Ermənistanda Silahlı Qüvvələrin 2023-2027-ci illər üçün inkişaf planının layihəsi müzakirə olunub

Erməni mətbuatının verdiyi xəbərə görə Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə Müdafiə Nazirliyinin inzibati kompleksində müşavirə keçirilib. Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Silahlı Qüvvələrin 2023-2027-ci illər üçün inkişaf planının layihəsi müzakirə olunub.

Qeyd edək ki, Ermənistanda 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistan silahlı qüvvələrinin islah edilməsi və gücləndirilməsinin zəruriliyi barədə söhbətlər səngimir. Lakin ölkə ictimaiyyəti bu istiqamətdə real addımlar görmədi və müxalifət getdikcə daha çox bəyan etdi ki, reallıqda heç bir islahatlar aparılmır, hakimiyyətin açıqlamaları isə boş söhbətdir. Azərbaycan qoşunlarının Ermənistan ərazisinə yeridilməsi bu qorxuları daha da artırdı.

Müharibədən iki il sonra Silahlı Qüvvələrin inkişafı planının layihəsi hazırlanıb, müdafiə naziri Suren Papikyanın sözlərinə görə, yaxın vaxtlarda Milli Assambleya Ermənistan ordusunun yenidən təşkilinə yönəlmiş qanunvericilik islahatları paketinə baxacaq. «Peşəkar, motivasiyalı, mobil, müasir silahlarla və çevik hərbi alətlərlə təchiz edilmiş» bir keçid planlaşdırılır.

Papikyan həmçinin bəyan edib ki, sıravi və zabitlərin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi təlim sistemində bir sıra dəyişikliklər həyata keçirilib, hərbi xidmətin cəlbediciliyinin artırılması, hərbi xidmətin genişləndirilməsi istiqamətində bir sıra proqramlar həyata keçirilib. Hərbi qulluqçular və onların ailə üzvləri üçün sosial təminatlar, şəxsi heyətin mənəvi-psixoloji səviyyəsinin yüksəldilməsi nəzərdən keçirilir.

Elnur Səlim

Bu xəbəri paylaşın: