Oktyabrın 28-də Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin birgə təşkilatçılığı altında Birinci Qarabağ və Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə adı çəkilən müəssisələrin əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsinin sədr müavini Samir Əkbərov, şəhid ailələri, mədəniyyət işçiləri və “ASAN xidmət” mərkəzinin könüllüləri iştirak edib.
Əvvəlcə Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva keçirilən layihənin əhəmiyyətindən danışdı. O, şəhid ailələrinə maddi və mənəvi dəstək olmağı hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd etdi.
Muzeyin əməkdaşı Sevinc Əliyeva oktyabr ayında doğulan, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlər haqqında geniş məlumat verərək, onların valideynlərinə dərin ehtiramını ifadə etmiş oldu.
Tədbirdə çıxış edən “Ümidim sənsən” ictimai sosial birliyin nümayəndəsi Fidan Abbaslı, Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın minlərlə qəhrəman övladının canı-qanı sayəsində əldə etdiyimizdən ətraflı danışdılar. Natiqlər qeyd etdilər ki, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində xalqımıza ucalıq bəxş edən oğullar, onların ailələri və övladlarına daima dövlətin qayğısı göstərilir.
Sonra şəhid atası Famil Məmmədov və Turac Quliyev övladları haqqında danışaraq, oğulları ilə qürur duyduqlarını söylədilər. Həmçinin qazilərimizə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətə, bu işi icra edən şəxslərə şəhid ailələri adından minnətdarlıqlarını bildirdilər.
Yekunda tədbirdə iştirak edən, oktyabr ayında doğulan şəhid ailələrinə layihə təşkilatçılarının “Təşəkkürnamə” ləri təqdim olunub, xatirə şəkilləri çəkildi.

