Qondarma Krım Respublikasının separatçı rəhbəri Sergey Akseyonov bildirib ki, Donbass, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olması tarixi ədalətin bərpasından başqa bir şey deyil və bu, “sonuncu deyil”. Onun sözlərinə görə, hər şey yolunda gedir.
“Prezident açıq şəkildə deyib: Biz tarixi sərhədlərə qayıdırıq, «Rusiya dünyası» bu sərhədlərə qayıdır… Ölkə üçün, prezident üçün, onun qərarlarına görə qürur hissi, keçirirəm, əslində, hər şey qaydasındadır. Ona görə də Allaha şükürlər olsun ki, biz irəliləyirik, əminəm ki, bu, sonuncu görüş deyil”, — deyə respublika başçısı Telegram-kanalında yerləşdirdiyi videoda bildirib.
Bundan əvvəl Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet qeyd etmişdi ki, Rusiyanın respublikalara yenidən birləşməsi sayəsində Azov dənizi ölkənin daxili hissəsinə çevrilib. O, həmçinin əlavə edib ki, bununla həm Kiyevin orada təxribatlar törətmək cəhdlərinə, həm də NATO-nun bu ərazidə dəniz bazası yaratmaq niyyətinə son qoyulub.
Elnur Səlim
