
Elbariz Məmmədli
Dünyada və regionumuzda baş verən hadisələr o qədər sürətlə cərəyan edir ki, hamı bunları ardıcıllıqla sıralamağa belə çətinlik çəkir. Şübhəsiz ki, həmin hadisələrin fonunda bizi ilk növbədə maraqlandıran, öz problemimiz, öz məsələmizdir. Amma çağdaş dünyanın gələcəyinə hesablanmış maraqların Ukraynada toqquşduğunu nəzərə alsaq, demək olar ki, bu həm də bizim məsələmizdir və burdakı reallığın ukraynalıların xeyrinə dəyişməsi, Qafqaz bölgəsində də ziddiyyətlərin çözülməsinə xeyli təkan vermiş olardı. Onsuz da yüz illərdi özünü regionun ağası kimi aparan, milli münaqişələrin memarı rolunu oynayan Rusiyanın öz işğalçı kursunu dəyişəcəyinə inam yoxdur.
Sentyabrın 27-də elan etdiyi saxta referendumla Ukraynanın 4 bölgəsini müstəqil elan etməsi, daha dəqiq desək özünə birləşdirməsi göstərir ki, şimal qonşularımızın böyük dünyanın qarşısında özünü islah etmək niyyəti yoxdur və olmayacaq da. Deməli, işğalçı Rusiya sabah həmin oyunu Qarabağda da oynaya bilər və rusların hazırkı loyallığı kimisə çaşdırmasın. Üstəlik riyakar Qərbin , ABŞ və İranın da erməni məsələsində bizim istəyimizə adekvat olmayan mövqe nümayiş etdirməsi, düşüncələrimizdə narahat fikirlər oyadır.
Məlumdur ki, Fransa və ABŞ hələ də ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etməyə maraqlı görünür. Bu da şübhəsiz ki, həmin ölkələrin bölgədə var olmaq miyyətlərindən qaynaqlanır. Rusiyanın bu məsələdə israrlı olmaması, həmin dövlətlərin Qafqazda varlığına bir növ təpki təsiri bağışlayır. İllər boyu münaqişənin həllində bir addım belə irəliləyişə nail olmayan dövlətlər, indi bir az fərqli maraqlarla geri dönmək istəyirlər. Sonra da beynəlxalq sülhməramlıların gəlişini istəyəcəklər və sonra da…
Nəhayət, bütün olaylara Azərbaycan cəmiyyətinin göstərdiyi münasibətə diqqət yetirək. Hazırda İran adlanan ölkədə inqilabi proseslərin qaynar müstəviyə keçməsi, cəmiyyətimizin diqqətini Ukrayna savaşı qədər özünə çəkmədi. Ölkənin siyasi qüvvələri (bəzi istisnalar nəzərə alınmazsa) cənublu soydaşlarımızın mübarizəsinə həssas münasibər ortaya qoymadılar. Burdan da anlaşılan odur ki, ölkədə ümumiyyətlə milli məfkurəyə köklənmiş heç bir siyasi qüvvə yoxdur. Olsaydı, ən azı toparlanıb, cənublu soydaşlarımıza təsəlli üçün həmrəylik nümayiş etdirərdilər. Bunu heç, İranın Zəngəzurla bağlı təpkisinə və Ermənistanda hərbi baza qurmaq istəyinə qarşı da görmədik. Əvəzində uzaq Hindistandan ermənilərlə hərbi əməkdaşlıq çağırışlarını eşitdik. (Bu həm də bizim qardaş Pakistanla yaxınlığımıza qarşı bir addımdır) Eks prezidentlər Petrosyan və Köçəryanın mətbuata ziddiyyətli açıqlamalarını dinlədik. Erməni hiyləgərliyinin və etibarsızlığının şahidi olduq. Makronun yenə də başından böyük danışıqlarını duyduq.
Vəziyyətimiz heç də bizim arzuladığımız kimi ürəkaçan deyil. Cəmiyyətdə loyallıq artdıqca problemlərimizin miqyası da böyüyür. Üstəlik , əsas müttəfiqimiz və doğmamız olan Türkiyə ətrafında oyunlar oynanır. Xisləti heç də ermənilərdən fərqlənməyən yunanları ortaya atıb Türkiyəni savaşa çəkmək, həmçinin türkləri ruslarla üzbəüz qoymaq istəyirlər. Şərin xanədanında ABŞ tək güc olaraq qalmaq istəyir. Onların demokratiya və insan haqları ilə bağlı dedikləri isə, indi başında hakim rol oynadıqları BMT-nin yöndəmsiz qərarlarından heç nə ilə fərqlənmir.
İndi biz, dünyadakı qaynar proseslərin harasındayıq? Bax, bu haqda danışmaq lazımdır. Erməmilər susmurlar. Bütün dünyada Azərbaycana qarşı ciddi təbliğat aparırlar. Hələlik Qarabağda seperatçı əməllərini davam etdirirlər. Kökü-soyu məlum olmayan toplumlarını tarixin yaradıcısı qismində hamının gözünə soxurlar. Araz Əlizadə də Rusiyanın işğalçı addımlarından cuşa gəlib, DNR, LNR, Herson və Zaporojyenin ilhaqına haqq qazandırır. Deyir ki, Rusiya artıq təmizləyə-təmizləyə gedəcək. Deməli, belələri oturub rusun gəlişini gözləyirlər. Millət və dövlət onların nəyinə lazımdır ki…
Davamız bitməyib. Gəlin bu davanı hamımız birlikdə aparaq. Həm ölkənin içindəki düşmənlərlə, həm də kənardan dayanıb yolumuza daş atanlarla.
