BABƏK ZƏRDÜŞTİ İDİMİ?

Sovet dövründən belə bir iddia irəli sürülür ki, Babək Xürrəmi Zərdüşt dininin ardıcılı, yəni atəşpərəst olmuşdur. Bu fərziyyənin tərəfdarları əski mənbələrdəki bəzi rəvayətlərə əsaslanırlar. Onlardan biri xüsusilə maraqlıdır. Həmin məlumat bir neçə fərqli variantda qeydə alınmışdır:

  • Əbu əl-Muzəffər əl-İsfərayini (?–1078) “Ət-təbsir fi-i-din” adlı əsərində yazırdı: “Mazyar (800–839) xalqı muhəmmirə (ərəbcə qızılbaşlığın, qırmızılar ərəbcə adıdır) dininə dəvət edirdi. Təbəristanın dağlıq yerlərində yaşayanların çoxu onun tərəfinə keçdi. Qurqandakı Muhəmmirə körpüsü onların yadigarıdır. Mazyar xəlifə Mötəsimin (796–842) zamanında əsir alındı və Samirədə Babək Xürrəmi (798–838) ilə üzbəüz dara çəkildi. Bu dağlarda yaşayan babəkilər müəyyən bir gecədə bir yerə toplaşıb şərab içir, mahnı oxuyur və eyş-işrətlə məşğul olurlar. Sonra işığı (şamları) söndürür və əllərinə keçən qadınlarla yaxınlıq edirlər. Xürrəmilər deyirlər ki, qədim zamanlarda onların Şirvin adlı bir hökmdarı olmuşdur. Onlar həmin Şirvini peyğəmbərlərdən də üstün tuturlar. Bəzən ölülərinə ağlayarkən onu da yad edir və göz yaşı axıdırlar”.
  • Əbu Səd Əbd əl-Kərim ibn Muhəmməd ibn Səmani (1113–1166) “Kitab əl-Ənsab” adlı əsərində yazırdı: “Babəkilərdən ibarət bir dəstə bugünədək Bəzzeyn dağlarında yaşayır. Onlar Azərbaycan əmirlərinin əlaltıları və elə həmin xürrəmilərdir. İldə bir dəfə kişili-qadınlı bir yerə toplaşır və işığı (şamları) söndürürlər. Bu qədər bəddin olduqları halda İslamdan əvvəl yaşamış Şirvin adlı bir hökmdarı peyğəmbər sanır və güman edirlər ki, o, Muhəmməddən və ümumiyyətlə peyğəmbərlərin hamısından üstündür. Yığıncaqlarında onu yada salıb ağlayır və nəğmə oxuyurlar”.
  • XIII əsrdə yaşamış Muhəmməd ibn Huseyn Avəhi “Təbsirət əl əvam fi məqalət əl ənam” adlı əsərində yazırdı: “Hürrəmdiniyyə adlı tayfa Azərbaycanın dağlıq nahiyəsində – Bəzzeyndə yaşayır. Onlar deyirlər ki, İslamdan əvvəl Şirvin adlı bir hökmdar özünü peyğəmbər elan etmişdi. O, Muhəmməddən və digər peyğəmbərlərdən fəzilətli və üstün idi. Onlara görə dəstəmaz (görünür ki, təmizlik – A.Ş.) dinin əsasıdır. Namaz isə fəsahətli natiqdir”.

Beləliklə, Babəki zərdüşti hesab edənlərin əsas dəlillərindən biri məhz bu Şirvin məsələsidir. Sözügedən iddianı irəli sürənlər ərəb mənbələrində adı çəkilən Şirvinlə zərdüştilikdəki Zurvan anlayışını eyniləşdirirlər. Məlumat üçün qeyd edək ki, zurvanizm Zərdüşt dinində fəlsəfi cərəyan, əslində isə, zərdüştiliyin əqidə məzhəblərindən biri olmuşdur. Ehtimala görə, Sasani şahlarından bəziləri zurvanizmə etiqad edirmişlər. Bu məzhəbin inancına əsasən, sonsuz zaman və məkanın təcəssümü olan Zurvan tək Tanrının özüdür. O, Ahuramazda (xeyir) və Əhriman (şər) adlı iki əkiz qardaşı yaratmışdır.

Belə bir qısa izahdan sonra oxucunun diqqətini üç mühüm detala yönəldək:

  • Şirvin və Zurvan adları arasında zahiri oxşarlıq çox cüzidir. Onların ifadə etdikləri mənalar isə tamamilə fərqlidir.
  • Xürrəmilərin Şirvini qədim bir hökmdardır. Zərdüştilərin bir hissəsinin etiqad etdiyi Zurvan isə tək Tanrının özüdür. Göründüyü kimi, Şirvin insan, Zurvan isə Tanrıdır. Belə olan halda onların eyniləşdirilməsi nə dərəcədə məntiqlidir?
  • Hətta iddia edilsə ki, xürrəmilik zurvanizmdən ayrılmış və orada Tanrı insana, Zurvan isə Şirvinə çevrilmişdir, yenə də belə bir suala cavab tapılmalıdır: Xürrəmilər nə üçün Şirvini, əslində isə, guya Zurvanı Muhəmməddən və digər peyğəmbərlərdən üstün bilirdilər? Axı bu o deməkdir ki, onlar Muhəmmədi və digər peyğəmbərləri də müəyyən dərəcədə fəzilət sahibi hesab edirmişlər. Əgər xürrəmilər həqiqətən də zərdüşti olsaydılar, sözsüz ki, Həzrəti Muhəmmədi nəinki peyğəmbər, heç müqəddəs şəxs kimi də tanımazdılar.

Gəldiyimiz nəticə bundan ibarətdir ki, Şirvinlə Zurvan arasında nə eynilik, nə də bənzərlik var. Düşünürük ki, Zurvanla bağlı əsassız iddiaya aydınlıq gətirə bildik. Amma məntiqsiz bir gümanın puç olması Şirvin haqqında məlumatı bütövlükdə şübhə altına almır. Həm də nəzərə almalıyıq ki, Şirvin barədə rəvayəti bir neçə müəllif öz əsərində qeyd etmişdir. Düzdür, belə bir fərziyyə də irəli sürmək olar ki, həmin xəbər onu ilkin qələmə almış müəllifin uydurmasıdır. Sonrakı tarixçilər də sözügedən əhvalatı ondan və bir-birlərindən götürmüşlər. Lakin bu fikir əsaslandırılmalıdır. Hələlik isə, Abbasi tarixçilərinin “tapmacasını” açmağa çalışaq. Beləliklə, Şirvin kimdir?

  • Bir gümana görə, həmin şəxs məşhur Sasani şahənşahı I Xosrov Ənuşirvandır (512–579). Bu ehtimalı yürüdənlər iki dolayı dəlilə – ad bənzərliyinə və Şirvinin İslamdan əvvəl yaşamış qədim bir hökmdar olması barədə məlumata əsaslanırlar. Lakin, zənnimizcə, adlar arasında oxşarlıq təsadüfidir. Çünki Ənuşirvan (ölümsüz can və ya ruh) adı tamamilə fərqli bir mənanı ifadə edir.
  • Orta əsrlərdə Xəzər dənizinin cənub sahilləri boyunca yerləşən ərazilər Təbəristan adlanırdı. 651-ci ildən 1349-cu ilədək Təbəristanı Bavəndilər sülaləsi idarə etmişdi. Tarixdən məlumdur ki, Bavəndilər öz soylarını Sasani şahı I Qubadın (449–531) oğlu Kavusa (492–533) bağlayırdılar. Bu sülalənin altıncı hökmdarı Böyük Şirvinin (?–817) hakimiyyəti dövrünün ən yaddaqalan hadisəsi möhtəşəm Təbəristan üsyanı olmuşdur. Böyük Şirvin 772-ci ildə xilafətə qarşı silahlı qiyam qaldırmış, 10 illik gərgin mübarizədən sonra ərəb qoşunlarını darmadağın edərək Təbəristandan çıxarmışdı. Lakin 785-ci ildə Şirvin döyüş meydanında məğlubiyyətə uğrayıb Abbasilərin hakimiyyətini tanımış, 805-ci ildə isə nəvəsi I Şəhriyarı (?–825) Bağdada girov göndərmişdi.

Təbəristan hökmdarı Böyük Şirvinlə xürrəmilərin guya peyğəmbər hesab etdikləri Şirvin eyni şəxs idimi? Bəlkə də… Ola da bilsin ki, ərəb tarixçiləri xürrəmiliyi zərdüştiliyə bağlamaq üçün xürrəmilərin həqiqətən də pərəstiş etdikləri müqəddəs bir insanın əsl adını gizlədərək onu Şirvin adlandırmışlar.

  • İmam Əlinin Heydəri–Kərrar (həmlə edən arslan) və Əsədullah (Allahın arslanı) kimi ləqəblərinin Heydər və Əsəd hissələri ərəb dilində şiri bildirir. Türkcə, eləcə də farsca şeirlərdə isə İmam Əli Şiri Xuda və Şiri Yezdan adlanır. Yeri gəlmişkən, əslində, iki sözdən ibarət olan Şirvin adının mənası belədir: Şir (arslan) və vin (kimi) – Şir kimi…

Yazımızı üç maraqlı müqayisə ilə yekunlaşdırırıq

  • Əməvi və Abbasi “alimlərinin” iddiasına görə, guya İslam dinindən çıxmış bəzi məzhəblərin nümayəndələri İmam Əlini Həzrəti Muhəmməddən və digər peyğəmbərlərdən daha fəzilətli və üstün hesab edirmişlər. Bu ittiham xürrəmilərin Şirvini Həzrəti Muhəmməddən və digər peyğəmbərlərdən daha fəzilətli və üstün hesab etmələri barədə Abbasi rəvayətini xatırladır.
  • Bugün Türkiyədə yaşayan ələvilərin əsas ayinlərindən biri mumsöndü adlanır. Bu mərasimdə ələvilər On İki İmamı təmsil edən on iki şam yandırır, sonra isə onları su ilə söndürürlər. Mumsöndü mərasimində kişilərlə yanaşı qadınlar da iştirak edirlər. Ələvilərin düşmənləri məhz bunu bəhanə gətirərək keçmişdə belə bir şayiə yayırdılar ki, guya həmin mərasimlərdə əxlaqa zidd əməllər icra olunur. Yeri gəlmişkən, ələvilərdə ailə institutu çox möhkəmdir. Onlar zinanı, əxlaqsızlığı ən ağır günahlardan sayırlar. Türk ələvilərinə atılan bu iyrənc iftira Abbasi salnamələrində xürrəmilərin şamsöndü mərasimi barəsində yazılanları yada salır.
  • İmam Əlini Həzrəti Muhəmməddən və digər peyğəmbərlərdən guya üstün bilən məzhəblərin nümayəndələri deyirmişlər ki, İmam danışan Qurandır. Bu fikir isə namazın fəsahətli natiq olması barədə xürrəmi inancına oxşayır. Məlumat üçün qeyd edək ki, namazın da əsas hissəsi məhz müqəddəs “Qurani-Kərim”in qiraətindən ibarətdir.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: