- XAQANİ ƏDƏBOĞLU
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
“Hibrid müharibə” anlayışı ilk dəfə 21-ci əsrdə ABŞ və Böyük Britaniyanın hərbi sənədlərində ortaya çıxıb. Silahlı qüvvələrin, xüsusi xidmət orqanlarının hərəkətləri və güclü iqtisadi təzyiqlərlə birləşən informasiya, elektron, kibernetik əməliyyatların köməyi ilə müəyyən ərazinin tabe edilməsi deməkdir.
Bu gün Azərbaycana qarşı hibrid müharibə az qala ənənəvi müharibə həddinin altında aparılır. Bu zaman, mülki əhalinin rolu ön plana çıxır: onun dövlətə münasibətdə necə düşündüyü və necə davrandığı hədəf altına düşür. Müasir rəqəmsal və sosial media platformalarımız hibrid müharibə subyektlərinə, o cümlədən düşmən dövlətin zərərinə mülki əhaliyə kifayət qədər asanlıqla təsir göstərmək imkanına sahib deyil. Ümumiyyətlə, deyə bilərəm ki, bu istiqamətdə yaradılmış bir-neçə platformanın da işi çox aşağı səviyyədədir və əsasən özlərini düşməndən çox onu yaradanlara və bizlərə göstərməyə hesablanan addımlar atmaqdadırlar. İnternetdə Rusiyanın anti-Qərb və Ukrayna dezinformasiya kampaniyalarını nümunə kimi nəzərdən keçirmək olar, çoxu pinti şəkildə aparılsa da, aralarında çox ciddi nümunələr də var. Ukraynanın Rusiyaya qarşı apardığı mübarizə isə daha effektli olması ilə seçilir. Müharibənin başlanğıcında «Banderaya, faşizmə və s.» müharibəni əyyaşcasına dilə gətirən rus xalqı, elə ilk səfərbərlikdə cəmiyyət kimi parçalanmış olduğunu ortaya qoydu. Burada hərbi itkilərlə yanaşı dayanmadan rus dilində aparılan informasiya savaşı öz sözünü dedi. İlkin mərhələdə Ukrayna ordusunun zəifliyini informasiya savaşı elementləri ilə ört basdır edə bildilər. Bu ordunun imicinin qorunması üçün əsas amil kimi mühüm bir rol oynadı.
İndi Azərbaycan mətbuatını diqqətdən keçirin. Mən bir erməni feyki barədə yazdım və onun feykliyini sübut edən fotoları əlavə etdim. Bizim «yaxşı eləmişik» ədalı jurnalistikamız erməniyə işləyən durumda qaldı (Bax: https://fedai.az/?p=82844). «Yaxşı eləmişik» deyə az qala feyk xəbərə haqq qazandırmağa çalışdıq.
Hibrid müharibənin mürəkkəb təbiətini və dinamikasını nəzərə alaraq, bu işə daha ciddi ekspertlər cəlb olunmalıdır. Amma bizdə «ekspert» xəstəliyi var. İstənilən adamı ekspert «düzəldib» publikaya sırıyırlar. Bunu izlədikcə jurnalist xamlığı ilə ekspert nadanlığının sintezi ilə qarşılaşırsan. Əslində mövcud duruma görə ekspertlər bir sıra siyasi və strateji cavablar, çıxış yolları təklif etməlidirlər. Onlar hibrid təhlükələri müəyyən etmək, ehtiva etmək, onlara qarşı mübarizə aparmaq və onlara cavab vermək üçün hərtərəfli tədbirlər təklif etmək əvəzinə, ağızlarına gələni danışırlar. Əsasən də bu bu zorən ekspert və analitiklərin qeybət üslubuna üstünlük vermələri onların problemin mahiyyətindən xəbərsiz olmalarının nəticəsi kimi qəbul olunmalıdır. Bir mənalı olaraq, anlamaq lazımdır ki, informasiya faktoru, koqnitiv (informasiyanın məqsədli şəkildə xüsusi təqdimat formasının insanlarda yaratdığı psixoloji diskomfort, çaşqınlıq) və sosial sferaları hibrid müharibənin təməl daşına çevrilməsi səbəbindən əks tədbirlər görülməsə, hər hansı hərəkət çətin ki, effektiv nəticələr versin.
NATO rəhbərliyi hibrid müharibə kontekstində məlumatların toplanması və təhlili üçün yeni konsepsiya hazırlayır. Alyans sosial şəbəkələrdən, diplomatlardan, müxtəlif tədqiqat mərkəzlərindən, alimlərdən, yerli sakinlərdən məlumat toplamaq niyyətindədir və təkcə hərbi kəşfiyyata etibar etmirlər. Əslində, sözdə hibrid müharibənin konsepsiyası elə budur.

Asan anlaşılsın deyə, hibrid müharibənin mahiyyətini sadə dillə açıqlamağa çalışıram. Əlbəttə ki, belə hücumda hədəf dövlətin çökdürülməsidir. İnsansız dövlət yoxdur. Dövlətin legitimliyinin və gücünün mənbəyi isə xalqdır. Yəni bütün hallarda hədəf insan amilidir. Bu, ilk növbədə demokratik idarəetmə forması olan ölkələrə aiddir. Əsasən hibrid təhdidlər zamanı hədəf kimi dövlətin və ya dövlətlərarası siyasi icmaların həssas tərəfləri nəzərdən keçirilir. Məqsəd onlardan milli, daxili və beynəlxalq səviyyədə qütbləşmənin yaranması və ya kəskinləşməsinə səbəb olacaq dərəcədə dərinləşənə qədər istifadə etməkdir. Məsələn, heç bir lüzum olmadan ölkə daxilində Əvəz Zeynallının, Əli Əliyevin həbsi, yaxud hansısa jurnalistin və siyasətçinin, hansısa məmurun sifarişiylə həbsi, daxildə etimadsızlığı yaratmağa hesablanıb və bunu təsadüfü saymıram. Bu 5-ci kolonun əl işidir. Belə həssas bir məqamda bu həbslər, həm beynəlxalq aləmdə, həm daxili auditoriyada əleyhimizə işləyən bir faktora çevrilib. Xüsusən də ölkə rəhbəri qətiyyətlə məlum məsələlərin üzərinə gedən zaman, bu cür addımlar atılması birinci dəfə deyil. Nəticədə bu cür hibrid təhlükələr cəmiyyətdə etibarı sarsıdır, birgəyaşayış, harmoniya və plüralizm kimi əsas dəyərləri, habelə siyasi rəhbərliyin qərar qəbul etmək qabiliyyətini şübhə altına alır. Hücum üçün mövcud cəmiyyəti müdafiəsiz hala gətirir.
Bəzi özünü ekspert və analitik adlandıranlar isə daxildə hibrid müharibəsi barədə yanlış təsəvvürlər formalaşdırmağa çalışırlar. Bu da elə hibrid müharibənin bir üsuludur. Dövlətin və cəmiyyətin təhlükəsizliyinə kəskin təhdid yaradan hibrid təhdidlər qarşısında tək yol, güclü dayanıqlığın yaradılması üçün inamın bərpası mühüm əhəmiyyət kəsb edir. İcmalar daxilində etimadın yaradılması hibrid müharibə və hibrid təhdidləri neytrallaşdırmaq səylərinin əsas məqsədi olmalıdır. Bir mənalı şəffaflıq, hesabatlılıq və inklüzivliyə əsaslanan dövlət və xalq arasında əlaqələrin gücləndirilməsi üçün davamlı struktur fəaliyyəti və siyasi iş tələb edilir. Yəni bu sahə bir başa jurnalistikadan asılı olan iş deyil, bununla siyasi iradə və ciddi mərkəzlər məşğul olmalıdırlar.
Daxildə dövlətlə xalq arasında uçurum yaranarsa, bu dövlətin dağılmasına şərait yarada bilər. Məhz, hibrid müharibə subyektinin müharibə astanasına qədər hərəkətləri buna yönəlir. Bu gəlişi gözlənilməyən bir düşmənin sıralarımıza daxil olması deməkdir.
Hibrid müharibənin əsas amillərindən biri əhali arasında dezinformasiyanın yayılmasıdır.
Müasir rəqəmsal və sosial media platformaları hibrid müharibə subyektlərinə saxta xəbərlər dərc etməklə düşmən dövlətin ziyanına olmaqla dinc əhaliyə asanlıqla təsir göstərməyə imkan verir.
Düşmən münaqişənin başlamasından çox-çox əvvəl başqa ölkənin ərazisini daxildən məhv etmək üçün gedən təxribat qruplarının işinə də böyük ümidlər bağlayır. Yaxud düşmən onun üçün işləməyə hazır olan zəif, təslimçi adamlar tapır.
Ona görə də güman edə bilərik ki, hibrid müharibənin məqsədi ölkəni daxildən parçalamaq, çaxnaşma salmaq və tərəfdarlar tapmaqdır.
Düşmən hibrid müharibə apara bilməsə, açıq silahlı münaqişəyə başlayır.
Bu gün Azərbaycan əraziləri bütün sərhədləri boyunca təhdidlər altındadır. İstər hərbi, istərsə də qeyri üsullar bizə qarşı aktiv hala gətirilib. Milli Məclisin (18.10.2022) iclasında deputat Səməd Seyidov bildirib ki, AŞPA-da çox gərgin bir sessiya keçdi. Ermənilər və ermənilərin ətrafında toplanan şəxslər Azərbaycana qarşı elan edilməmiş informasiya müharibəsi başladıb. Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış, bir neçə mərhələdən ibarət hücum planı həyata keçirildi. Plan nədən ibarətədir? Sərhədlərdə provokasiyalar törədilir. Sonra video-foto şantaj, Azərbaycanın imicinə qarşı beynəlxalq səviyyədə xüsusi təxribatların törədilməsi. Bunun əsasında sənədlərin qəbul edilməsi. Ən nəhayət bunların əsasında danışıqlar prosesində özlərinə nəsə əldə etmək.
O vurğulayıb ki, Avropa Şurası sanki ermənilər tərəfindən xüsusi bir məkan olaraq seçilib: “Çünki, onlar – ermənilər Avropa Birliyi, beynəlxalq səviyyədə uduzduqlarının fərqindədirlər. Artıq Avropada da bilirlər ki, bu provokasiyaları kim törədir və nəyə görə törədir”.
Bununla bağlı hələ müharibə gedərkən bir neçə dəfə xəbərdarlıq etmişdim. Bu gözlənilən idi. Bəs biz nə etmişik?
Bu günlərdə qardaş Türkiyədə qəbul olunan dezinformasiya ilə mübarizə haqqında yeni qanun layihəsinin də əsas hədəfi bu sahədə neqativ halları aradan qaldırmaqdır. Hazırda əsassız xəbərlərin sürətlə yayılması üçün sosial media platformalarından (facebook, twitter və s.) geniş surətdə istifadə olunur. Çox milyonluq trollar ordusu, botlar iş başındadır. Buna görə daha çevik, daha ciddi və işgüzar olmalıyıq. Bu sahədə quhumbazlıqla, yerlibazlıqla və yaxud da tanışlıqla işlər yürüməz. Bu bir savaşdır.
Türkiyənin zamanında atdığı bu addımı izləməyimiz vacibdir. Ən azı Türk Birliyi baxımından mövcud təhlükələrə qarşı informasiya məkanımızı birləşdirməliyik. Əfsuslar olsun ki, bu sahədə də jurnalistika adına yaraşmayan və köhnə həsənovçu-nomenkulaturanın ortada olması, jurnalist birliklərinin başına bu sahənin imkanlarından xəbərsiz adamların gətirilməsi ortadadır. Bunu savaş kimi təsvir etsək, hansısa bir aşpazı, işbazı, hərbi potensialı güclü olan bir düşmən ordusuna qarşı döyüşə göndərməyə bənzəyir. Ölkədə jurnalistikanı məqsədli şəkildə öldürənlərin məramlarını indi anlaya bilirsinizmi? Jurnalistikanı «cəlladını sevən məşuqəyə çevirənlərin» 5-ci kolona nökərçilik etdiyini bu gün elə nökərlərin özləri də yazmaqdadırlar. Bəs niyə dəyişən heç nə yoxdur?
Jurnalistlərin ən sadə və izahsız roluna gəlincə isə, öncə mövcud neqativlər haqqında rəsmi məlumatlara əsaslanmalı, ya da ictimailəşdirilən danılmaz faktlar yekunda müdafiə qabiliyyətimizin möhkəmlənməsinə xidmət etməlidir. İlk baxışda çox da diqqətə çarpmayan bir başlığa bizim saytlarda (əslində saytların adlarını analiz etsəniz bu saytların yad media platformalarına aid olduğunu görərsiniz) tez-tez rast gəlinir: «Düşmən hücuma keçdi, bəzən genişmiqyaslı və s. epitetlər də artırılır». İnformasiyanın mahiyyətində isə demarkasiya xəttində atəşkəsin bir neçə saatlıq pozulması və əks tərəfin susdurulması dayanır. Təkcə bu başlıq cəmiyyətdə xof yaratmaqla yanaşı, övladları cəbhə xəttində xidmətdə olan minlərlə insan arasında təşfiş və nigarançılıq yayır. Sizə adi görünən bu başlıq, sizcə təsadüfənmi belə yayılır? Mənbə Müdafiə Nazirliyidirsə, onun verdiyi xəbər belə yayılmalıdır: «Müdafiə Nazirliyinin məlumatı». Məncə anlaşılandır.
Bildirim ki, dezinformasiya yüklü təşviş doğuran məlumatların yayılması müasir savaş üslublarından sayılır. Klassik anlamda «bir əsgərin qorxaqlığı böyük bir orduya sirayət edə bilər» deyimi də bu tendensiyadan qaynaqlanır. Cəmiyyətdə yetərincə təşviş, stress və qorxu keçirmiş vətəndaş-əsgər psixoloji basqıya məruz qalır. Ordu və cəmiyyətdə təşviş, qorxu və təlaş yaradan informasiyalar kütləvi stress yaradır. Stress, bir orqanizmin müəyyən bir olaya — sözdə stress faktoruna verdiyi fizioloji və psixoloji reaksiyaların birləşməsidir.
Dəfələrlə yazmışam ki, stressin bədənə təsiri ardıcıl olaraq bir-birini əvəz edən bir neçə mərhələdən ibarət bir proses kimi qəbul edilməsi bir sıra fəsadlar verməsi elmi olaraq təsdiqlənib və bunu mərhələlərə ayırıblar:
— Səfərbərlik mərhələsi: Enerji artımı var, ürək daha tez-tez döyünməyə başlayır, nəfəs səthi olur, qan təzyiqi yüksəlir, adrenalin və digər «stress hormonu» — kortizol ifraz olunur. Müəyyən mənada bu, bədəni «ya vur və ya qaç» əmrinin icrasına hazırlayan «ibtidai» reaksiyadır.
— Müqavimət mərhələsi: ilkin şok ötür, hormonların istehsalı bir qədər azalır (amma qalan şeylər normadan artıqdır), lakin bədən yüksək hazırlıq vəziyyətində olmağa davam edir.
— Tükənmə mərhələsi: Bədənin çox uzun müddət stress keçirdiyi təqdirdə, onun qoruyucu mexanizmləri qaçılmaz olaraq uğursuz olur. Fiziki və emosional qaynaqlar tükənir. Bütün bunlar immun, sinir, pulmonoloji, ürək-damar və digər bədən sistemlərinin fəaliyyətinə mənfi təsir göstərə bilir.
Elmi olaraq, sübut edilib ki, davamlı olaraq mənfi yazı oxuyanların, mənfi danışığa qulaq asanların, sümükləri əriyər və sağlamlıqları çökər.
Bu zaman böyrəküstü vəzlər, sağlam həyatı və sağlam düşüncəni aqresivləşdirən maddə ifraz edər. Kortizol adlanan bu ifrazat bədəninizi fiziki təhdidlərə cavab verməyə hazırlamaq üçün nəzərdə tutulmuşdur və bədəni dəyişdirir, ürək döyüntüsünü, adrenalini və qanda şəkərin miqdarını artırır. Əgər emosional olaraq narahatsınızsa, bu davamlı olaraq baş verirsə bədən kortizol istehsal edər. Bu da cəmiyyətdə xəstəliklərin yayılması deməkdir.
Aidiyyatlı qurumlar bunu görməməzdən gəlirlər, vurub dağıdan, ruhdan salan seriallar, şiddət təbliğ edən cizgi filmləri, səhər açılan kimi qadın proqramları efirə verilir. Təəssüflər olsun ki, millətimiz üzərində tibbi və sosioloji təcrübələr aparılır və nəticədə həyatımızda bu öz əksini tapmaqdadır.
Bu gün informasiya təhlükəsizliyi baxımından mediaya nəzarət gücləndirilməlidir. Düşmən bu sahədə bizdən öndədir. Bir fakta diqqət edin. 44 günlük müharibə getdiyi günlərdə Armenia Today-ın verdiyi xəbərdə, Ermənistan Respublikası Polisindən verilən məlumata görə, 20 oktyabr 2020-ci il saat 16: 00-a qədər hərbi vəziyyətə əsasən nəşr və yayımlara məhdudiyyət qoyulması barədə hökumətin qərarını pozan 121 fakt qeydə alınmışdı. Bu pozuntuların 28-i jurnalist fəaliyyəti ilə məşğul olan təşkilatlara, 93-ü jurnalist fəaliyyətini həyata keçirməyən şəxslərə aid idi.
32 halda inzibati cərimələr tətbiq edilib, xüsusən jurnalist fəaliyyətini həyata keçirməyən bir nəfər 700 min dram cərimə olunub, 22 — 300 min dram (AMD) cərimə edilmişdi və onlardan ikisi nəşr etdikləri materialı silmədiklərinə görə, daha 700 min dram (AMD) pul cəzası almışdı … 9 informasiya saytı 700 min (AMD) pul cəzası almışdı. Xatırladaq ki, hökumətin «Ermənistan Respublikasında hərbi vəziyyətin tətbiq edilməsi haqqında» qərarı ilə Ermənistan Respublikası və qondarma Qarabağ respublikasında baş verən hərbi əməliyyatlar səbəbiylə nəşrlər, yayımlar, məlumat materialları, müsahibələr və onların sosial şəbəkələrdə yayılması üçün bir sıra məhdudiyyətlər tətbiq edilmişdi.
Azərbaycanda isə müharibənin ilk günlərində bu məsələləri daha yaxşı bilən Fedai.az saytının ölkə daxilində yayınını 2 -3 gün dayandırmışdı və bilirsiniz nə yazmışdı: «Güya Fedai.az üzərindən Microsoft-a hücum edilib». Sabiq nazir bu günədək bu məsələyə aydınlıq gətirməyib. Üstəlik bizi az qala Bill Qeytslə düşmən eləmişdi.

Bunları sadalamaqda məqsədim informasiya ilə bütöv bir xalqı xəstələndirmək və sıradan çıxarmağın mümkünlüyünü izah etməkdir. Bu gün jurnalistikamızı «bəy tərifi» alətinə çevirənlər düşünməlidirlər. XIX əsrdən ən azı 2 əsr keçib. Bildirim ki, 1996-ci ildə Pentaqonun eksperti Robert Banker bir simpoziumda ABŞ Hərbi Qüvvələrinin XXI əsrdə yeni quruculuq və hərbi fəaliyyəti (“Forse-21” konsepsiyası) barədə məruzə etdi. Məruzənin əsasını hərbi əməliyyatlar iki yerə bölünürdü: ənənəvi faza və kiberfaza. Banker yeni “kibermanevr” doktrinasını irəli sürərək, ənənəvi hərbi konsepsiyaların əsasında əks tərəfin, yəni düşmənin silahlı qüvvələrini neytrallaşdırmağın mümkünlüyünü irəli sürürdü. Biz isə hələ də jurnalistlərin ictimai birliyini və ictimai olmayan birliyini yaratmaqla məşğuluq. Biz hələlik heç içimizə atılmış Marqonun «Sputnik»inə cavab vermək qabiliyyətində deyilik.
Bu gün bu sahə üçün dünyada CNBC (1989), BBC World News (1991), CNN (1992), Euronews (1993), Blomberg (1994), Əl-Cəzirə (1996) və s. kimi qurumların fəaliyyəti örnək hesab olunur. Azərbaycanda örnək varmı? Mən peşəkar bir jurnalist olaraq bunu görmürəm və bu imkanlar da görsənmir.
Bunları sadalamaqda günümüzün reallığını bu sahədə olmaq istəyən gənclərimizə çatdırmaq istədim. Çünki özünü «evini satıb söz demək istəyən bir dahinin davamçısı elan edən» jurnalistikamız, bu gün vur-tut «sözü satıb özünə mənzil almaq istəyənlərin» ümidinə qalıb. Öyrətmək istəsən də hər kəs daha ucuz yola qaçır. Biriləri qeybətlə, biriləri isə hüsnü-rəğbətlə qələmini itiləyib. Heç birindən isə milli işimizə qara qəpik də fayda yoxdur. Hər ikisi eyni ranqda düşmənə xidmət etməkdədir. Dərk edənlər üçün, jurnalistikamız üçün məncə bu bənzətmələr yetərlidir…
