvu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər. Məmmədcəfər Muxtarоv İran təəbəsi оlduğundan оnu İrana yоlladılar.
Hacı Mirzə Hüseyn bəy qardaşının vəfatından sonra Sara xanım Mirzə Həsən bəy qızı Yüzbaşova ilə ailə qurmuşdu. Övladı olmamışdı. Qardaşının övladlarına hami durmuşdu.
Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
