Hökumət könüllülərin veteran statusunun tanınması haqqında qanun layihəsini təsdiqləyib — Rusiya

Hökumət silahlı münaqişələrdə iştirak edən könüllülərin döyüş veteranı kimi tanınmasını nəzərdə tutan qanun layihəsinə müsbət rəy verib.

Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Xüsusi hərbi əməliyyatda iştirak edən könüllülər Rusiya Silahlı Qüvvələrinin hərbçiləri ilə bərabər döyüş veteranı statusu alacaqlar. Bununla bağlı qanun layihəsinə hökumətdən müsbət rəy verilib”, — məlumatda deyilir.

Mart ayında prezident Vladimir Putin Ukraynada xüsusi əməliyyat iştirakçılarının döyüş veteranlarının tanınması haqqında qanun imzalayıb. Avqust ayında döyüş veteranı statusu ordunun həkimlərinə və mülki heyətinə də şamil edilib. Döyüş əməliyyatlarında iştirak edən FSB zabitləri də veteran kimi tanınıblar.

Döyüş veteranlarının pensiyaları 32% artırılıb. Onlara vergi güzəştləri, mənzil-kommunal xidmətlərin, dövlət rüsumlarının ödənilməsi zamanı və ictimai nəqliyyatdan istifadə zamanı güzəştlər verilir. Onlar daha yaxşı yaşayış şəraiti üçün müraciət edə bilərlər. Onların sanatoriyaya və universitetlərə güzəştli qəbul hüquqları var.

Mənbə: РИА «Новости»

Bu xəbəri paylaşın: