XIX əsrin sonu, XX əsrin əvvəllərindən etibarən türk-müsəlman tacir təbəqəsi arasında əhalinin acınacaqlı vəziyyətinə, dərindən acıyan və bu problemlərin aradan qaldırılması üçün çalışan ziyalılar meydana çıxmışdır. Bunlardan biri də Kərbəlayı Yusif Mirsiyabov idi. O, Şuşa tacirləri arasında demokratik düşüncəsi ilə seçilirdi.
1905-1906-cı illərdə Azərbaycanın demokratik qüvvələrini düşündürən ən vacib məsələ xalqımızı ermənilərin əli ilə törədilən qırğınlardan qorumaq idi. Vətənpərvər ziyalımız Əhməd bəy Ağayev 1906-cı ildə Difai partiyasını yaratdı. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşir, bütün qəza mərkəzlərində şöbələri fəaliyyət göstərirdi. Partiyanın əsas məqsədi xalqımızı erməni terrorundan müdafiə etmək idi. Möhüründə iki çarpaz qılınc, aypara və ulduz təsviri var idi. Partiya erməni terrorçularından və onun havadarlarından amansız intiqam alırdı. Difainin yaradıcısı Daşnaksutyunun rəhbərlərinə açıq şəkildə bildirmişdi: “Əgər daşnaklar köhnə qaydada fəaliyyətlərini davam etdirib, müsəlmanlara xaincəsinə hücum edərlərsə, onlar amansız cavab zərbəsinə məruz qalacaqlar”. (http://e-derslik.edu.az/books/149/units/unit-1/page73.xhtml)
Kərbəlayı Yusif Qarabağda, Şuşada məşhur olan mirsiyabovlar soyundandır. Bu soyun ulu babası Hüseyndir. Hüseyn XVIII yüzilin sonlarında Şuşa şəhərində yaşamışdı. Ticarətlə məşğul idi.
Hüseynin Mir Siyab adlı oğlu vardı.
Mir Siyab Hüseyn oğlu 1792-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Başmaqçılıqla məşğul olmuşdu. Əhməd xan Sarıcalı-Cavanşirin rəiyyəti sırasına daxil idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. O, böyük var-dövlət qazanmış, karvansara satın almışdı. Karvansara “Mirsiyab” adlanırdı.
Mir Siyabın törəmələri Mirsiyabov soyadını daşıyırdılar.
Mir Siyab Cəvahirlə ailə qurmuşdu. Hüseyn, Qəhrəman, Şükür adlı oğlanları, Gülnisə adlı qızı vardı.
Qəhrəman Mir Siyab oğlu 1833-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhərdə Ağa Qəhrəman kimi tanınırdı. İbtidai təhsilini mollaxanada almış, sonra mədrəsədə oхumuşdu. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi, sonra Məkkəyi-müəzzəmi ziyarət etmişdi.
Hacı Qəhrəman əvvəlcə bir xanımla, sonra Səkinə Hacı Əli qızı ilə ailə qurmuşdu. Birinci nikahdan Yusif, Şükür adlı oğlanları, ikinci nikahdan Əfrasiyab, Camal adlı oğlanları, Hümay adlı qızı vardı.
Yusif Hacı Qəhrəman oğlu 1872-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini mollaxanada almış, sonra mədrəsədə oхumuşdu. Sonra isə Şuşa real məktəbinə daxil olmuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Onun babasından qalma “Mirsiyab karvansarası”nda haqqı və payı vardı.
Kərbəlayı Yusif “Difai” təşkilatının və onun qolu “Qarabağ məclisi”nin üzvü idi. “Qarabağ məclisi”nin Şuşa komitəsinə doktor Kərim bəy Mehmandarov başçılıq
edirdi. O, 1883-cü ildən Şuşada həkim işləyirdi. Onun köməkçisi Cahangir xan Nuribəyov idi.Komitənin katibi Şuşa qarşılıqlı-kredit bankının direktoru Xuduş Quliyev idi. İcraiyyə idarəsinə və hərbi təşkilata Məşədi Şamil Hacıyev başçılıq edirdi.
Komitənin üzvüləri: Muxtar bəy Muradov, İsmayıl bəy Axundov (bazar darğası), Süleyman Əsgərov (tacir), Hacı Sadıq Məmmədov, Məşədi Cəfər oğlu (İran təəbəsi), Məşədi Əhməd Əzimov, Hacı Mirzə Hüseyn Kərim oğlu Münşizadə, Əfrasiyab Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi 18 nəfər. (Документы по русской политике в Закавказье, Вып.1, Баку, 1920, с. 22)
Kərbəlayı Yusif Mirsiyabov bir sıra sui-qəsdlərin həyata keçirilməsində iştirak etmişdi. «Daşnaksütyun”-un saysız-hesabsız erməni terrorları ilə müqayisədə «Difai” partiyasının sui-qəsd aktları o qədər də nəzərə çarpacaq dərəcədə olmasa da, çar üsul-idarəsi, habelə ermənilər azərbaycanlıların daha əvvəlki kimi sakit oturub hökumətə itaət edərək erməni xumbalarının qarşısından qaçması hallarına son qoyulduğunun, ciddi və inadla müqavimət göstərdiyinin şahidi oldular. Bununla əlaqədar olaraq partiyanın müraciətnaməsində deyilirdi: «Mütəşəkkil hərbi qüvvəyə malik, eyni zamanda yeni silahlarla, hətta toplarla təchiz edilmiş daşnak partiyası bir tərəfdən silah gücünə bütün erməniləri, digər tərəfdən də Qafqaz hökumətini özünə tabe edərək ümdə məqsədlərinə nail olmağa çalışır. Onların əsas məqsədləri Qafqazda yaşayan bütün müsəlmanları qırdıqdan sonra torpaqlarını işğal etməkdir. Bu məqsədlərinə nail olduqdan sonra ermənilərin fikirləri Qafqazda ermənilər üçün milli müstəqil bir idarə yaratmaqdır. Əgər daşnak partiyası namus və səmimiyyətlə öz hərəkət və fəaliyyətinin həqiqi proqramını aşkar söyləyərlərsə və bu proqram Qafqazda yaşayan bütün millətlərin azadlığı və müstəqilliyinə xələl gətirmirsə, o zaman biz birlik əlimizi həmişə ona uzatmağa hazırıq. Əksinə, əvvəllər olduğu kimi, müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərlərsə, bizdən layiqli cavabını alar və Qafqaz başdan-başa sonsuz qanlı səhnə halına düşər”.
Kərbəlayı Yusif Şuşanın Çölqala məhəlləsində açılan məktəbə xeyli yardım etmişdi: “İrşad” qəzeti №164, 13 iyul 1906-cı il Şuşadan Möhtərəm Kərbəlayi Yusif Hacı Qəhrəman oğlının himmətilə Şuşada Çölqala məhəlləsində 1344-minci ilin səfərül-müzəffər ayının 20-minci günündə güşad olan məktəb bizim islam balaları içün xeyir-mənfəət gətürməgi bizlərə məlum oldı. Bu məktəbin müdərrisi Axund Molla Məhəmməd Həmzə oğlıdır. Bu zat əhli-Şuşadır, on il bundan əqdəm Zəngəzur uyezdinin Gorus adlanan qəsəbəsində qəzavət əmrinə mübaşir olub layiqi-təqdir xidmətlər olubdir.
Özi də sabiq “Şərqi-Rus” qəzetəsinin müxbiriydi. Möhtərəm qazetə oxucularımıza məlumdur, Gorus qəsəbəsində erməni tayfasını bir para namünasib hərəkətlərinə c ənab molla Gorusdan gəlüb öz sevgili vətənində sakin olubdur. Ermənilərin bizə xeyri bu oldı ki, bu zat bizim əlimizə düşüb, uşaqlarımız içün böyük mənfəət yetürür. Uşaqlara verilən dərslər zeyldə yazılan qərar üzrədir: Məktəbdə üç şöbə t əyin olubdur. Dərsə saat ikiyədək məşğul olurlar. Məktəbdə çubuq, falaqqa filan yoxdur. Hər gündə 3 sinif dərs təlim verürlər: Birinci şöbədə əlifba oxuyan uşaqlar, ikincidə Quran oxuyanlar üçincidə kitab oxuyanlardır. Əqayidi-diniyyə və əhkami-şər`iyyə, lövh vasitəsilə elmihesab dərsi də verürlər. Mülahizə etdigimizə görə, bu üç ayda verilən dərsi bizim müslim balalar üç ildə oxuya bilməzdilər.
Gölqala məhəlləsindən.
«23 mart və 24 mart 1908-ci il. Yelisavetpol ş. qubernatorunun dəftərxanasından. Həmin ilin 23 və 24 mart tarixli raportlarında isə «Difai» təşkilatının Şuşa bölməsinin bütün üzvlərinin həbs olunması barədə qərarların qəbul olunduğu bildirilir (AR Prezidentinin Siyasi Sənədlər Arxivi. Документы по русской политике в Закавказье Вып.1. Баку. Изд. Особой комисии при Минстрерстве иностранных дел Азербайджанской республики, 1920, с.39-40)
1909-cu ilin may ayında «Qarabağ Birlik Məclisi»nin üzvlərinin işi üzrə məhkəmə araşdırması aparılmışdı. İş üzrə müttəhimlər kimi «Difai»nin Şuşa bölməsinin üzvləri Məşədi Şamil Hacıyev, Əfrasiyab Əzimov, Kərbəlayi Yusif Mirsiyabov, Rza bəy Rzabəyov və Məmməd İsmayıl oğlu, Ağdam bölməsinin üzvləri Hacı Miriş Mirbağırov, Mirzə Davud Ağamirzəzadə, Baxış bəy Kazımbəyov, Hacı Cümşüd Hacı Cəfərqulu oğlu, Zulfuqar bəy Abdulla bəy oğlu Haqverdiyev və Muxtar Kərbəlayi Məmməd oğlu keçirdi. Adları çəkilən şəxslər «fəaliyyətinin məqsədi Zaqafqaziyanın müsəlman əhalisini qanuna və hökümətin sərəncamlarına itaət etməməyə təhrik etməkdən ibarət olan, özünü müsəlman «Difai» partiyası və «Qarabağ Məclisi» adlandıran, üzvləri ətraf kəndləri gəzərək əhalidən partiyanın ehtiyacları və silah üçün pul yığan, partiyanın adından inzibati və məhkəmə vəzifələrini yerinə yetirən, əhali arasında çəkişmə və mübahisələri tənzimləməklə məşğul olan cinayətkar birlikdə iştirak etməkdə» ittiham olunurdu.
Araşdırma nəticəsində Yelizavetpol dairə məhkəməsi 1909-cu il mayın 15-də «Qarabağ Birlik Məclisi»nin üzvlərinin işi üzrə hökm çıxarmışdı. Məhkəmənin qərarı ilə həmin şəxslərdən 8 nəfəri 8 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilmiş, 3 nəfərin isə təqsiri sübut edilmədiyinə görə məhkəmə onlara bəraət vermişdi. (ГАППОДАР: ф. 276, oп. 8, д. 217, л. 22-25.)
Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, düşmənlərdən müdafiədə difaiçilər qədər misilsiz xidmətlər göstərən ikinci təşkilat üzvləri tapmaq mümkün deyildir. Bu mənada onlar, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli qəhrəmanlar, güvənc yerlərimiz, qürur duyduğumuz və arxa bildiyimiz ən böyük azərbaycanlılar idilər. Hər bir fərdi də misilsiz əməlləri ilə yadda qalıblar. Onları xatərlamaq bizim də boyun borcumuz…

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf
