Laçının 6 kəndinin aqibəti necə olacaq? — Arif Paşayev

Ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərini tərk etməsindən sonra Qarabağla Ermənistan arsında strateji əhəmiyyətə malik ərazi Azərbaycanın nəzarətinə keçib. 

Ancaq Laçın rayonunun bütün ərazisi Azərbaycanın yurisdiksiyasına keçməyib. 2020-ci ildə bir sıra kəndlər işğaldan azad edilsə də hələ inzibati-ərazi vahidi kimi Azərbaycanın idarəçiliyinə daxil edilməyib. 

Məsələn, Laçının altı kəndi Xankəndi ilə Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edəcək yeni dəhlizin ərazisinə düşür. 

Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq, Laçın şəhərindən yan keçən alternativ hərəkət marşrutunun təhlükəsizliyini Rusiya sülhməramlıları qoruyacaq. Sentyabrın 1-dən etibarən Rusiya hərbi kontingenti Azərbaycan tərəfinin çəkdiyi yolda öz vəzifəsinin icrasına başlayacaq. Eni 5 kilometr təşkil edəcək yeni dəhliz Fətəlipəyə, Məlikpəyə, Ağanus, Malxələf, Unnanovu və Mığıdərə kəndlərinin ərazisini də əhatə edəcək. Zabux və Sus kəndlərindən fərqli olaraq, adları çəkilən kəndlərin Azərbaycana qaytarılmaması bununla izah olunur. Lakin 10 noyabr Bəyanatında yeni dəhlizə düşən kəndlərin Azərbaycana qaytarılmaması və ya orada məskunlaşmanı qadağan edən hər hansı razılaşma yoxdur. Ona görə də yeni yolun haradan keçməsindən asılı olmayaraq, həmin ərazilər Azərbaycanın yurisdiksiyasına verilməlidir. 

İkincisi, yeni dəhlizdə ermənilərin təhlükəsizliyini Rusiya sülhməramlıları təmin edəcəyindən, problemin yaranması ehtimalı yoxdur. Bu baxımdan, Laçının digər kəndlərinin qaytarılması qeyd-şərtsiz həyata keçirilməlidir. Əldə olunan məlumatlara görə, sözügedən yaşayış məntəqələrində qanunsuz məskunlaşmış ermənilər qalmayıb. Bəzi kəndlər isə tamamilə dağıdılıb və ya yandırılıb. 

Məsələn, Mığıdırə kəndinə 1995-ci ildə 350 nəfər erməni köçürülsə də, infrastruktur məhv edildiyindən onlar tezliklə ərazini tərk edib. Ağanusda isə işğal dövründə bir neçə ailə yaşayıb. Ermənilər əsasən Laçın şəhərinə və Zabux kəndinə üz tutublar. Yaxud Laçın şəhəri, Zabux və Sus kəndləri ilə yanaşı, Kəravuz və Qarıkahı kəndlərinin də Azərbaycana qaytarılacağı barədə məlumat yayılmışdı. Ancaq bu haqda hələ heç bir rəsmi açıqlama yoxdur. 

Laçın Alayının sabiq komandiri, polkovnik Arif Paşa Cebhe.info-ya açıqlamasında bildirib ki, adları çəkilən yaşayış məntəqələri Azərbaycanın inzibati idarəçiliyinə keçməlidir. Onun sözlərinə görə, yeni yolun çəkilməsi və sülhməramlıların fəaliyyəti bu prosesə əngəl yaradır: 

“Kəravuz kəndi yeni dəhlizin ərazisinə düşür. Qarıkahı kəndi isə Laçından 5 kilometr şimalda, Kəlbəcər istiqamətində yerləşir. Hesab edirəm ki, burada anlaşılmazlıq yaradan ermənilərə dəhlizin verilməsidir. Biz nəyə görə onlara 5 kilometr enində dəhliz verməliyik? Halbuki avtomat silahlar 1000-1500 metr atır. Azərbaycan həmin dəhlizi topla vurası da deyil. Ona görə də dəhlizin eni məsələsinə yenidən baxılmalıdır. Laçın əhalisi 30 ildir öz dədə-baba yurdundan didərgin düşüb. İnsanlar öz evlərinə qayıtmağı həsrətlə gözləyir.

Belə çıxır ki, ermənilərin rahat gediş-gəlişi üçün laçınlılar yenə məcburi köçkün vəziyyətində qalmalıdır? Halbuki Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Zəngəzur dəhlizinin açılmasına razılıq vermir. Mən ona dəhliz deyil, yol deyərdim. Həmin yol da Azərbaycanın suveren ərazisidir. Əgər ermənilər o yoldan sağlam niyyətlə istifadə edəcəksə, məkrli məqsədi olmayacaqsa, silah daşımayacaqsa, o yola dəhliz statsunun verməyə ehtiyac da qalmır. Həmişə olduğu kimi indi də gəlib keçsinlər.

Yoxsa ona 5 kilometr enində ərazi ayırmaq, Rusiyanın sülhməramlılarının da oranı qoruması düzgün deyil. Mən onlara sülhməramlı yox şərməramlı deyirəm. Hələ SSRİ vaxtında həmin yola “ölüm yolu” deyirdilər. Ermənilər Rusiya hərbçilərinin təhriki ilə bizim adamlarımızı öldürürdü. Şəxsən mən orada ruslar tərəfindən tutulmuşam. Bəzi dostlarım orada öldürülüb. Jurnalist Salatın Əsgərova həmin yerdə qətlə yetirilib. Laçının Tığık kənd sakini Maya xanım öldürülb və sairə. Ona görə də hesab edirəm ki, yeni dəhlizin açılması doğru deyil.

Biz Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrə dəhliz olmadan, mühafizəsiz gedib-gəldiyimiz kimi ermənilər də Laçından keçən yoldan sərbəst şəkildə istifadə etməlidir. Ancaq bunun üçün Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını mütləq qəbul etməlidirlər. Əgər ermənilər özlərini qondarma rejimə tabe olan “vətəndaş” adlandıracaqlarsa, biz onlara nəyə görə dəhliz verməliyik? Onların bu yoldan silah daşıması üçün? Biz ilk növbədə ermənilərə sual verməliyik: “Sən Azərbaycan vətəndaşlığını qəbul edirsənmi? Azərbaycan qanunlarına tabe olacaqsanmı?” Yalnız bundan sonra yoldan söhbət gedə bilər. Ona görə də bu məsələyə yanaşma dəyişməlidir”. 

Arif Paşanın sözlərinə görə, tarixən Laçında ermənilər yaşamayıb. Ona görə də sözügedən kəndlərdə ermənilərin məskunlaşması inandırcı görünmür:  

“Laçın şəhərində vaxtilə cəmi 4 erməni ailəsi yaşayıb. Kəndlərdə də erməni olmayıb. Laçının işğalından sonra Zabuxda çox az sayda erməni yaşayıb. Ermənilər Laçın ərazisindən yol kimi istifadə ediblər. Bu isə Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi, ərazi bütövlüyünü və suverenliyini tanıyacağı halda mümkündür. Ermənilər Azərbaycan ərazisində oturub Ermənistana tabe olacaqsa, biz nə üçün onlara Laçından yol verməliyik? Azərbaycan xarici siyasətdə güzəştsiz, sərt mövqe ortaya qoymalıdır. Müharibədə qalib gələn Ermənistan deyil, Azərbaycandır”. 

Müşfiq Abdulla 
Mənbə: Cebhe.info

Bu xəbəri paylaşın: