Türkiyədə mədəndə partlayış: ölənlərin sayı 41-ə çatıb

Türkiyənin şimalındakı kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 41-ə çatıb, ölkənin daxili işlər naziri deyib. Süleyman Soylu daha əvvəl Bartındakı şaxtadan 58 nəfərin xilas edildiyini, ondan çox insanın yerin altında qaldığını bildirib.

«Biri ağır olmaqla, dörd xəstəmiz reanimasiyadadır. Bir xəstəmiz palatada müalicə olunur. 6 vətəndaşımız təcili yardım təyyarələri ilə İstanbul Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının Yanıq Mərkəzinə köçürüldü», Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Cümə günü baş verən hadisə vaxtı mədəndə təxminən 110 nəfər olub.

Qara dəniz sahili bölgəsindəki mədəndən çəkilən videolarda xilas olunan işçilərin xəstəxanaya aparıldığını görmək olar. Ərazidə toplanan mədənçilərin yaxınları onlar barədə xəbər gözləyirlər.

Nə baş verib?

Partlayışın təxminən 300 metr dərinlikdə baş verdiyi güman edilir.

Daxili işlər naziri Süleyman Soylu bildirib ki, 300-350 dərinliyindəki «riskli» zonada 49 nəfər işləyirdi.

Partlayışın səbəbi məlum deyil, yerli prokurorluq araşdırmalara başlayıb.

İnsanlar və təcili yardım maşınları, mədən texnikası

Türkiyənin energetika nazirinə əsasən, ilkin əlamətlərə görə, partlayışa səbəb yerin təkində toplanan metan qazının alovlanması ola bilərdi.

Hakimiyyət mədəndə qismən çökmələrin olduğunu deyib.

Lakin hazırda yanğın söndürülüb və ventilyasiya sistemi düzgün işləyir, rəsmi məlumatda deyilir.

Mədənçilər

«Toz və tüstü bürüyüb»

Hadisənin baş verdiyi Amasra rayonunun bələdiyyə sədri Recai Çakır sağ qalanların «ciddi xəsarətlər» aldığını bildirib.

Mədənçilərdən biri yerin altında baş verənləri təsvir edərkən deyib ki, ətrafı «toz və tüstü bürüyüb, nəyin baş verdiyini dəqiq bilmirik».

Mədən dövlətin Türkiyə Taşkömürü Müəssisələrinə məxsusdur.

Türkiyə kömür mədənlərində ən ölümcül fəlakət 2014-cü ildə Soma şəhərində baş verib. O vaxt partlayış 301 nəfərin ölümünə bais oldu.

Mənbə: BBC

Bu xəbəri paylaşın: