Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin göstərişiylə AVMVİB rəhbərliyinin təmsilçiləri AVMVİB Şirvan şəhər və Hacıqabul rayon şöbələrinə baş çəkiblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavinləri Vahid Abdurəhmanov, Salman Musayev, AVMVİB NTK sədri Niyazi Quliyev və AVMVİB Çilov rayon şöbəsinin sədri Bayram Cəfərov şöbələrin fəaliyyətiylə yerində tanış olmaq, bölgə veteranlarının münasibətlərini öyrənmək məqsədiylə AVMVİB Şirvan şəhər şöbəsində olublar. AVMVİB Şirvan şəhər şöbəsinin sədri Babək Ədilov görülən işlər barədə məlumat verib. Son vaxtlar şöbənin fəaliyyətsizliyini isə əsaslandıra bilməyib.
AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov bildirdi ki, AVMVİB Şirvan şəhər şöbəsinin fəaliyyətsizliyi və AVMVİB İdarə Heyətinin Qərarını icra etməməsinə heç bir əsaslı sübut gətirilmədiyinə görə şöbə sədrinin tutduğu vəzifədən azad olunması qərara alındı və bu barədə AVMVİB sədri Füzuli Rzaquliyevə məlumat verildi. Rayon şöbələrinin sədrlərnin çətinliklərini bilirik və onu da bilirik ki, bizim fəaliyyətimiz, yalnız könüllülük üzərində qurulub. Yəni kimisə məcbur etmirik ki, gəl sədr ol. Sədr oldunsa, işləməyə, öz işini qurmağa borclusan. Nümunəvi şöbələrimiz var. Onların iş təcrübəsini öyrənmək olar. Bəzi şöbə sədrləri var ki, niyə sədr olduqlarını unudublar və biz belələriylə yollarımızı ayıracağıq.


Daha sonra AVMVİB təmsilçiləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Hacıqabul rayon şöbəsində olublar və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Hacıqabul rayon şöbəsinin sədri Mehman Süleymanovla görüşüblər. AVMVİB NTK sədri Niyazi Quliyev bildirib ki, AVMVİB Hacıqabul rayon şöbəsi ötən illərdə birliyin fəal şöbələrindən olub. Amma nədənsə son illər şöbənin fəaliyyətində geriləmələr var və belə fəaliyyət qənaətbəxş deyil. Hər bir şöbənin sədri bilməlidir ki, o, ən böyük 87 min nəfər üzvü olan bir birliyin təmsilçisidir. Bu ada layiq fəaliyyət olmalıdır. Həmişə nailiyyətləri olan AVMVİB Hacıqabul rayon şöbəsi bu gün AVMVİB İdarə Heyətinin qərarının tam icra olunmaması ilə yanaşı kütləvi tədbirlər də keçirməyib. Ötən illərdəki fəaliyyətini nəzərə alıb şöbəyə daha 1 ay möhlət verdik və inanırıq ki, bu şöbə yenə əvvəlki kimi normal fəaliyyətini bərpa edərək öz fəaliyyətini müsbət istiqamətdə davam etdirəcəkdir.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini Salman Musayev qeyd etdi ki, hər bir şöbənin fəaliyyəti sədrin işi təşkil etməsindən, təşkilatçılıq bacarığından asılıdır. Çətinlikləri bilirik, amma biz öz fəaliyyətimizlə arxamızca gələn gənclərə nümunə olmalıyıq. Sıravi üzvlərimiz bölgədə şöbənin fəaliyyətini güclənməsini istəyirlər. Əl-ələ verib birliyimizi daha da irəli aparmağa çalışmalıyıq.

