- ELBƏYİ
MƏNİ SATDI
Bu nə dünya imiş, satan satana,
Ağzımdan hər çıxan söz məni satdı.
Döydüyüm qapını açan olmadı,
Arxamca sürünən iz məni satdı.
Sevdası qan-qada, vaxtı səbri dar,
Eşitməz kar kimi, görən gözü kor,
Əyri cığırların yüz dalanı var,
Səmti itirdiyim düz məni satdı.
Dərdlərdən od alıb döndüm çırağa,
Alovdan kül olub düşdüm qırağa,
Durub haray saldım sönmüş ocağam,
Külümdə gizlənən köz məni satdı.
Şələsi batmandı, yaman ağırdı,
Yolların yoxuşu üzümə durdu,
Zaman da yük olub, hey məni yordu,
Titrədi, dözmədi diz məni satdı.
Ümüd çaxmağını son kərə çaxdım,
Anladım bir daha yanmayacaqdı,
Bu dönük qismətə baxdıqca baxdım,
Yumuldu gözlərim, göz məni satdı.

HAMI BİR — BİRİNİN CİBİNDƏN ÇIXIR
Fələyin nə qədər dərdi var imiş,
Daşıdım, daşıdım qurtarammadım.
Beşikdən məzara bir qarış ömrü,
Yaşadım, yaşadım qurtarammadım.
Bir bina qurmuşam, gözlərdən iraq,
Daşları quyunun dibindən çıxıb.
Bu nə imtahandı, bu necə sınaq,
Hamı bir-birinin cibindən çıxıb.
Burda adamlar var, İblis kimidi,
İblislər çırmanıb ona daş atar.
Burdakı adamlar bircə biçimdi,
Hərə bir qovğayla başını qatar.
Hər yeri cəhalət, hər yan qaranlıq,
Dörd yanda gecənin qurdu ulayar.
Boylan yan-yörənə dayan bir anlıq,
Sənin saydığını fələk nə sayar?
Yüz yolun içindən bir yolu seçdim,
Üzü günəş səmtə heç dayanmadım.
Düşmən quyu qazdı, adlayıb keçdim,
Dost qazan «çuxurdan» adlayammadım.
Mən həmin yerdəyəm, o «çuxur»dayam,
Sinəmə ağır dağ, daşını qoyun.
Gül qoyub günaha batırman, aman
«Dost» deyən gözlərin yaşını qoyun…

SƏNDƏN ÖTƏRİ
Allahverdi Gündoğana (Dərdə)
Bizim ömrümüzdə çaylar vardı. Sularında xəyallarımızı axıdardıq. Bizim ömrümüzdə dostlarımız vardı, günlərimiz ayrı keçəndə üzülərdik…
Eşq olsa, dağ yarıb, cücərdər dəni,
Bir toxum boylanar gündən ötəri.
Tərlan ucalıqdan seçər zərrəni,
Toru görməz olar, dəndən ötəri.
Dünəni satmışıq, sabah ya qismət,
Gecəsi zülmətdi, gündüzü zillət,
Bu gün də əllərdən uçacaq əlbət,
Zaman əbədidir, bəndə ötəri.
Ha çarpış, gedəcək vaxtı dolanlar,
Səninki deyilmiş, sənin olanlar,
Bir lal qara daşmış sənə qalanlar,
Söylə, dərd varmıdır, bundan betəri?
Yanaraq kül olub, bu ocaq sönmüş,
Sənin hüzurunda köz, yaşa dönmüş,
Bir məzar üstündə, «ay daşa dönmüş»,
Yaman darıxmışıq səndən ötəri…

VƏSİYYƏT
Həyat məni çox sıxıbdı,
Məzarımı dar qazmayın.
Bu dünyanı məzar sandım,
İstəyirsiz, gor qazmayın.
Durun solumda, sağımda,
Deyin, meh tək əsdi getdi.
Dəlisovdu, acığından,
Bu dünyadan küsdü getdi.
Heydən düşdü qanadları,
Baxıb lələkdən incidi.
Yıxdı onu inadları,
Çərxi fələkdən incidi.
Deyin, tapmadı dünyada,
Gəzdiyi gül qoxusunu.
Günlər vardı, bax bu adam,
Yaşamadı çoxusunu.
Gələndən yır-yığışdaydı,
«Uzundu yolum» deyirdi.
Gah qorxu, gah təlaşdaydı,
«Xoş gəldin, ölüm» deyirdi.
Deyin, hardansa gəlmişdi,
Sözə dönüb dindi, getdi.
Özünü ocaq bilmişdi,
Köz — köz olub söndü, getdi,
Buradaydı indi getdi…

