
ELBARİZ Məmmədli
Doğrusunu deyim ki, ölkənin qeyri müəyyənliklə dolu olan siyasi gündəminə fikir bildirmək marağında olanlardan deyiləm. Amma bəzən elə sarsıdıcı hallarla rastlaşırsan ki, təəssüf hissi keçirməyə, əsəbiləşməyə, üsyan etməyə məcbur olursan. Bəzi adamların kor gözləri görmür, kar qulaqları eşitmir ki, millət Şəhid verib, onlarla ailəyə od düşüb, analar ağlar qalıb.
Niyə soruşmursunuz, ön xətdə hansı yanlışlığa yol verilib və faciəli nəticələrlə üzbəüz qalmışıq? Rusun və digər erməni havadarlarının barmağı bu işin harasındadır? Əvəzində nəyi duyuruq? Aramızda bəzi beynəlmiləlçilər peyda olur və Azərbaycanı qonşu dövlətin ərazisinə təcavüz etməkdə suçlayır. Nə qədər şərəfsiz və antimilli olasan ki, belə düşüncələrə qapılasan?
Mənim həmin adamlara bir sualım var?
— 1989-cu ildən üzü bəri işğala məruz qalan yurdlarımızda erməni-rus işğalçılarının nə işi vardı?
Yəqin ki, o vaxtlar təcavüzə qarşı belə üsyankar olmayıbsınız. Olmazsınız, axı. Siz dünyəvi düşüncəyə köklənmiş adamlarsınız. ABŞ Departamentinin və BMT-nin sərsəm bəyanatları sizə ana südü kimi şirin gəlir. Hə, bildim. Sizə İlham Əliyevlə düşmənçilik və onun kürsüsünə yiyələnmək sərfəlidir. (Mən bu hakimiyyətin sevdalısı-filan deyiləm, ha. Onlardan çəkdiyimi çəkmişəm. İllərdi ki, haqqıma və hüququma qənim kəsiliblər. Amma millətimi və dövlətimi heç nəyə dəyişə bilmərəm ) Özünüzü şarlatan Qərbə şirin göstərmək istəyirsiniz. Eynilə 5-ci kolonun tör-töküntüləri Rusiyaya xoş gəlmək üçün hər cür alçaqlığa getdiyi kimi. Və ortada kasıb-kusubun balaları sizlərin də havasını udduğunuz, çörəyini-suyunu daddığınız Vətənin uğrunda can verir. Niyə? Sizlərin mənsəb sahibi olması üçünmü? Yetər artıq! Bu millətin, bu torpağın, bu Vətənin taleyi ilə oynayanların hamısı layiq olduğu cəzanı almalıdır.
Qonşu İran -Zəngəzur bizim qırmızı xəttimizdir,-deyərək, özünü cırıb dağıdır. O zaman Cənubi Azərbaycan, Dərbənd, İrəvan, Göycə, Zəngəzur da bizim qırmızı xəttimizdir. Dilimizə gətirmirik ki, Qarabağ dərdini çözə bilək. Hərçənd ki, dünyada ədalət zad yoxdu. Ədalətli olmaq üçün güclü olmalısan, vəssalam. Yoxsa, Bakıda oturub İran , Rusiya və Qərb sevdasına əsir olmaq bu məmləkətə bəladan başqa heç nə gətirməyəcək. Bunu xalq da bilsin, hakimiyyət də, otuz ildi qaşıq dəyişdirən müxalifət də. Bu Vətən hamımızındır və canımız çıxıb, hamılıqla ona xidmət göstərməliyik. Ucqarda iki güllə atılan kimi, oliqarx balaları hava alanında soxa-sox salıb qaçmağa başlayırlar. Yetim-yesir torpağın müdafiəsinə səfərbər olunur. Orduda hələ də özbaşınalıq var. Çinlər böyüyür, amma mahiyyət dəyişmir. Niyə bundan danışmırsınız?
Əgər ordumuz yüz il öncədən bizim olan torpaqlara ayaq basıbsa , qədəmlərinə və hünərinə can qurban! Bəziləri özünü yeyib tökməsin. Neçə ki, bu torpaqda erməni nəfəsi, rus himayəsi, amerikalı və fransız havadarlığı var, biz rahat yaşaya bilməyəcəyik. Bu millətin bütün dərdlərdən xilasının bircə memarı var. O da onun özüdür.
Rədd olsun, içimizdəki rus, fars, Qərb nökərləri! Tanrı millətimizi dövlətimizi və ordumuzu qorusun! Şəhidlərimizin məkanı əbədi ucalıq olsun!
