SƏFƏVİ MİRASI SİLSİLƏSİNDƏN: BÜLBÜLƏ İMAMZADƏSİNİN SİRRİ

Azərbaycanın böyük mütəfəkkiri Abbasqulu ağa Bakıxanov (1794–1847) yazırdı: “Həzrəti Şəmunun Aran şəhərində və yüksək dərəcəli üç İmamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərindəki türbələri, Bülbülə kəndindəki İmamzadə, İmam Museyi-Kazimin qızı Həlimə xatunun Bakıda – Bibiheybətdəki türbəsi, Sufi Həmidin Şirvan Qobustanındakı məzarı və məşhur seyidlərin, şeyxlərin, hörmətli fazillərin bir çox başqa yerlərdə olan qəbirləri göstərir ki, bu ölkə həmişə din böyüklərinin məskəni, arif və alimlərin vətəni olmuşdur”.

Deyilənə görə, Bakının Bülbülə kəndindəki türbədə V İmam Muhəmməd Bagirin (677–733) övladı Muhəmməd Sadiq dəfn edilmişdir. Muhəmməd Sadiq öz xanımı və nökəri ilə birlikdə Abbasilərin zülmündən qaçıb Abşeronun Bülbülə kəndinə pənah gətirmişdi. Yerli əhali də bu müqəddəs şəxsləri qorumuş, dünyalarını dəyişdikdən sonra isə onların hörmət və ehtiramlarını saxlamışdı.

Bülbülə İmamzadəsi qüdrətli Azərbaycan hökmdarı Şah I Abbas Səfəvinin (1571–1629) dövründə inşa olunmuşdu. Bu kompleks dörd binadan ibarət idi. İmam övladının qəbri üzərində daş sənduqə vardı. Digər otaqda isə onun üç nökərinin qəbirləri yerləşirdi. Hər iki otaq xalça ilə döşənmiş, qəbirlər örtüyə bürünmüş, ələmlərlə bəzədilmişdi. Məscid binası türbəyə bitişik tikilmişdi. İmamzadə kompleksini 1937-ci ildə kommunistlər uçurub darmadağın etmişdilər.

Bülbülə türbəsindən günümüzə yalnız bir daş kitabə gəlib çatmışdır. O Bakıda Qız qalası ilə üzbəüz sərgidədir. Həmin kitabədə ərəbcə gözəl xətlə yazılmışdır: «Bu böyük abidə əzəmətli Sultan Şah Abbas əl-Hüseyninin zamanında Şeyx Kamalın oğlu Şeyx Nəcməddinin əmri ilə inşa edilmişdir. 1033 (1623–1624)».

Bülbülə İmamzadəsi ilə bağlı belə bir sual yaranır: Burada dəfn edilmiş Seyid Muhəmməd Sadiq İmam Muhəmməd Bagirin hansı övladı idi? Bəri başdan qeyd edək ki, V İmamın Muhəmməd adlı oğlu olmamışdır. Amma onun nəvə-nəticələrindən bir neçəsi Muhəmməd adını daşımışdır.

1993-cü ildə bərpa edilmiş Bülbülə İmamzadəsinin xidmətçiləri deyirlər ki, burada dəfn olunmuş şəxs VII İmam Museyi-Kazimin (745–799) oğlu Muhəmməddir. İslam mənbələrinə əsasən, İmam Museyi-Kazimin Muhəmməd adlı iki oğlu olmuşdur. Onlardan birinin məzarı İran İslam Respublikasının Fars ostanının Şiraz şəhərindəki Şahçıraq türbəsində, digərinin qəbri isə bu ölkənin Xuzistan ostanının Dezful şəhərindədir.

Onu da vurğulamalıyıq ki, sözügedən türbələrin mövcudluğu İmam Museyi-Kazimin Muhəmməd adlı övladlarından birinin əsl məzarının Bülbülədə olması barədə gümanı tam istisna etmir. Həmin iddianın şübhə doğuran əsas cəhəti isə Bülbülə İmamzadəsinin Muhəmməd Sadiq adını daşımasıdır. Belə ki, əgər Bülbülə kəndində dəfn edilmiş seyid məhz İmam Museyi-Kazimin oğlanlarından biri olsaydı, İmamzadə, böyük ehtimalla, Muhəmməd Sadiq (Muhəmməd ibn Cəfər Sadiq) deyil, Muhəmməd Kazim (Muhəmməd ibn Museyi-Kazim) adlanardı.

Bülbülədə dəfn edilmiş seyidin adı (Muhəmməd) və ləqəbi (Sadiq) göstərir ki, o, VI İmam Cəfər Sadiqin (702–765) oğlu Muhəmməd ola bilərdi. Şeyx Abbas Qumi (1877–1941) yazırdı ki, xasiyyətinin və xarici görünüşünün gözəlliyinə görə ona Dibac (ərəbcə “gözəl”) deyirdilər. Muhəmməd Dibac səxavətli və şücaətli bir kişi idi. O, iki gün oruc tutub yalnız bir dəfə iftar edərdi. Qonaqları üçün hər gün bir qoyun kəsdirərdi. Hər dəfə şəhərə çıxanda paltarlarını bir kasıba bağışlamamış geri dönməzdi.

Seyid Muhəmməd ibn Cəfər Sadiq Abbasi xəlifəsi Məmuna (786–833) qarşı 815-ci ildə baş vermiş Məkkə üsyanının əsas rəhbərlərindən biri olmuşdu. Üsyançılar İmam övladını İslam xəlifəsi elan etmişdilər. O, xəlifə Məmunun qoşunu ilə döyüşlərdə böyük qəhrəmanlıq göstərsə də, sonradan dağlıq ərazidə mühasirəyə düşmüşdü. Muhəmmədin dəstəsinin su ehtiyatı tükəndiyindən, tərəfdarlarını xilas etmək üçün müqaviməti dayandırıb xəlifə ilə danışıqlara başlamışdı. Abbasilər onun adamlarına aman versələr də, özünü Hicazdan sürgün etmişdilər.

Bir məlumata görə, Muhəmməd ibn Cəfər Sadiq 818-ci ildə Gurganın (İran İslam Respublikasının Semnan ostanının) Xəzər sahillərindən 30 kilometr aralıda yerləşən Bastam şəhərində öz əcəli ilə vəfat etmişdi. Guya onun cənazə namazını xəlifə Məmunun özü qılmışdı.

Haşiyə. Xəlifə Məmun qəddar və kinli, amma eyni zamanda hiyləgər, ağıllı və tədbirli bir siyasətçi idi. O, rola girməyi, insanları aldatmağı, onlarla manipulyasiya etməyi yaxşı bacarırdı. Məsələn, İmam Rzanı (765–818) şəhid etmiş, sonra isə “qüssə və kədər içində” ona matəm saxlamışdı. İmama bağlılığını nümayiş etdirmək üçün onu öz atası xəlifə Harunun (766–809) məzarının yanında dəfn etdirmişdi. Halbuki Məmunun qəlbində nə öz atasına, nə də İmam Rzaya məhəbbət vardı.

Bastam türbəsi bugün Dai əl-Kəbirin qəbri kimi də tanınır. Tarixdən bildiyimiz kimi, bu ləqəbi deyləmilərin məşhur əmiri Seyid Həsən ibn Zeyd (?–884) daşımışdır. Deməli, Seyid Həsənin də məzarı oradadır. Yeri gəlmişkən, apardığımız araşdırmalardan birində bu qənaətə gəlmişdik ki, Kiyev Rus dövlətinin qurucusu knyaz Rorik (?–879) məhz Seyid Həsən ibn Zeydlə müharibədə məğlub və həlak olmuşdu. Həsən ibn Zeydin qardaşı – 900-cü ildə Samanilərə qarşı döyüşdə şəhadətə yetmiş Dai əl-Səğir ləqəbli Muhəmməd ibn Zeydin də məzarı Bastamdadır.

İslam tarixinin tanınmış araşdırıcısı Natiq Rəhimovun qeydlərinə nəzər salaq:

“Bastam şəhərindəki İmamzadə Muhəmməd türbəsini Muhəmməd Dibacın adı ilə bağlayırlar. Amma başqa bir ehtimala görə, orada Muhəmməd Dibac deyil, onun qardaşı Muhəmməd Səğir dəfn olunmuşdur (Bastamda torpağa tapşırılmış şəhid Muhəmməd ibn Zeydin də ləqəbi Dai əl-Səğir idi – A.Ş.). Bu türbəni İlxani hökmdarı Qazan xan (1271–1304) inşa etdirmişdir.

Digər məlumata əsasən, Bastamdakı türbə Muhəmməd Dibaca və ya onun qardaşı Muhəmməd Səğirə deyil, İmam Cəfər Sadiqin digər oğlu Abdullah Əftaha aiddir. Belə bir rəvayət də vardır ki, bu məzarda Abdullah Əftahın özü deyil, oğlu Muhəmməd basdırlmışdır.

Başqa bir gümana görə, Muhəmməd Dibacın türbəsi İranın Qəzvin şəhərində, digər ehtimala əsasən, Azadşəhr şəhərindədir. Həmçinin İranın Dərgəz şəhristanının Şiligan kəndində də Dibac ziyarətgahı adlı türbə mövcuddur. Həmin türbə Səfəvilər zamanında tikilmişdir. Muhəmməd Dibaca aid edilən bir türbə də Əfqanıstanın Herat şəhərindədir.

Dibac ziyarətgahı adlı daha bir məşhur türbə isə Gurgan yaxınlığındakı Semnan ostanındadır. Onu 984-cü ildə Buveyhilər dövlətinin (945–1055) vəziri, alim, şair və mesenat Sahib ibn Əbbad (938–995) inşa etdirmiş, 1242-ci ildə – Çingiz xanın (1155–1227) oğlu Quyuq xanın (1206–1248) zamanında moğollar dağıtmışdılar. İlxani hökmdarı Ulcaytu sultan (1278–1316) həmin məzarın üzərində yeni türbə tikdirmişdi. Daha çox ehtimal olunan budur ki, Muhəmməd Dibacın əsl məzarı məhz buradadır”.

Qeyd etdiyimiz məsələ ilə əlaqədar ortaya bir neçə sual çıxır:

Muhəmməd ibn Cəfər Sadiq öz dövrünün ən nüfuzlu şəxsiyyətlərindən biri idi. Abbasilər ondan çəkinirdilər. İslam tarixçiləri Muhəmməd Dibacı cəsarətli və ölümdən qorxmayan bir şəxs kimi xarakterizə etmişlər. Muhəmməd silahlı müqaviməti yalnız ona görə dayandırmışdı ki, öz tərəfdarlarını xilas etsin. Sözsüz ki, hər bir yaxşı komandir və rəhbər kimi Muhəmməd Dibac da ona inanıb arxasınca gedən adamların həyatlarına görə məsuliyyət daşıdığını anlayırdı.

Amma döyüşçüləri üçün amannamə aldıqdan sonra Muhəmməd Dibacın ən böyük arzusu yenidən azadlığa qovuşmaq olacaqdı. O, xəlifə Məmunu və ümumiyyətlə Abbasiləri kifayət qədər yaxşı tanıyırdı. Bu sülalənin nümayəndələri bağışlamağı bacarmırdılar. Üsyana qoşulduğu gündən Abbasilər Muhəmmədin ölüm hökmünü vermişdilər. Beləliklə, onun düşdüyü vəziyyətdən yeganə çıxış yolu qaçmaq idi.

  • Sual: Muhəmməd Dibacın nəzarət altından qaçıb gizlənməsi mümkün idimi?
  • Cavab: Təcrübə göstərir ki, iradə və müvafiq imkanlar olarsa, ən sərt şəkildə qorunan yerdən də çıxmaq mümkündür.
  • Sual: Muhəmməd Dibacdan heç bir xəbər-ətərin olmadğını görən Abbasilər onun ölümü haqqında şayiə yaya bilərdilərmi?
  • Cavab: Əslində, həmin situasiyada belə bir məlumatın yayılması ən optimal tədbir sayıla bilər. Əks təqdirdə, bəzi tərəfdarları Muhəmməd Dibacı qeybə çəkilmiş imam elan edərdilər. Bununla da yeni üsyanlar üçün münbit şərait yaranardı.
  • Sual. Həmin dezinformasiyanı daha inandırıcı etmək üçün ona bu elementləri əlavə edə bilərdilərmi: Seyidin cənazə namazını guya Xəlifə Məmunun özü qılmış, sonra isə Muhəmmədin 30.000 dinar borcunu da ödəmişdi?
  • Cavab: Biz adətən bir məsələni unuduruq. Dəyişən, inkişaf edən yalnız zahiri əlamətlər, geyim və texnikadır. İnsan düşüncəsi, şüuru isə həmişə mürəkkəb olub.

Beləliklə, zənnimizcə, Muhəmməd Dibacın dəfni barədə əhvalat sonradan quraşdırılmışdır. Nəzərə almalıyıq ki, Abbasilər bu kimi məsələlərdə çox usta idilər. Onlar qəribə bir məntiqlə Babəki (798–838) və xürrəmiləri atəşpərəst, Şeyx Həsən Sabbahın (1050–1124) tərəfdarlarını isə tiryək aludəçiləri elan etmişdilər. Monqolları Xarəzm üzərinə hücuma təhrik edib, bunun günahını ədalətli, imanlı və elmli türk hökmdarı Xarəzmşah Əlaəddin Muhəmmədin (1169–1220) üstünə atmışdılar. Məhz belə “bacarıqlı və fərasətli” olduqlarına görə Abbasilər 508 il (750–1258) ərzində səltənəti öz əllərində saxlamışdılar.

Muhəmməd Dibacın Bülbülə kəndindəki İmamzadədə dəfn olunduğuna dəlalət edən faktları bir də nəzərdən keçirək:

  • Azərbaycan, İran və Əfqanıstanda Muhəmməd Dibaca aid edilən ən azı yeddi türbə vardır. Bu isə onun məhz 818-ci ildə vəfat etməsi barədə məlum rəvayəti şübhə altına alır.
  • Muhəmməd Sadiq adlı seyidin Bülbülədə dəfn olunması barədə məlumat birmənalı və konkretdir. Muhəmməd Dibac ibn Cəfər Sadiqin Bastamdakı dəfni isə az qala ən kiçik təfərrüatı ilə nəql olunsa da, sonrakı məlumatlar bu əhvalatı bir qədər “bulandırır”. Belə ki, Seyid Muhəmməd Səğir ibn Cəfər Sadiqin, Seyid Abdullah ibn Cəfər Sadiqin, Seyid Muhəmməd ibn Abdullahın, Seyid Həsən ibn Zeydin və Seyid Muhəmməd ibn Zeydin də məzarlarının həmin türbədə yerləşməsi barədə rəvayətlər vardır. Amma onu da qeyd edək ki, İran və Əfqanıstandakı digər beş türbə yalnız Muhəmməd Dibacın adı ilə əlaqələndirilir. 
  • Xəritəyə diqqət yetirsək görərik ki, Muhəmməd Dibaca aid edilən Qəzvin (Qəzvin ostanı), Dibac (Semnan ostanı), Bastam (Semnan ostanı), Azadşəhr (Gülüstan ostanı), Şiligan (Rəzəvi Xorasan ostanının Dibac dehistanı), Herat (Əfqanıstan) türbələrini bir-birinə bənzədən, onları Bülbülə türbəsindən fərqləndirən bir cəhət vardır. Sözügedən altı türbənin hamısı coğrafi baxımdan eyni xəttin üzərində (və ya bir yolun üstündə) yerləşir. Belə təsəvvür yaranır ki, onlar Muhəmməd Dibacın sürgünə aparılarkən dayandığı və buna görə də sonradan müqəddəs sayılmış yerlərdir.
  • Muhəmməd Dibacın adı ilə daha çox əlaqələndirilən ərazi İranın Semnan ostanıdır. Bu isə onun əlaməti ola bilər ki, seyidi sonuncu dəfə məhz burada görmüşlər. Semnan şəhərindən Bakıya qədər quru yolla məsafə təxminən 1032 kilometrdir. Bu məsafə kifayət qədər uzun görünə bilər. Üstəlik, IX əsrdə sözügedən marşrutun böyük bir hissəsi sıx meşələrdən, yüksək dağlıq ərazidən, yırtıcı heyvanların və quldurların tüğyan etdikləri yerlərdən keçdiyinə görə çox təhlükəli  sayılırdı. Amma bir məsələ də vardır ki, İranın həmin bölgəsindən Abşerona dəniz yolu ilə də gəlmək mümkün idi. Bu halda səfər daha təhlükəsiz, məsafə isə ən azı iki dəfə qısa olurdu.   
  • Səfəvi şahları müqəddəs məkanlarla bağlı məsələlərə kifayət ədər ciddi yanaşırdılar. Sözsüz ki, Bülbülədə məhz İmam övladının dəfn edildiyini göstərən dəllillər olmasaydı, Səfəvilər bu kompleksin inşasına icazə verməzdilər. Lakin eyni zamanda nəzərə almalıyıq ki, İranın Şiliqan kəndindəki Dibac türbəsi də Səfəvilər zamanında tikilmişdir.
  • Bülbülədə İmamzadənin dəfn olunduğunu Abbasqulu Ağa Bakıxanov qeyd etmişdir. O, ilkin mənbələrə və faktlara istinad edən bir alim idi. Şübhəsiz ki, bu məsələdə də A.Bakıxanov ağızdan-ağıza ötürülən rəvayətlərə deyil, ən azı türbə üzərindəki yazılara əsaslanmışdı. Sovet hökuməti türbəni 1937-ci ildə elə dağıtmışdı ki, ondan bir daş kitabədən başqa heç nə qalmamışdır. Məntiq bunu deyir ki, həmin kitabə türbə üzərinə həkk olunmuş, lakin dövrümüzə gəlib çatmamış yazıların yalnız bir fraqmentidir.
  • Ağızdan-ağıza gəzən rəvayətə görə, türbədə Muhəmməd Sadiq adlı İmamzadə dəfn olunmuşdur. Zənnimizcə, bu rəvayətin kökü qədim zamanlara – IX–XII əsrlərə deyil, çox-çox sonralara – XX əsrin əvvəllərinə gedib çıxır. Yəqin ki, türbə üzərindəki yazılarda onu inşa etdirənlərlə yanaşı, burada kimlərin dəfn olunduğu da göstərilmişdi. İmamzadə Muhəmməd Sadiq adı da kənd camaatının yadında məhz həmin yazılardan qalmışdır. 
  • Bülbülədə dəfn olunmuş İmam övladının adı Muhəmməd Sadiqdir. Muhəmməd adı və Sadiq ləqəbi Muhəmməd Dibacın öz adına (Muhəmməd) və onun atasının ləqəbinə (Sadiq) uyğundur.
  • İmamzadə Muhəmməd Sadiq Bülbüləyə Abbasilərin təqibindən qaçıb gəlmişdi. İmam Muhəmməd Bagirin nəvələrinin bir hissəsi, o cümlədən, Muhəmməd Dibac ibn Cəfər Sadiq, İmamın qızı Ümmi Sələmənin oğlu İsmail ibn Muhəmməd və digərləri Abbasilərə qarşı 815-ci il üsyanında iştirak etmiş və buna görə şiddətli bir şəkildə təqib olunmuşdular.

Nəticə. Şübhəsiz ki,Bülbülə İmamzadə Kompleksində Məsum İmamların övladlarından biri dəfn edilmişdir. Belə qənaətə gəlmək olar ki, o, İmam Cəfər Sadiqin oğlu Muhəmməd Dibacdır.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: