Qəribədir ki, Buddanın təlimində Tanrının özü belə yoxdu. O heç bir moizəsində Tanrıdan bəhs etmirdi.
Rəvayətə görə bir dəfə səhər tezdən birisi ondan Tanrının olub olmadığını soruşur. Budda sakitcə:
— Tanrı yoxdur, heç vaxt da olmayıb. Belə axmaq fikirləri başından çıxar, deyir.
Günorta bir başqası yaxınlaşıb soruşur:
— Tanrı varmı?
Budda cavab verir:
— Tanrı var, həmişə də olub. Axtar tapacaqsan.
Axşam bir başqası yaxınlaşıb eyni sualı verir. Budda təmkinlə adamdan yanında oturmasını xahiş edir. Hər ikisi gözlərini yumur və susurlar. Bir neçə saatdan sonra o şəxs Buddaya təşəkkür edib gedir.
Şagirdlərindən biri Buddaya yaxınlaşıb heç bir şey anlamadığını bildirir. Onda Budda deyir:
— Birinci şəxs Tanrıya inanırdı. Sadəcə öz inancını təsdiq etdirmək istəyirdi. Ancaq bütün inanclarda səhvlər var. İkinci şəxs Tanrıya inanmırdı. O da öz inancının təsdiqini istəyirdi. Üçüncü şəxs isə Tanrını axtarırdı. O istəyirdi ki, mən ona Tanrını anladım. Mən isə sadəcə ondan yanımda oturmasını xahiş etdim. Və heç bir şey baş vermədi.
Budda Tanrıya inanırdı. Tanrının var olduğunu da hər kəsdən yaxşı bilirdi. Amma o heç kimə Tanrını nişan verib göstərmirdi. Heç kimə də Tanrının adından vədlər vermirdi. O hansısa möcüzə ilə də özünü isbatlamağa cəhd etmirdi. O sadəcə Tanrıya gedən yolu göstərirdi. Kimin bu yolu gedib getməməsi isə şəxsin özündən asılıdı.
Əslində bu prinsip qanunauyğunluqdu. Tanrı hər kəsi faili-muxtar yaratdığı üçün seçmək imkanını da elə insanın özünə vermişdi. İnsanın bütün iztirabları da məhz seçmək imkanlarına sahib olmasından yaranırdı. Amma ədalətli olanda bu idi. Ona görə də Budda heç kimə Tanrını nişan vermir və onun adından yararlanmırdı. Hər kəs Tanrını özü tapmalı və ona qovuşmalıydı. Kamil insan Budda belə anlayırdı.
