Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir:
- ailə başçısını itirməyə görə əmək pensiyası təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir.
- Azərbaycan Respublikası Prezidentinin təqaüdü təminatı (“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il 493 nömrəli Fərmanına uyğun tənzimlənir).
- işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işəgötürən tərəfindən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işdə saxlanmaqda onlara üstünlük verilir.
- həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilir.
- dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar.
- tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər.
- özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəsissələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir.
- sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramına və peşə kurslarına cəlb edilməsi zamanı üstünlük verilir.
- Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
- Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.
- Şəhid ailəsi üzvləri tibb müəssisələrinin göndərişi ilə ölkə daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər.
