Erməni mətbuatının yazdığına görə beş gündür Vardenisin (Basarkeçər) Zod kəndində işıq yoxdur.
Sentyabrın 13-nə keçən gecə təkcə elektrik naqilləri deyil, qaz xətti də zədələnib. Kabellərin bərpasına başlanılıb, qaz xəttinin təmirinə hələ başlanmayıb.
Zod kəndi döyüşlər nəticəsində Qeqarkunik rayonunun ən çox zərər çəkmiş yaşayış məntəqəsidir. Burada bir çox evlər qismən dağılıb, indi yaşayış üçün yararsızdır. Həmin evlərin sakinləri müvəqqəti olaraq başqa kəndlərdəki tanışlarının, dostlarının evlərində yaşayırlar. Döyüşlərlə əlaqədar qadınlar və uşaqlar təxliyə edilib, atəşkəsdən sonra kəndə geri dönənlər az olub.
Zodda hələ də məktəb, uşaq bağçası və mağazalar bağlıdır. Atışma nəticəsində məktəb binasına ziyan dəyib. Üç gündür ki, kəndin atəşə tutulması dayansa da, sakinlər hələ də qeyri-müəyyənlik hiss edir, ancaq səhərlər kəndə gedib, mal-qaranı yedizdirir, axşam da geri dönürlər.
Bu gün çəkiliş qrupumuz Zodda olub, sakinlərlə, eləcə də Vardenis icmasının rəhbərinin müavini Karen Mkrtçyanla söhbət edib.
Xatırladaq ki, 90-cı illərədək Zod azərbaycanlılar yaşayan kəndlərdən olub. Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev də bu kənddəndir.
