15 Sentyabr Bakının azad olunması günüdür!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov 

Bu gün Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri — doğma Bakımızın rus-erməni işğalından azad olunması günüdür!

15 Sentyabr tək Bakının azad olunmasıyla deyil, Qafqaz İslam ordusu Azəraycanın ərazi bütövlüyünün təmin edilməsində qazanılmış böyük bir qələbəydi. Ölkəmizin paytaxtına dünyanın bir çox imperialist gücləri diş qıcamışdı. Demək olar ki, şəhər dəfələrlə əldən-ələ keçmişdi. Şaumyan kimi bir qatilin və bolşevik qatillərin əliylə ölkəmizin şimalında qətliamlar və soyqırımı törədilmişdi.

1918-ci ilin əvvəllərində Azərbaycan torpaqlarının da daxil olduğu Rusiya imperiyasının mərkəzi şəhərlərində ciddi siyasi kataklizmlər başlanmışdı. Fevral ayında çar mütləqiyyəti devrildi. Lakin hakimiyyəti xalq kütlələrinin deyil, burjuaziyanın əlinə keçdi. Öncə hakimiyyət knyaz Lvov, az sonra eser Kerenski rəhbərlik etdi. Lakin bundan bolşeviklər ölkəboyu siyasi gərginliyi davam etdirirdilər. Hökumət mərkəzləşdirilmiş iqtidar və orduda vahid komandanlıq yarada bilmirdi. Bütün imperiya boyu xalqların milli azadlıq mübarizəsi başlanmışdı. Siyasi kataklizmlər Qafqazdan da yan keçmədi. Qafqazı türk müsəlman əhalisinin heç bir muxtariyyatı yox idi. Onlar imperiya tərkibində yaradılmış Bakı, Yelizavetpol (Gəncə), İrəvan quberniyasının tərkibində yaşayırdılar. 1918-ci ilin aprel-mart aylarında Bakını Azərbaycandan qoparmaq istəyən rus-erməni biləşmələri bölgədə qırğın törətdilər. Soyqırımı və məcburi köçürmədən sonra Bakıda türk müsəlman əhalisinin sayı azaldı, şəhər erməni-rus ittifaqı olan Bakı Sovetinin əlinə keçdi. Neftlə zəngin Abşeron torpaqlarının, Bakı şəhərinin ələ keçirilməsi, “aqrar Azərbaycandan” alınması rus şovinistlərinin köhnə planı idi.

Onlar bu planı xain ermənilərin əli ilə gerçəkləşdirməyə çalışırdı. Belə bir fürsət 1918-ci ildə ələ düşmüşdü. Lakin Azərbaycanın milli qüvvələri bu bədnam plana razı deyildi. 1918-ci ilin mayın 18-də Tiflisdə böyük Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə Şərqdə ilk müstəqil demokratik dövlət yaradılmış-Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdi. Milli hökumət iyun ayında Gəncəyə köçdü. Qarşıya qoyulan ilk məqsəd Bakının rus-erməni birləşmələrindən azad etmək və paytaxtı ora köçürmək idi.

Bu möhtəşəm qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.

O zaman türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olmuşdu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etmişdi.

Qafqaz İslam Ordusunun zəfər yürüşü zamanı Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verildi.

Azərbaycan xalqı dar gündə köməyə yetişmiş türk hərbçilərini ən çətin məqamlarda belə unutmadı. Hətta Sovet işğalı altında olanda belə türk məzarlarını qorudular və hər zaman sayğı ilə yad etdilər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.

Azərbaycan xalqı xilaskar Qafqaz İslam Ordusuna minnətdardır. Böyük Azərbaycan sevdalısı Nuru Paşanın bu kəlamlarına nəzər salmaq kifayətdir ki, türk qardaşlarımızın hansı niyyətlə ölkəmizə gəldiklərinin mənasını dərindən dərk edə biləsən: “Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığı yolunda yeni qurbanlar lazım olarsa, ona da hazırıq”.

1918-ci il sentyabrın 15-də Azadlıq meydanında keçirilən hərbi parad Azərbaycan və qardaş Türkiyənin müştərək Zəfər bayramı idi. Tam 102 il sonra yenidən qazanılmış Zəfərdə qardaş Türkiyə ilə yenə birgəyik. Bu ikiqat Zəfərin təntənəsidir.

Bu gün Bakının daşnak və eser-menşeviklərin idarə etdiyi “Sentrokaspi diktaturası” ndan azad edilməsi zamanı şəhid olmuş Azərbaycan və Türkiyə əsgərlərə, Qarabağın azadlığı uğrunda şəhid olmuş şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Bu xəbəri paylaşın: