DÜNYA QÜTBLƏŞİR…

ELBARİZ Məmmədli

Bu həftə Avropa İttifaqının «Avropa siyasi birliyi» çərçivəsində keçirilən Sammitində Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü regionda sülhün bərqərar olunması baxımından olduqca əhəmiyyətli idi. Fəqət, Rusiyanın o qədər də sezilməyən qısqanclığı və Fransa prezidenti Makronun masabəyi kimi ortada olması, yenə müəyyən suallar doğurur.

Əvvəla ona görə ki, Rusiya, Fransa və ABŞ otuz ildir davam edən bu qanlı savaşda həmişə ermənilərə tərəf kimi mövqe nümayiş etdiriblər. Minsk Qrupunun «fəaliyyəti» ndə bunu aydın hiss etmişik.

İkincisi, şər Rusiyasının başı dərddə olmasaydı, bu görüşlərin keçirilməsinə heç vaxt imkan verməzdi və hər vasitə ilə vəziyyəti gərginləşdirməyə çalışardı.

Üçüncüsü, Türkiyənin Rusiya-Ukrayna və Ermənistan-Azərbaycan (savaşı adı öndə çəkilənlər başlayıb) müharibəsində ədalətli hakim kimi ortaya girmək cəhdləri onsuz da əbədi Türk düşməni olan Qərbə və digərlərinə xoş təsir bağışlamır.

Elə Egey dənizində və Aralıq dənizi hövzəsində Türkiyəni hərəkətə gətirib, savaşa soxmaq cəhdləri də onun artan nüfuzuna zərbə vurmağa hesablanıb. Sabah bu istiqamətdə çatışmalar olarsa, əksər dövlətlərin şərin ( ABŞ və nökərlərinin) yanında olacağı gün kimi aydındır. Bu baxımdan Türkiyənin İsrail və Səudiyyə Ərəbistanı kimi dövlətlərlə münasibətlərini istiləşməyə doğru dəyişməsi, İngiltərə ilə yaxınlığı, indiki çəqam üçün olduqca əhəmiyyətlidir. O ki, qaldı bizim məsələmizə, böyük güclər arasında Qafqazı ələ keçirmək və ya onu əldən verməmək istiqamətində ciddi rəqabət var. Türkiyənin ortada olması bu güclərin heç birinə sərf etmir.

Praqadakı danışıqlarda Azərbaycanın mövqeyi qəti və əsaslandırılmış olduğundan, Ermənistan tərəfi ortaya əks arqument qoymaq imkanından xeyli uzaq görünürdü. Amma bəzilərinin hay-küylə dedikləri kimi, Paşinyanı qayğılandıran bu deyildi. Hazırda proqmatik, hiyləgər və ağıllı adam kimi ermənilərin ən yaxşısı olan eks-prezident Levon Ter-Petrosyanın yetirməsi sayılan Paşinyan heç də bəzilərimizin düşündüyü kimi, düşük-filan deyil. Yaxşı anlayır ki, Qarabağ kartı ilə oynanan oyunlar Ermənistan dövlətinin gələcəyini sual altına salır. Hərçənd ki, bunu xəstə erməni cəmiyyətinə anlatmaq çox çətindir. Çünki ayrı-ayrı lobbi təşkilatları və rusiyameylli qüvvələr problemin ədalət müstəvisində həllinə qətiyyən maraqlı deyillər, əksinə qisasçı hisslərlə yaşayırlar.

Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Paşinyanın Qarabağ ermənilərini yenidən qabartması da məhz antisülh qüvvələrlə münasibəti tam gərginləşdirməməyə hesablanmış gedişdir. O ki, qaldı Zəngəzur dəhlizi məsələsinin masada olmamasına, əgər dövlətlərin ərazi bütövlüyü təmin olunacaqsa, Azərbaycan tərəfi Laçın dəhlizini əsas götürərək, diqtə edən tərəf kimi öz haqqını ortaya qoya bilər. Şübhəsiz ki, ermənilərin bu varianta gedəcəyi inandırıcı görünmür və belə olan halda ortada rus «sülhməramlıları» nın olmasına ehtiyac qalmır. Buna da Rusiyanın reaksiyası birmənalı demək olar ki, müsbət olmayacaq. Nə etməli?

Azərbaycan regionun hərbi gücə malik dövləti statusunu qorumalı, müasir hərbi texnologiyaları mənimsəməkdə və işə tətbiq etməkdə israrlı olmalıdır. Nə erməniyə, nə də onların havadarlarına etibar yoxdur.Beynəlxalq qurumların qərarları da çox vaxt adi kağıza çevrilməkdən savayı bir işə yaramır. Bir də ki, informasiya müharibəsində hələ də üstələyə bilmədiyimiz erməni təbliğatına qarşı ədalətli mübarizəmizi genişləndirməliyik. Tribunalardan kiminsə xoşuna gəlmək, kiməsə yarınmaq üçün deyil, haqqa xidmət üçün yararlanmaq lazımdır. Erməni xislətinə yaxşı bələd olduğumuz üçün anlamalıyıq ki, Praqa görüşü də digər görüşlər kimi hələ heç nəyi həll etmir. Bəzi parlament üzvləri də özlərinə aid olan məsələlərlə məşğul olsalar, daha yaxşıdır.

Biz ətrafımızı sarmış qara qüvvələrdən, məkrli niyyətlərdən xilası özümüzdə və qardaş Türkiyə başda olmaqla, dostlarımızla isti təmasda axtarmalıyıq. Çünki dünya qütbləşir və bu qütbləşmədə həqiqi yerimizi tutmaq məcburiyyətindəyik.

Bu xəbəri paylaşın: