Noyabrın 1-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib. İclasda “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda müzakirələr aparılıb.
İclası açan Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli parlamentlə vətəndaş cəmiyyətləri arasında əməkdaşlığı zəruri edən amillərə diqqət çəkib. O, bugünkü geosiyasi vəziyyətdən danışaraq, həmrəy olmağın vacibliyini vurğulayıb, Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın regionda yeni reallıqlar yaratdığını qeyd edib.

QHT-lərin fəaliyyətindən və vaxtilə bu sahədə müəyyən nöqsanların mövcudluğundan danışan Fəzail İbrahimli bildirib ki, QHT-lər haqqında qanun qəbul edildikdən sonra Azərbaycan qanunvericiliyində bu sahədə tənzimləmə təmin olunub. Azərbaycanın sabitliyin, təhlükəsizliyin bərqərar edildiyi bir ölkə olduğunu vurğulayan komitə sədri qeyd edib ki, hər birimiz bütün gücümüzlə, birliyimizlə dövlətimizə, dövlətçiliyimizə xidmət edirik.
İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev çıxış edərək parlament-QHT əməkdaşlığı mövzusunda müzakirələrin səmərəli olacağına inamını ifadə edib. Bu sahədə dövlətin yürütdüyü siyasət və gördüyü işlərin təqdirəlayiq olduğunu söyləyib. Bildirib ki, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ölkəmizin maraqlarının dünyada qorunması məsələsində daha fəal olmalıdırlar.
Çıxış edən “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti”nin sədri Novella Cəfərova, İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli, “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin İdarə Heyətinin üzvü Samir Əliyev, Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədr müavini Vahid Abdurəhmənov, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə parlament-QHT əməkdaşlığının genişləndirilməsi istiqamətində fəallığın artırılmasının vacibliyini vurğulayıblar.

Müharibə iştirakçılarını təmsil edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatı məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov Milli Məclisin İctmai Birliklər və Dini Qrumlar komitəsində «Parlament-QHT əməkdaşlığının gücləndirilməsi» mövzusunda keçirilən ictimai dinləmələrdə çıxış edib.
Vahid Abdurəhmanov: «Müharibə veteranları ilə bağlı dövlət komitəsi yaradılmalıdır».
Vahid Abdurəhmanov bildirib ki, AVMVİB daima təmsil etdiyi təbəqənin sosial problemləri ilə bağlı mütəmadi olaraq adiyyati qrumlar qarşısında təkliflərlə çıxış edir və onların həlli yollarını göstərir. Lakin ictimai birliklər dövlət orqanlarına müharibə veteranlarının, müharibə əlillərinin qarşılaşdıqları problemlərin həlli ilə bağlı göstəriş və ya tapşırıq vermək səlahiyyətinə malik deyillər. Bu səbəbdən müharibə veteranlarının, müharibə əlillərinin problemlərinin köklü həlli üçün dövlət komitəsinin yaradılmasını vacib hesab edirik.
Veteranlar haqqında Azərbaycan Respublikası qanununa da köklü dəyişiklik etməyin vaxtı çatmışdır. Yaxın günlərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Veteranlar haqqında» yeni qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim edəcək. Milli Məclisin deputatlarından bu işdə bizə dəstək olmalarını xahiş edirik. Bu işdə dəstək görəcəklərinə ümid etdiklərini deyib.
Elnur Səlim
