Belə bir mülahizə də yürüdülə bilər ki, XIII əsrdə Azərbaycana gəlmiş turanlılar öz irqi əlamətlərini tədricən itirməyə başlamış və nəticədə azərbaycanlıların indiki tipi formalaşmışdır. Həmin fikirlə razılaşmaq olardı. Lakin bir şərtlə!
İrqi əlamətlərin aradan getməsi üçün kifayət qədər uzun bir zamana ehtiyac var. Köklü dəyişikliklər iki-üç əsr ərzində yekunlaşa bilməz. Bəs niyə iki-üç əsr? Bu sualın cavabı Səfəvi dövrünə aid bir salnamədədir.
Əvvəlcə onu qeyd edək ki, Səfəvilər dövlətinin qurulduğu 1501-ci ildə Hülakü xanın (1217–1265) Azərbaycana 200.000 moğol ailəsini köçürdüyü vaxtdan təxminən iki əsr yarım keçmişdi. 200.000 ailə isə ən azı 1.000.000 nəfər deməkdir. XVI əsrdə onların sayı ən azı iki milyon olmalıydı. Özü də hamısı köçəri və hamısı döyüşçü.. Deməli, onlar qızılbaş ordusunda da geniş təmsil edilməliydilər. Bəs həqiqətdə necə idi? Bunu təhlil yolu ilə aydınlaşdırmağa çalışaq…
Səfəvi döyüşçüsü və salnaməçisi Həsən bəy Rumlunun (1530–1578) “Əhsən-ət-təvarix” adlı əsərində Şah Təhmasibin (1514–1576) rəhbərlik etdiyi qızılbaş ordusu ilə Ubeyd xanın (1487–1540) başçılığı altındakı özbək qoşunu arasında qanlı savaşın təsviri verilmişdir:
“Qızılbaş qoşunu günəş zərrələri kimi saysız və bulud qətrələri qədər çoxlu idi. Hamısı arslan kimi qüvvətli, fil kimi əzəmətli, şir və bəbir kimi daş ürəkli və dəmir pəncəli, pələng və qurd kimi iti caynaqlı idi. Nəzm:
Hamısı canavardan doğulmuş, yırtıcı təbiətlidir,
Vəhşi nəriltili şirlərdən daha qapağandırlar,
Hamısı tez hirslənən, gec soyuyandır,
Elə təsəvvür et ki, qəzəbdən yoğrulmuşlar.
Übeyd xan və Kuçum xan da öz ordularını düzdülər. Nəzm:
Digər tərəfdənsə cəsur özbəklər,
Nərildəyən arslanlar tək yetdilər,
Hamısı yaşıl gözlü, sarı üzlüdür,
Sanki lacivərd kəhrəbaya düşübdür.
Bol tüklü qaşları qıvrım-qıvrımdır,
Gözlər gizlənmişdir, qaş altındadır,
Çöhrələri tamam tükdən xalidir,
Çənələri saqqal kimi yekədir.
Hamısı bayquş gözlü, hamısı div üzlüdür,
Hamısı dar gözlüdür, hamısı bəd üzlüdür,
Heç birinin üzündə tükdən əsər də yoxdur,
O üzlər qalxan tək qırış-qırışdır,
Saqqalsız qocalar timsalındadır…
Übeyd xan tamam Mavəraünnəhr, Kaşğar, Türküstan, Əndican, Otrar, Seyran, Qamil, Turfan, Qalmaq və Qazax məmləkətlərindən, Dəşti-Qıpçaqdan və Qırğızdan saysız qoşun toplamışdı. Belə ki, Çingiz xanın ortaya çıxmasından ta bu zamana qədər belə böyük bir qoşun Amudərya çayını keçməmişdi. Nəzm:
Qarışqadan, çəyirtkədən çox idilər.
Dağı, yamacı, çölü bürümüşdülər.
Bu zaman ətrafında bir dəstə adamın dayandığı bir ağ bayraq dinin pənahı olan Şahın nəzərinə tuş gəldi. O Həzrətə bəlli oldu ki, Ubeyd xan həmin bayrağın altındadır. Dinin pənahı olan Şah ordunu o üzüqaranı dəf etməyə göndərdi. Dövlətsevər qazilərin və davakar qorçuların hamısı qılınclarını çəkib Ubeydlə Kuçumun üzərinə cumdular. Nəzm:
O dargözlülərə qılınc vurdular,
Onlardan heç kimə rəhm etmədilər.
Baş kəsmək orada adi iş oldu,
Sanki bütün meydan turplarla doldu”.
Səfəvi salnaməçisinin XVI əsr özbəklərini bədheybətlər kimi təsvir edən bu şeiri oxucunu təəccübləndirməməlidir. Nəzərə almaq lazımdır ki, Həsən bəy Rumlu həmin sözləri qızılbaşların silahlı rəqibləri haqqında yazmışdır. Sözsüz ki, belə fikirlər obyektiv həqiqəti əks etdirə bilməz. Onlarda təhrif də var, şişirtmə də…
Digər tərəfdən isə, elə eyni müəllif Şah İsmayıl Səfəvi (1487–1524) ilə gözəl münasibətlərdə olmuş Xarəzm hökmdarı Sultan Hüseyn Bəyqara (1438–1506) ibn Qiyasəddin Mənsur Mirzə (?–1446) ibn Bəyqara Mirzə (1392–1422) ibn Ömər şeyx Mirzə (1356–1394) ibn Əmir Teymur Barlas (1336–1405) və onun tərəfdarları barəsində heç bir xoşagəlməz ifadə və söz işlətməmiş, əksinə, tərifləmişdir. Amma bizi maraqlandıran məsələnin başqa tərəfidir…
Ardı var…
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
