“Böyük iftixarla qeyd edirik ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında 6 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir”.
Bu fikirlər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin “Azərbaycan” qəzetində dərc edilən “44 günə fəth olunan zəfər zirvəsi” adlı məqaləsində yer alıb.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında digər aidiyyəti güc strukturları ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin fədakar əməkdaşlarının da danılmaz payı var. Belə ki, Vətən müharibəsi başlandığı ilk gündən etibarən DTX-nın şəxsi heyəti düşmənlə mübarizə işinə səfərbər olunub, əsgər və zabitlərin müəyyən marşrutlar üzrə hərəkətinin təhlükəsizliyini, silahlı qüvvələri qabaqlayıcı əməliyyat və əks-kəşfiyyat məlumatları ilə təmin etmək vəzifəsini uğurla icra edib:
“Böyük iftixarla qeyd edirik ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında 6 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Şəxsi heyətin müharibə zamanı ön və arxa cəbhədə göstərdiyi fədakarlığa verilən yüksək qiymət Dövlət Təhlükəsizliyi Xidmətinin 7 əməkdaşının «Zəfər», 11 əməkdaşının «Qarabağ» ordeninə, xeyli sayda əməkdaşın başqa orden və medallara layiq görülməsində öz məntiqi ifadəsini tapir”.
Əli Nağıyev təəssüflə qeyd edib ki, Vətən müharibəsindən sonra 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır və onların axtarış prosesi hazırda aktiv şəkildə davam etdirilir.
“İnanırıq ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcək”, – deyə Əli Nağıyev əlavə edib.
Əli Nağıyev bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində çalışmaq istəyi ilə müraciət edən şəhid ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının Xidmətdə işlə təmin olunması istiqamətində də müvafiq tədbirlər görülməkdədir.