AZƏRBAYCAN ADININ MƏNASINI İZAH EDƏN 12 FƏRZİYYƏ

III hissə

As tayfası və toponomik müəmmalar: Rusiyada Şamaxı çayı, Bərdə dağı, Təbriz rayonu.

Azərbaycan toponimilə bağlı oxucuya təqdim etdiyimiz onuncu fərziyyə Azərbaycan tarixçisi, akademik Mahmud İsmayılova (1920–2002) məxsusdur:

  1. “Azərbaycan sözünün az–as hissəsi əski türk etnonimidir. As xalqının adı qədim Orxon–Yenisey yazılarında da təsbit olunmuşdur. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, Asiya qitəsinin də adı bu ərazinin ən qədim sakinləri olmuş asların adı ilə bağlıdır”.

Məlumat üçün qeyd edək ki, tarixdə as adlı bir neçə xalq və tayfa olmuşdur:

Azlar – Orxon-Yenisey abidələrində və digər əski mənbələrdə adı çəkilmiş türk boyudur. VIII əsrin əvvəllərində qədim alan xalqının az tayfası indiki Qazaxıstan və Altay ərazisində yaşamış, türk dilində danışmışdır. Həm qədim alanların, həm də azların türkdilli olduqlarını birmənalı şəkildə sübuta yetirən çox mötəbər bir mənbənin təqdim etdiyi məlumata nəzər salaq:

İslam alimi Əbu Reyhan ibn əl-Biruni (973–1048) “Tahidd nihayət əl-əmakin fi tashih məsafət əl-məsakinu” adlı əsərində yazırdı: “Su daşıb sola döndü, Xarəzm və Curcan arasındakı səhrada yerləşən, bugün Mazdubast adı ilə tanınan çayın mənsəbi boyunca peçeneqlərin ölkəsinədək axdı. Xeyli ərazi uzun müddət su altında qaldı, məhv oldu. Həmin yerlərin sakinləri Xəzər dənizinin sahillərinə köçdülər. Bu, alan və asların bir boyu (tayfası, soyu) idi. İndi onların dili Xarəzm və peçeneq dillərinin qarışığıdır”.

İzah. Hazırda başqırd, Altay, teleut, çeçen və osetin xalqlarının tərkibində müvafiq olaraq assı, yaxud aşa, baylak as, tört as, as və assı adlı tayfa və nəsillər mövcuddur. Həmçinin Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri Ordubadın Aza kəndidir.

Tədqiqat zamanı diqqətimizi çox maraqlı bir fakt da cəlb etdi. Belə ki, Rusiya Federasiyasının Omsk vilayətində Tevriz rayonu, Tevriz qəsəbəsi, Malıy Tevriz kəndi, Tevriz adlı çay vardır.

Xatırladaq ki, Omsk vilayəti qədim türk yurdudur. Bugün də Tevriz rayonu əhalisinin 20–25 faizini tatarlar təşkil edir. Tevriz rayonunun yaşayış məntəqələrindən biri Azı adlı tatar kəndidr. Azı adlı digər kənd Omsk vilayətinin Ust-İşim rayonundadır. Həmçinin Omsk vilayətinin Ust-İşim və Tevriz rayonlarından axan iki çayın adı Azıdır.

Ehtimala görə, Tevriz toponimi Tevriz çayının adından götürülmüşdür. İddia edilir ki, bu hidronim xantı dilindəki “tay” (qara) və “is” (su) sözlərindən yaranmışdır. Zənnimizcə, həmin fikrin ciddi əsası yoxdur. Çünki Omsk vilayətinin sözügedən hissəsində xantı xalqı yaşamır. Həmçinin Tevriz adı ilə “tayis” sözü arasında oxşarlıq tam deyil.

Lakin burada da diqqəti cəlb edən bir detal vardır. Xantı dili fin-uqor dil ailəsinin uqor qrupuna aiddir. Xantılar özlərini As-xoyat və ya As-jah (As adamları) adlandırırlar. Maraqlıdır ki, Qərbi Sibirdə axan və dünyanın ən nəhəng çaylarından biri olan Ob çayının xantı dilindəki adı Asdır.

Tanınmış sovet-rus tarixçisi İqor Dyakonov (1914–1999) və görkəmli Azərbaycan tarixçisi, professor İqrar Əliyev (1924–2004) hesab edirdilər ki, Azərbaycanın Təbriz şəhəri Assuriya hökmdarı II Sarqona (e.ə. 765–705) məxsus kitabədə adı çəkilmiş Tarmakis qalasıdır. Həmin kitabədə yazılmışdır: “(Mannanın) Tarmakis qalasının divarları ikiqat idi. Oradan Fərat çayı qədər geniş kanal axır, onun ətrafı isə qalın meşəliklərin əhatəsindədir. Şəhərdə gözəl binalar vardı. Mən Tarmakisə hücum etdikdə əhali oranı tərk edib çöllərə qaçdı. Bu mahalı ələ keçirdim, hər biri istehkama çevrilmiş yaşayış məntəqələri arasında döyüşə başladım”.

Rusiyanın Omsk vilayətində Tevriz toponimlərinin mövcudluğu göstərir ki, İ.Dyakonov və İ.Əliyev Mannanın Tarmakis şəhərinin yerini düzgün müəyyən edə bilməmişdilər. Görünür ki, Təbriz adının həqiqi mənasını qədim assur və ya qədim pars dilində, yaxud zərdüştilikdə tapmaq mümkün deyil. Həmin toponim as–alan tayfası ilə əlaqəlidir. Bu fikri əsaslandıran çoxlu misal çəkə bilərik. Hələlik onlardan yalnız ikisi ilə kifayətlənirik.

  • Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Nyazepetrovsk rayonunda Şəməxə və ya Şemaxi adlı kənd var. Onun yaxınlığından Şəməxə və ya Şemaxi adlı çay axır. Güman edilir ki, Şəməxə (Şemaxi) adını əvvəlcə çay daşımış, sonra isə həmin ad kəndə verilmişdir. Yazımızın bu yerində oxucunun diqqətini kifayət qədər maraqlı bir məlumata yönəldək:

Şəməxə (Şemaxi) kəndi 1713-cü ildə başqırdların xatay tayfasının qışlaq yerində salınmışdır. Sözügedən xatay tayfasının altı nəslindən biri yalan (alan–alban), digəri isə as və ya aşa adlanır. Amma bənzərlik bununla bitmir, gerisi daha maraqlıdır. Çelyabinsk vilayətindəki Şəməxə (Şemaxi) çayı öz mənsəbini xatayların Bardı adlandırdıqları dağ silsiləsindən götürür. Tatarlar isə Bardı toponimini Barda şəklində tələffüz edirlər. Xatırladaq ki, IV–VII əsrlərdə Qafqaz Albaniyasının (Qafqaz Alaniyasının) paytaxtı olmuş digər qədim şəhərimizin adı Bərdədir.

  • Türkmənistanın Daşoğuz vilayətinin Üstyurt yaylasında Şemaxa-qala, Şirvan-qala, Diyarbekir və Hələb adlı qədim şəhərlərin xarabalıqları, eləcə də Şirvan adlı kənd vardır. Tədqiqat prosesində belə bir nəticəyə gəldik ki, bu bənzərlik də təsadüfi deyildir. Belə ki, Daşoğuz vilayətinin Üstyurt yaylasında yaşayan qaradaşlı türkmən tayfasının əski adı yazır olmuşdur. Yazır isə bildiyimiz kimi, oğuz elinin 24 əsas boyundan biri idi. Nüfuzlu sovet arxeoloqu və tarixçisi Sergey Tolstov (1907–1976) oğuz elinin yazır boyunu alan xalqının as tayfası ilə eyniləşdirmişdir. Yazımızın VIII hissəsində bu haqda daha ətraflı məlumat verəcəyik. IV–VII hissələr isə Hələb şəhərinin adına həsr ediləcək.

Roma imperiyasının indiki Şimali Makedoniya ərazisində yerləşmiş şəhərlərindən birinin adı Tauresium idi. Ostroqot kralı Theodahad (480–536) və Şərqi Roma imperatoru Yustinian (482–565) bu şəhərdə anadan olmuşdular. Şimali Makedoniya və Yunanıstanın ən böyük çaylarından birini makedoniyalılar (slavyanlar) Vardar, yunanlar Aksios, yerli albanlar isə Asi adlandırırlar. E.ə. IV əsrdə Yaxın Şərqi istila etmiş makedoniyalılar (qədim yunanlar) müasir Suriya, Livan və Türkiyə torpaqlarından axan nəhəng Oront çayının da adını Aksios qoymuşdular. Maraqlıdır ki, ərəblər də həmin çaya Asi deyirlər.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: