AVMVİB Rəhbərliyi Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadəni təltif etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Vətən Müharibəsi Qəhrəmanı, Qazi Azər Rizvan oğlu Abdullazadə doğum günü münasibəti ilə Xatirə medalıyla təltif edildi.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov , AVMVİB-in Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə və digər müharibə veteranları iştirak edirdilər.

Qəhrəmanımızı AVMVİB İdarə Heyətinin qərarıyla təltif edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, qazi Azər Abdullazadəni təbrik edərək, tariximizin şanlı səhifələrində adlarını öz qəhrəmanlıqları ilə yazan döyüşçülərimizin bir xalqın qürur mənbəyi olduğunu qeyd etdi.

F. Rzaquliyev qeyd etdi ki, Azərbaycanın Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Bunları heç zaman unutmaq olmaz.

Sədr Qazi Azər Rizvan oğlu Abdullazadəyə bundan sonrakı həyatında da uğurlar dilədii.

Qeyd edək ki,Azər Abdullazadənin 22 yaşı tamam olur.O, 18 fevral 2001-ci ildə Tərtər rayon Cəmilli kəndində anadan olub.

Azər Abdullazadə 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmət müddətinin bitməsinə bir neçə gün qalmış Vətən Müharibəsi başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Azər Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərəfindən Ermənistan  işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Cəbrayılın azadlığı uğurunda gedən döyüşlərdə savaşıb. 11 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Azər Abdullazadə qazi olaraq sağ gözünü itirib.

Azərbaycanın  ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Abdullazadəyə «Vətən Müharibəsi Qəhrəmanı» adı verilib.

Azərbaycanın Cəbrayıl rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Abdullazadə «Cəbrayılın azad olunmasına görə» medalı ilə təltif edilib.

Bu xəbəri paylaşın: