Gəncə şəhəri Heydər Əliyev Mərkəzində kitabxananın təşkilatçılığı ilə Qazi ananın şəhid oğlu Rəşad Ələkbərovun 25 yaşı qeyd olunub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər şöbəsinin sədri Bəyanat Qasımov məlumat verib.
Ələkbərov Rəşad İlqar oğlu 1997-ci il sentyabrın 15-də, Azərbaycan tarixi üçün çox önəmli olan tarixi bir gündə Azərbaycan Xalq Cumhuriyyətinin birinci paytaxtı Gəncə şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib .Şuşa-Laçın istiqamətində davam edən döyüşlərdə şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib.
Anası Nailə Ələkbərova Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ müharibəsi veteranıdır.
Rəşad Ələkbərov ölümündən sonra «Vətən uğrunda» , «İgidliyə görə» , «Cəsur döyüşçü» , «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Vətən sağ olsun!
Elnur Səlim
