Vətən müharibəsi şəhidi Musa Əsgərovun xatirəsi yad edilib

20 aprel 2023-cü il tarixində Gəncə şəhər Heydər Əliyev adına mərkəzdə Xüsusi Təyinatlı Qüvvələrin Şəhidi Musa Əsgərovun timsalında Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edildi.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhər şöbəsinin sədri Bəyanət Qasımov məlumat verib.


Mərasimdə qəhrəmanımızın döyüş yoldaşları, Şəhid ailələri, hərbçilər, qazilər, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Gəncə şəhər təşkilatı üzvləri və şəhər ictimaiyyəti iştirak edirdi.


Mərasim iştirakçıları ilk olaraq Gəncə şəhər Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhidlərimizin müqəddəs məzarları önünə tər çiçəklər düzdülər.
Tədbirin ikinci hissəsində Şəhid Musa Əsgərovun keçdiyi həyat və döyüş yollarından söz açdılar.

Əsgərov Musa Rövşən oğlu 16 iyun 2000-ci ildə Daşkəsən rayonunun Muşavaq kəndində doğulmuşdur. 

2007-ci ildə Muşavaq kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 

2017-ci ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbi bitirmişdir. 

2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.

Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyə başlamışdır. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir. O, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının azad olunması uğrunda döyüşmüşdür. 

27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində şəhid olmuşdur. 

9 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Əsgərov Musa Rövşən oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.

Bu xəbəri paylaşın: