Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin üzvləri Yardımlı rayonu Zevin kəndində şəhid Sirus Hamil oğlu Şirbəylinin doğum gününü şəhidin məzarı başında qeyd ediblər.
Şəhidin anım mərasimində şəhid valideyinləri,kənd camaatı, iş adamı Hacı Namiq , Şəhid əmisi şair Azər Məmmədcəfərli, ziyallılar, mədəniyyət işçiləri , AVMVİB Yardımlı rayon şöbəsinin sədri və üzvləri ,Yardımlı Rayon İcra Hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşları, müəlimlər və şagirdlər iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.
Şəhid Sirus Hamil oğlu Şirbəylinin məzarı başında şəhid ruhlarına dualar oxunub və gül qoyulub. 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlarımız haqqında danışılıb.
Sonda şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.
Allah şəhidlərimizə rəhmət eləsin!

Sirus Hamil oğlu Şirbəyli 20 fevral 1996-cı ildə Yardımlı rayonunun Zevin kəndində dünyaya göz açıb. 2002-2013-cü illərdə Zevin kənd orta məktəbində təhsil alıb.
2013-2014-cü illər ərzində «N» saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Xidmətini Sərhəd Qoşunlarında keçib.2018-ci ilin iyul ayından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi xidmət müddətini davam etdirib. Naxçıvan Muxtar Respublikasında kəşfiyyatçı xüsusi təyinatlı kimi xidmət edib.
O, 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 7 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. 11 noyabr 2020-ci ildə Yardımlı rayon Zevin kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sirus Şirbəyli ölümündən sonra «Vətən uğrunda» və «Şuşanın azad olunmasına görə» medalı ilə təltif edilib.
