Bilmirəm, bir Türk sevdalısı, Vətən fədaisi, qanlı savaş qazisi, dəyərli qələm adamı, araşdırmaçı jurnalist haqqında » ölüm» ifadəsini işlətmək yerinə düşürmü. Heç bu xəbəri gözləmirdim, axı. Çünki mənim tanıdığım Xaqani həmişə gözümdə yenilməzlik obrazı kimi böyümüşdü. Son vaxtlar elə araşdırma yazıları yazırdı ki, adamı heyrət bürüyürdü. Amma tarixin dərin qatlarına varan adamın can ağrılarını heç duymamışdım. Heç ilk Qarabağ savaşında şəhid etdiyi əl barmaqlarının həsrətini də yaşamırdı. İndi özünü də itirdik. Əslində hamımızın sonu qürub olduğundan biz yox, ən çox sözümüz, duyğumuz, savaş ruhumuz, Vətən sevgimiz itirdi. Onun yazılarını daha kimsə yazmayacaq. Daha mübariz sözün qalasına çevrilmiş XAQANİ ƏDƏBOĞLU imzası tarixləşib əbədiyyətə yürüdü… Sən üzücü bir xəbərə dönməyi də bacardın, qardaş. Məkanın əbədiyyət olsun!
Elbariz Məmmədli