Zəfərimizə həsr olunmuş ilk prioqrafik rəsm əsərinin müəllifi Kirman Abdindir

«Tanınmış rəssam Kirman Abdin Qarabağda ordumuzun qazandığı Zəfərə ilk əsər həsr edən rəssamımızdır» desək yanılmarıq.

O, daim Qarabağ probleminə həsr olunmuş əsərlər işləyib və bu əsərlər sərgilərdə nümayiş etdirilib. Rəssam Kirman Abdin, bunca çoxşaxəli və dəyərli əsərlər yaratmış, həyatını yaradıcılığa həsr etmiş rəssama bu günədək heç bir diqqətin göstərilməməsi barədə yazı yayınlamışdıq. «Fədai» qəzetinin yaradılmasında da əməyi olan rəssamımızın xəstə olduğunu eşitdik və ona şəfalar arzulayırıq.

 K. Abdin “Məmməd Araz qrafik albomu” adı altında çap olunan əsərləriylə M. Araz yaradıcılığını rəsm əsərlərinə çevirməyi bacaran bir rəssam olduğunu sübut etdi. 2020-ci ilin Vətən müharibəsində qazandığımız parlaq Qələbədən təsirlənən rəssamın bir neçə əsərini, o cümlədən “Zəfər tarixinin şahidi” qrafik əsərini sizlərə təqdim edirik.

Prioqrafiya üsulu ilə işlənən əsərdə Zəfərin şahidi ağsaçlı anadır. Müəllif Qələbənin Şuşanın azad olunması ilə təmin edildiyini mədəniyyət paytaxtımızın rəmzi sayılan xarıbülbül çiçəyi, 28 illik işğal zamanı nisbətən salamat qalmış Yuxarı Gövhər ağa məscidi və Azərbaycan-Türkiyə birliyinin simvollaşdıran iki qardaş ölkənin birləşmiş bayraqları fonunda təqdim edib.

Eyni motivlərdən Böyük Zəfərimizi simvollaşdıran ikinci əsərdə də istifadə olunub və problemin açarlarını saxlayan kəndirin qırılması, bülbülün asudə oxuması və iki qardaş dövlətin simgəsi olan hilal və 5 guşəli və 8 guşəli ulduzların sayəsində Vətənimizin səmalarında qara buludların dağılması simvollaşdırılıb.

Kirman Abdin yaradıcılığında zaman-zaman Qarabağ, Vətənin digər taleyüklü problemlərinə əsərlər həsr olunub.

Kirman Abdin yaradıcılığında vətəndaşlıq mövqeyi və Vətən mövzusu qabarıq şəkildə özünü biruzə verir.

Bunca çoxşaxəli və dəyərli əsərlər yaratmış, həyatını yaradıcılığa həsr etmiş rəssama bu günədək heç bir diqqətin göstərilməməsini ictimailəşdirmişdik. Lakin nə Rəssamlar İttifaqı, nə də Mədəniyyət Nazirliyi dəyərli rəssamımız Kirman Abdin yaradəcılığına bu günədək layiq olduğu qiyməti verməyiblər.


Xatırladaq ki, Kirman Abdinin Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda (2012, 2016) və Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi zalında (2016) sərgiləri keçirilib. O, 2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası (FECO) Azərbaycan qrupunun üzvüdür.

Görkəmli rəssamımız Kirman Abdinə bir daha cansağlığı arzulayır və ondan yeni-yeni əsərlər gözləyirik.

X. Ədəboğlu

Bu xəbəri paylaşın: