Qurtuluş savaşı iştirakçısı azərbaycanlı general-mayor

Cahangir bəy Novruzov, mühacirətdə Cahangir Bərkər (Cihangir Berker) — azərbaycanlı general-mayor. Qurtuluş savaşı iştirakçısı.

Cahangir bəy Yusif bəy oğlu Novruzov 1894-cü ildə, Bakı şəhərində hərbiçi ailəsində anadan olmuşdur.  Tovuzun Qovlar kəndindən, Novruzovlar nəslinin nümayəndəsidir. Bu nəsil Azərbaycanın hərb tarixinə 28 aprel işğalına qədər general — leytenant Mirzə Hacı bəy Novruzov, qvardiya polkovniki Kərim bəy Novruzov, 1918-20-ci illərdə isə general-mayor Teymur bəy Novruzov, mayor Rüstəm bəy Novruzov kimi hərbçilər bəxş edib. Azərbaycan Cümhuriyyəti Süvari diviziyasının komandiri general Teymur bəy Novruzov, Mirzə Hacı bəy Novruzovun oğludur.

1917-ci il oktyabr inqilabdan sonra Cahangir bəy Novruzov bir müddət Tiflisdə qalır. Orada Sultan Məcid Qənizadə ilə tanış olur. Sultan Məcid Qənizadə Cahangir bəyi Məhəmməd Əmin Rəsulzadə və Fətəli Xan Xoyski ilə tanış edir. 

1918-ci ilin aprel ayında Tiflisdə həbs edilir. Lakin azərbaycanlı milli fəalların köməkliyi ilə həbsdən azad edilib Gəncəyə göndərilir. 

28 may 1918-ci ildə Azərbaycanın istiqlaliyyəti elan olunduqdan sonra, qardaşları polkovnik Teymur bəy Novruzov (sonralar general), polkovnik Kazım bəy Novruzov və əmisi oğlu mayor Rüstəm bəy Novruzovla birgə Cümhuriyyət ordusuna qatılmışdır. Əlahiddə Azərbaycan korpusunun tərkibində Qafqaz İslam Ordusuyla birgə, İyun ayının ortalarından sentyabrın 15-nə qədər zəfərlə başa çatan Bakı yürüşündə iştirak etmişdir.

Bakı işğaldan azad ediləndən sonra, 23 sentyabr 1918-ci il tarixdən etibarən Qarabağ hərəkatı başlayır. Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı qüvvələrinə Cəmil Cahid bəy komandanlıq edirdi. Qarabağ hərəkatına 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və 1 – ci Azərbaycan diviziyası daxil idi. Baş-leytenant Cahangir bəy Novruzovun komandiri olduğu topçu batareyası 1 – ci Azərbaycan diviziyasının tərkibinə daxil idi. Oktyabr ayının 4 – də Türk Qafqaz İslam Ordusu Ağdamdan Şuşaya doğru hücuma başladı. Əsgəran ətrafında güclü döyüşlərdən sonra oktyabrın 6-da Əsgəranla Şuşa arasında olan Əyri kənd ətrafında şiddətli döyüşlər baş verir. Cahangir bəyin Topçu batareyasıyla birgə 1-ci Azərbaycan diviziyasının digər topçu batareyalarının sürəkli atəşindən sonra Əyri kəndi ətrafında olan düşmən qüvvələri qaçıb dağılırlar. Bununla da ordunun Şuşa istiqamətində hərəkəti asanlaşır və iki gün sonra, 8 oktyabr 1918 – ci ildə Qafqaz İslam Ordusu Şuşaya daxil oldu.

1918-ci ilin oktyabr ayından etibarən komandiri olduğu topçu batareyası ilə Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni separatçılarına qarşı döyüşlərdə iştirak edir, bölgədə asayişin bərqərar olmasında böyük xidmətlər göstərir və bütün bunların müqabilində «kapitan» rütbəsi ilə təltif olunur.

1920-ci ilin martın 21-də, Novruz bayramı gecəsində Ermənistan hökumətinin dəstəyi ilə silahlanmış erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfləti hücum edib postlarda keşik çəkən əsgərləri qətlə yetirərək Əsgəran keçidini ələ keçirirlər. Bununla da Xankəndi və Şuşada yerləşən hərbi qarnizonlar çətin vəziyyətə düşür. 

1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində general Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun gənc zabiti Cahangir Novruzov da topçu batareyası ilə bu döyüşlərdə iştirak edərək böyük şücaətlər göstərir.

Əsgəran bölgəsində başlanan şiddətli döyüşlər aprel ayının ortalarında Azərbaycan ordusunun zəfəri ilə yekunlaşır. Əsgəran qalası ilə bərabər Qarabağın digər bölgələri də azad edilərək, düşmən qüvvələri bütünlüklə məhv edilir.

Azərbaycan ordusunun əsas qüvvələrinin Qarabağda erməni-daşnaklarına qarşı mübarizə apardığı bir zamanda, bolşeviklər daxili xainlərdən və quzey sərhədlərimizdə olan boşluqdan istifadə edərək yüz minlik 11-ci Qızıl ordunu Azərbaycana yeridir.

28 aprel 1920-ci ildə Azərbaycanda hakimiyyət çevrilişi olandan sonra ölkədə olduqca acınacaqlı bir vəziyyət yaranmışdı. Qızıl ordu Bakıda bolşeviklər, ermənilər və ruslar tərəfindən gül-çiçəklə qarşılandığı bir zamanda, Azərbaycan xalqının milli mübarizəsinin əsas mərkəzi olan Gəncə şəhərində üsyan hazırlıqları gedirdi. May ayının 24-dən 25-nə keçən gecə, adlarını tariximizə qızıl hərflərlə yazan sərkərdələrimiz, Cavad bəy Şıxlınskinin, Məhəmməd Mirzə Qacarın, Cahangir bəy Kazımbəylinin və Teymur bəy Novruzovun başçılığıyla Gəncə üsyanı başlayır.

Cahangir bəy 1 – ci piyada diviziyasının tərkibində Azərbaycan ordusunun digər bölmələri və könüllü dəstələrlə birgə Gəncə üsyanında iştirak edir.

Bir həftə davam edən şiddətli döyüşlərdən sonra üsyan amansızlıq ilə yatırılır. Üsyan yatırılandan sonra da ruslar və ermənilər Gəncədə qanı su yerinə axıdırlar. Cümhuriyyət ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər rütbəli hərbiçisi, o cümlədən də minlərlə insan bolşeviklər tərəfindən güllələnir.

Gəncə üsyanından sonra 5 iyun 1921-ci ildə Nuru Paşanın komandanlığı ilə Qarabağda bolşeviklərə qarşı ikinci bir üsyan dalğası başlayır. Cahangir bəy Novruzov da Gəncə üsyanından sağ qurtulan silahdaşlarıyla üsyana qatılır. Qarabağ üsyanı da böyük amasızlıq ilə yatırılandan sonra, Cahangir bəyin komandiri olduğu topçu batareyası Azərbaycan Cümhuriyyəti ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə birgə, polkovnik Nuh bəy Sofiyevin komandanlığında Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilərək Araz çayını keçib İran ərazisinə daxil olurlar.

İranda polkovnik Nuh bəy Sofiyev, komandanlığı podpolkovnik Səməd bəy Rəfibəyliyə verib , ordudan ayrılır. Azərbaycan birlikləri İran ordusunun bölmələrinin silahları təhvil vermək tələbini yerinə yetirmədikləri üçün, hücuma məruz qalırlar. Cahangir bəy silahdaşları ilə birgə savaşa-savaşa Araz çayı boyunca hərəkət edib, top batareyasında olan ağır səhra toplarını çətin dağ yolları ilə Maku üzərindən Türkiyəyə keçirərək, Doğu Bəyaziddə qərar tutmağa müvəffəq olurlar. 

1920-ci ilin iyun ayının sonlarında Azərbaycan birlikləri Həsənqala istiqamətində hərəkət edirlər, 31 iyunda Həsənqalaya, daha sonra isə Ərzuruma daxil olub, Soyuq Cermik bölgəsində qərargah qururlar. Burada bir müddət qaldıqdan sonra , Türkiyə Böyük Millət Məclisinin qərarıyla 56 nəfəri (və yaxud 65 nəfəri) zabit olmaqla 1200 (və yaxud 2000) nəfərlik süvari və piyada alayı Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (15-ci kolordu) sıralarına qəbul olunurlar.

Azərbaycan hərbi birliyinin Türkiyə ordusuna qoşulacağı ilə bağlı xəbəri 8 iyul 1920-ci il tarixdə TBMM-də ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət İnönü verir. Cahangir bəy 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən qurtarılması ilə sona çatan Doğu hərəkatında igidliklə vuruşur. Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında iştirak edir. Qarsın Bənli Əhməd kəndi yaxınlığında Berna meydan müharibəsində toplarının dəqiq atəşi ilə düşmən təyyarələrini müharibə meydanından qovaraq komandirlərinin təqdirini qazanır. Qars yönündə gedən döyüşlərdən birində ağzından qəlpə yarası alır. Şərqi Anadolunun ermənilərdən təmizlənməsi ilə başa çatan Doğu Hərəkatından sonra, top batareyası ilə batı cəbhəsinə göndərilir.[4] Burada İzmirin yunan işğalından azad edilməsi ilə nəticələnən döyüşlərdə iştirak edir. Qurtuluş savaşında göstərdiyi igidliklərə görə Cahangir bəy Mustafa Kamal Atatürk tərəfindən «İstiqlal» ordeni ilə təltif edilir. Savaşdan sonra «Şeyx Səid», 1-ci Ağrı, 2-ci Ağrı üsyanlarının qarşısının alınmasında iştirak edir.

Döyüşlərdə cəsur ər kimi vuruşduğuna görə türk komandanlığı ona «Bərkər» — yəni bərk ər, igid, döyüşkən ər təxəllüsünü vermişdir. Sonralar Şeyx Said və Ağrı hərbi yürüşlərində uğurlu döyüşlər aparmış, 1928-ci ildə təhsilini artırmaq üçün Hərbi məktəbə daxil olmuşdur.

Cahangir bəy Ərzurumda xidmət etdiyi dövrdə, zamanında Osmanlı məclisi məbusanının Ərzurum vəkili olmuş mərhum Məmməd Arzaq bəyin qızı Vasfiyə xanımla tanış olmuş, 1929–cu ildə ailə qurmuşdular. Güngör, Günaç və Aynur adında üç qızları olmuşdur. Güngör xanım Cahangir bəyin dostu, Gəncədən olan polkovnik Məmməd Ağpoladın oğlu Orxan Ağpoladla evlənir. Orxan Ağpolad da hərbiçi olmuş, Koreya savaşında iştirak etmiş və qazi olaraq geri döndükdən sonra, podpolkovnik rütbəsinə qədər yüksəlmişdir. Orxan bəy 1987-ci ildə, Güngör xanım isə 2008 – ci ildə vəfat etmişdir. Qızları Nur Ağpolad əczaçı həkimdir, hazırda Ankarada yaşayır. Aynur xanımın Duyqu Körpəoğlu adlı bir qızı var, Amerikada yaşayır. Digər qızı Günaç Sakman müəllim olub. 2015 – ci ildə vəfat edib. Hərbi tribunalda hakim vəzifəsində çalışan İlhan Sakmanla ailə qurub. Atasının adını verdiyi Cahangir Sakman adlı oğlu, Ebru Gürsan adlı qızı var. Cahangir Sakman Kanadada, Ebru xanım isə İzmirdə yaşayır. Ebru xanımın Ediz adlı oğlu, Ezgi adlı qızı var. Ən kiçik qızı Aynur Evrən biologiya müəllimidir. Yüksək elektrik mühəndisi Mətin Evrənlə ailə qurub. Ebru xanım İzmirdə, oğlu Bərkər Evrən isə İstanbulda yaşayır.

Cahangir bəy Bərkər bir neçə dəfə infarkt keçirmişdi. Ömrünün 38 ilini vətən həsrəti və doğmalarının nisgili ilə keçirən bu cəfakeş insan, 20 iyul 1958-ci ildə ürəktutmasından vəfat etmişdir.

Generalın cənazəsi hərbi mərasimlə Bornova məzarlığında dəfn edilmişdir.

Aynur xanım atasının ölüm anında əlində Turgenevin «Ata və oğulları» kitabı olmasını ürək ağrısı ilə xatırlayır.

Bu xəbəri paylaşın: