Sənsizliyin 40-cı günü…

 Rövşən Hacıbəyli 

Onun ölüm xəbəri çox sarsıdıcı oldu. Xəbəri alanda kiməsə zəng vurub dəqiqləşdirməyi də düşünmədim. Ola bilməzdi axı. Yuxudan durandan bir neçə yol FB-yə baxmışdım, bizdə, adətən, belə xəbərlər bu sosial şəbəkədə anındaca yayılır. Bəzən əsəbiləşirəm də, adamlar sanki xəstə yaxınlarının başının üstünə durur ki, onun acı xəbərini birinci versin. Xaqaninin səhhətində problemlər vardı (50-ni keçəndən sonra hamıda narahatlıqlar olur), ancaq çox ciddi sayılacaq xəstə deyildi. Ümumiyyətlə, xəstə deyildi. Demək olar, hər gün danışırdıq. Narahatlıqları olanda deyirdi. Dərdləşirdik, məsləhətləşirdik. Həkimə getmək məsələsi gələndə gülüb keçirdi, yəni sağlamlığa ciddi yanaşanlardan deyildi… 

Xəbəri eşidən kimi sadəcə maşına minib Zabrata yol aldım…

44 günlük savaş vaxtı daha çox zəngləşirdik. Qarabağı qarış-qarış gəzmişdi sanki, hər yeri – dağı, dərəni, yüksəkliyi tanıyırdı. Ermənilərin hərbi bazalarının, hərbi hissələrinin harada yerləşdiyini bilirdi. Fedai.az adlı saytı vardı. Ermənilərlə bağlı ardıcıl yazılara görə tez-tez total haker hücumu ilə üzləşirdi. FB səhifəsi ermənilərin şikayəti üzündən dəfələrlə bağlanırdı. Bəzi hallarda hətta şikayətin burdan olduğunu da aşkara çıxarmışdı…

Doğma Ağdərəsinə, Xatınbəyli kəndinə, Sığnaq yaylasına qayıtmaq, bir daha oralarda gəzmək, məni də o yerlərlə dərindən tanış etmək arzusu vardı. 

Qarabağ münaqişəsinin başladığı ilk çağlarda kənd könüllüləri ilə torpağın müdafiəsində dayanmışdı. Xaqani Rzaquliyev əvvəlcə Şuşa Mədəni-Maarif Texnikumunu bitirmişdi, bir müddət kəndlərində dərs də demişdi. Sonradan yazı-pozu onu Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə gətirmişdi… Tələbəlik vaxtı təhsili yarımçıq qoyub bir qrup tələbə yoldaşımızla birgə biz də Xaqanigilin kəndinin – Xatınbəylinin müdafiəsinə yollandıq. Orda da zarafatından qalmırdı. Biz könüllülər kənd məktəbində yerləşmişdik. Gecə Xaqani ilə postda olanda yuxarıdan aşağı daş dığırlatdı, uşaqların sayıqlığını yoxlamaq istəyirdi, bir anda məktəb tərəfdən səs-küy qalxdı: “erməni gəlir”, “qaraltı o tərəfə keçdi” və s. hətta bizə sarı atəş açdılar, uğundu getdi…

Sonra elə kəndlərinin müdafiəsində ağır yaralandı, bir müddət hospitalda yatdı. Torpaqlar işğal olundu, öz vətənində qaçqınlıq dövrü başlandı. Qohumlar Bərdə, Tərtər, Ağdam və başqa yerlərə səpələndi… Hər zəhmətə qatlaşdı, taxıl da əkdi, soğan da, qarğıdalı da. Əkinçilik vaxtı da çoxlu macəraları oldu. Əyri işlərlə arası yoxdu, hər kəslə də düz, dürüst davranardı. Sevdiyi bir misalı həmişə çəkərdi. Deyir, bir erməni bizim kəndə buğda almağa gəlir, bir nəfərlə razılaşır, buğdanı çəkəndə müsəlman deyir ki, bir vedrəni çəkək, onun çəkisini biləndən sonra elə ona uyğun hesablayaq. Erməni isə israr edir ki, hər vedrəni çəkək. Uzun mübahisə olur. Erməni deyir: Ay müsəlman, mən sizi heç başa düşmürəm, çoxa da razılaşırsız, aza da, ancaq düzə yox!

Türkün tarixini yazırdı, axtarırdı, araşdırırdı. “Unudulmuş Turanın çöl çiçəkləri”, “Türkçülükdə “Səlcuqlu” xəstəliyi” adlı kitabları vardı. Daha bir kitabını nəşrə hazırlayırdı. Hər yeni mənbə tapanda zəng vurar, saatlarla danışardıq. Gördüyü işdən, apardığı araşdırmalardan hədsiz həzz alırdı…

Hər şey yarımçıq qaldı. Kitabları, doğma torpaqlara qayıdışı, birgə qayıdışımız, o yerləri bir daha görmək, oralarda gəzmək, Sığnaqdakı abidələri araşdırmaq… hər şey…

Niyə belə tez? Niyə qabağa düşdün? Kimdən soruşaq? Kimə üz tutaq? Uşaqları heç düşünmədin? Hələ indi-indi ayaq üstə dururdular… 

Sabah sənsizliyin 40-cı günüdür…

Bu xəbəri paylaşın: